CƏMİL HƏSƏNLİ gəncləri aşağıladı, CAVABINI ALDI

MŞ sədri siyasətçiyə yaraşmayan davranış sərgiləməkdə suçlandı; Tural Abbaslı: “Ondan və onun liderindən müxalifət lisenziyası almaq fikrimiz yoxdur”

Milli Şura sədri Cəmil Həsənli sosial şəbəkədə canlı yayımda danışarkən əsasən gənclərdən ibarət olan AĞ Partiyanı aşağılayıb. Fəallar onun bu davranışının siyasətçiyə yaraşmayan tərz olduğunu bildirirlər.

Onun özünü Azərbaycan müxalifətinin “Dədə Qorqudu” kimi təqdim edərək, səsləndirdiyi fikirlər ciddi narazılıq doğurub. AĞ Partiya gəncləri MŞ sədrinə sərt cavablar veriblər. Yazılan statuslarda C.Həsənlinin 2005-ci ildə deputat mandatına görə sədr müavini olduğu AXCP-ni “satması”, eləcə də, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs edilərkən onun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri olması gündəmə gətirilib. Bundan əlavə, deputat olduğu dönəmlərdə Milli Məclisdə hakimiyyəti mədh edən çıxışlarının kadrları paylaşılıb, yazdığı elmi kitablarda iqtidar təmsilçilərini mədh etməsi xatırladılıb.

MŞ sədrinin jurnalistin Azərbaycan müxalifətinin bəlli kəsiminin gələn ay keçiriləcək prezident seçkilərində iştirak etdiyi barədə sualına cavab isə daha çox etiraz doğurub. Sitat: “Kimdir o partiyalar ki, müxalifətdədirlər və seçkilərə də qatılırlar?

AĞ Partiya nə zamandan müxalifət partiyası olub? Hansı parametrlərinə görə siz müəyyən edirsiniz ki, bu partiya müxalifətdir? Onların özləri çox şeyə deyə bilər. Bu gün müxalifətin bəlli bir dairəsi var, bu dairə seçkiləri boykot edib. Azərbaycan müxalifəti deyəndə də bu dairə nəzərdə tutulur. AĞ Partiyadır, sarı partiyadır yaxud qırmızı partiyadır nədir, bunların seçkiyə getməyi heç nəyi dəyişmir. Bu partiyanı Biləcəridən o tərəfə kim tanıyır?”

AĞ partiya tərəfdarları isə ona verdikləri cavabda C.Həsənlinin davranışının özünü ziyalı, siyasətçi sayan şəxsə yaraşmadığını bildiriblər. Qeyd ediblər ki, AXCP sədri Əli Kərimlinin ruporuna çevrilən C.Həsənli 2013-cü ilin prezident seçkilərində bu gün AĞ Partiyada cəmləşən gənclərin sona qədər onun yanında olduqlarını, onun seçki təbliğatında əllərindən gələni etdiklərini unudub. C.Həsənli ittihamlara cavab vermək əvəzinə, ona suallar verən, tənqid edən gəncləri ya bloklayır, ya da dostluqdan çıxarır. Bununla işini bitmiş hesab edir.

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında C.Həsənlinin dediklərinə sərt cavab verdi: “Bir siyasətçi bu tərzdə çıxış edə bilməz. Nə Cəmil Həsənlidən, nə də onun liderindən ”müxalifət lisenziyası" almaq fikrində deyilik. Belə bir öhdəliyimiz də yoxdur. Bu səlahiyyəti onlara heç kim verməyib. Onu qınamıram, çünki ətrafındakılar onu elə atmosferə salıblar ki, özünü tamam itirib, Azərbaycanın Nelson Mandelası olduğunu düşünür. Cəmil müəllimdən soruşmaq lazımdır ki, neçə ildir siyasətdədir və siyasətə necə gəlib? Ümumiyyətlə, siyasət nədir bilirmi? Yaxud mitinqlərin, seçkilərin nə olduğundan anlayışı varmı? Mitinqi bir kənara qoyuram, bir piket belə təşkil edibmi, bir strukturda təmsil olunubmu? Bunları etsin, ondan sonra gəlsin bizə ağıl öyrətsin. Bizə xalqın təsdiqi lazımdır ki, o istiqamətdə də işləyirik. O, intellektinin, məntiqinin olmadığını göstərir. Guya ki, bizə sarı, qırmızı və ya digər rənglər deyəndə nəyimiz dəyişir? Cəmil Həsənli və onun ətrafı bununla bir şeyi göstərirlər ki, Milli Şuraya “milli şuriklər” deyən hakimiyyət təmsilçiləri ilə AĞ Partiyaya qırmızı deyən Cəmil Həsənli təfəkkürü arasında heç bir fərq yoxdur.

Tural Abbaslı ile ilgili görsel sonucu

Cəmil bəy tarixçi, hakimiyyət mümayəndələri ilə birlikdə kitab yaza, partiyasından qovulmaq bahasına olsa belə, parlamentdə otura, dünənə qədər hakimiyyətin əsas ruporlarından biri ilə yanaşı oturub özünü müxalifət saya bilər. Bütün bunlar ona əsas vermir ki, o siyasətçidir. Təəssüf edirəm ki, bu gün Azərbaycan siyasəti onun kimilərinin əlində qalıb. Bizi tanınmadığımızı deyir. 36 yaşım var və bunun yarısı siyasətdə keçib. Onun 16 ilini Cəmil Həsənli və onun kimilərini tanıtmaqla keçirmişəm. Ona görə özümüzü tanıtmağa vaxtımız olmayıb. Artıq bir ildən artıqdır öz partiyamızı qurmuşuq və kifayət qədər tanınırıq. Bizi Biləcəridən o tərəfə tanımırlar deyir, Biləcəri də bizimdir. Qoy bizi Biləcəriyə qədər tanısınlar. Tanınmaq kimi bir problemimiz yoxdur. Cəmil Həsənli qoy Röya, Elza Seyidcahanla yarışsın, görək hansı daha çox tanınır. Əgər siyasətçi olmaq tanınmaqla ölçülürsə, o zaman Əli Mirəliyev Cəmil Həsənlidən beş dəfə, Röya 10 dəfə məşhurdur. Cəmil bəy siyasi savadının, etikasının nə yerdə olduğunu bununla göstərdi. Bizim beynəlxalq aləmdə tanınmadığımızı demək istəyirsə, o zaman xatırladım ki, bu gün AĞ Partiyanın rəhbərliyində təmsil olunan 4 nəfər Cəmil Həsənlinin qürur duyduğu o beynəlxalq təşkilatlar tərəfindən hələ 2011-ci ildə vicdan məhbusu elan olunmuş şəxslərdir. Bizim adımız beynəlxalq hesabatlarda müxalif fəallar kimi gedəndə Cəmil Həsənli parlamentdə oturub, təhsillə bağlı hakimiyyət nümayəndələrinə tərif oxuyurdu, xalqın vəsaitlərini talayan Fərhad Əliyevin hüquqlarını qoruyurdu. O sabiq naziri beynəlxalq aləmdə tanıdanda bizlər həyatımızı riskə ataraq, meydanlarda, məhbəslərdə mübarizə aparırdıq. Yaxın zamanlarda Cəmil bəy və onun təfəkküründə olanlar görəcəklər ki, biz nə qədər tanınırıq".






Fikirlər