“FƏRHAD ƏLİYEVİN ANASINA SALAM VERMƏK ÜÇÜN…” – Cəmil Həsənlidən Mirşahinə
Milli Şuranın sədri, professor Cəmil Həsənli Mirşahin Ağayevin sonuncu “Hesabat” proqramında onun adını hallandırmasına sərt reaksiya verib.
Mirşahin öz şərhində bildirib ki, Cəmil Həsənli Beynəlxalq Banka külli miqdarda kredit borcu olduğuna görə “Bandotdel”in saxladığı iş adamlarının hüquqlarını müdafiə komitəsi yaradıb. AzPolitika.info-nun məlumatına görə, Cəmil Həsənli bu informasiyanı sərt dillə yalanlayıb və Mirşahinə yaxın tariximizdən bir epizodu xatırladıb. O, özünün Feysbuk statusunda yazıb:
“Dəyərli dostlar, hakimiyyətə bütün vasitələrlə yarınmağı özünə peşə seçmiş Mirşahin Ağayev ANS-in bu axşamkı proqramında mənim haqqımda daha bir yalanı tirajladı. İş adamları ilə “Bandotdel”də hesab çəkilməsinin əleyhinə olan mənim face statusuma istinad edərək bəyan etdi ki, guya mən həbs edilən iş adamlarının müdafiə komitəsi yaratmışam. Yazı mənim səhifəmdə aşağıdadır və bir daha onu təkrar oxuya bilərsiniz, əgər orada həbs olunmuş iş adamları ilə bağlı mənim müdafiə komitəsi yaratmaq fikrində olduğuma dair bir şeyə rast gəlsəniz, onu ANS-ə göndərə bilərsiniz ki, Mirşahinin iddiası daha da tutanaklı olsun.
Əgər Mirşahin iş adamları, Beynəlxalq Bankdan kredit almış biznes dairələri ilə məhkəmələrdə sivil qaydada, hüquq çərçivəsində araşdırma aparılmasını deyil, “Bandotdel”də haqq-hesab çəkilməsini təqdir edirsə, bu onun öz peşə borcuna sədaqətinin aydın ifadəsidir. Mən hal-hazırda vicdan məhbusları və siyasi məhbusların müdafiə komitəsinin həmsədriyəm və bunu vətəndaşlıq borcum hesab edirəm. Bundan əvvəl isə hamının yaxşı tanıdığı Fərhad və Rafiq Əliyevlərin hüquqlarını müdafiə komitəsinə rəhbərlik etmişəm. O Rafiq Əliyevin ki, Mirşahin bir vaxtlar Perimbelə (Doğilduğu kəndə-red) gedəndə də, Perimbeldən dönəndə də Alarda (Fərhad Əliyevin doğulduğu kənd-red) maşınını saxlayıb onun anasına salam verməyi (ən yüngül formada desək) həyatının xoşbəxt anları hesab edirdi.” Vaqif NƏSİBOV