Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Almaniyada müalicəsi davam edir.
Müsavat Partiyasının başqanı Arif Hacılı "Report”a açıqlamasında deyib ki, yaxın vaxtlarda İsa Qəmbərin müalicəsi başa çatacaq.
A.Hacılı İ.Qəmbərlə bir neçə dəfə telefonla danışdığını qeyd edərək bildirib ki, partiyanın sabiq başqanı özünü yaxşı hiss edir: "Düşünürük ki, İsa Qəmbər müalicəsini bitirdikdən sonra orada bir müddət istirahət etsin. Amma bütün hallarda Azərbaycana nə zaman dönəcəyi ilə bağlı qərarı özü qəbul edəcək”.
Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Orada İ.Qəmbərin ürəyinə stentlər qoyulub. O, fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə İ.Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki "Hacettepe” xəstəxanasına yerləşdirilib. O, "Hacettepe” xəstəxanasından martın 14-də buraxılıb və Bakıya qayıdıb. İ.Qəmbər müalicəsini davam etdirmək üçün aprelin 4-də Almaniyaya gedib.