17.01.2014. - "Yeni Müsavat" - Cəmil Həsənli qovğası başladı
Cəmil Həsənlinin "Yeni Müsavat" qəzeti haqda dedikləri ilə bağlı qəzetin baş redaktoru rauf Arifoğlunun fikirlərini öyrəndik.
R.Arifoğlu açıqlamasında bunları dedi: “Biz heç yerə partlayıcı maddə yerləşdirməmişik, heç yeri bombalamamışıq. Hər zamankı kimi, yazmaq və xəbər verməklə məşğuluq. Müəyyən zaman kəsimində yazdıqlarımız Cəmil Həsənlinin xoşuna gələ bilər, müəyyən zaman kəsimində isə gəlməyə bilər. Bu cür münasibət sərgiləməsi demokratik deyil... Cəmil Həsənli bu situasiyada özünü AXCP funksioneri kimi aparıb, tərəf tutub, liderə və mandatına yaraşmayan açıqlama verib. Mən ona hələ münaqişələr dərinləşmədən xahiş etmişdim ki, bu konfliktləri durdursun. Lakin o, ağsaqqallıq edib, qabağa düşüb, barış yaratmaq əvəzinə müxalifətdaxili münaqişədə konkret bir partiyanın mövqeyini dəstəklədi. Bununla da Müsavat Partiyasını, Milli Şuradan ayrılan hər bir kəsi haqlı çıxartdı. Konkret olaraq, Milli Şuradan ayrılan iki şəxsin xəbərinin bizdə getməsinə görə “Yeni Müsavat”ı ittiham etməsi də doğru deyil. Ölkənin əsas informasiya portalına məlumat vermək nə zamandan qəbahət olub? Bir də, necə olur ki, Müsavat Partiyasından istefa verənlər haqqında bu təşkilatın rəhbərliyi məlumatı “Azadlıq” qəzetindən alır; lakin Milli Şuradan istefa verənlərin məlumatı “Yeni Müsavat”da gedəndə, bu dağıdıcılıq olur. Eksklüziv və operativ xəbər yaymaq nə zamandan dağıdıcılıq olub? Əsas budu ki, bu xəbər doğrudur, yoxsa yalan. Əgər istefa faktları varsa və bu xəbər doğrudursa, daha bunun nəyi dağıdıcılıq oldu?”
Baş redaktor bildirdi ki, Cəmil Həsənlinin bu açıqlaması onun uğrunda yağışda-arda əziyyət çəkmiş reportyorları, həyatlarını riskə qoyaraq, hətta prezidenti təhqir və təhdid edən video-açıqlamalarını, müsahibə və çıxışlarını yayan bütün qəzet kollektivini dərindən yaralayıb: “Buna baxmayaraq haqqımızı ona halal edirik. Cəmil bəy əslində yaxşı kişidir. Təəssüf ki, Müsavatın qərargahından AXCP-nin qərargahına köçəndən sonra gündəlik zərərli təsirlərə məruz qaldı və hu da yekunda özünü göstərdi. Cəmil Həsənlinin üstümüzdə heç bir haqqı yoxdur. Nə etmişiksə, birtərəfli və təmənnasız olaraq biz ona etmişik. Bu baxımdan, Allah qatında da heç bir narahatçılığımız yoxdur".
Rauf Arifoğlu qeyd etdi ki, bu müsahibədən sonra oradakı fikirlərə cavab vermək üçün Cəmil bəyə telefon açıb: “Lakin zənglərimə cavab vermədi. Özünü haqlı bilsəydi, danışardı. Onun bu qəzet üzərində bu sözləri söyləmək üçün heç bir əsası yozdur. Gərək korrekt olaydı”.
İlkin Muradov