"Jirinovski DOVŞANA dönmüşdü"

 "Jirinovski dovşana dönmüşdü"

"Dünən "Rossiya 1" telekanalında "Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırdı.

Bunu anladıq, Baqdasarov ermənidir və "Qarabağ Azərbaycanındır" deyəni hədəf götürməlidir. Anlamadığım və qəbul etmədiyim aşağıdakılardır".

AzerTaym.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.

O bildirib: "Birincisi, Cocuq Mərcanlıya səfər edən rusiyalı deputat Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyasının üzvüdür. Jirinovski proqramda deputatını müdafə etməkdənsə, Baqdasarovun "məhv edilməlidir" sərsəmləməsinə "razıyam" cavabını verdi. Ayrı vaxt Jirinovski nərildəyir, Baqdasaryanın qarşısında isə dovşana dönmüşdü.

İkincisi, proqramın aparıcısı deputatı ölümə səsləyən ekspertini qanuna hörmət etməsini tələb etmək əvəzinə Baqdasarova dəstək verərək dedi ki, "necə olub ki, rusiyalı deputat Ermənistanı deyil, Azərbaycanı Rusiyanın müttəfiqi adlandırıb."

Üçüncüsü, sözüm Jininovski ilə Solovyovu ayrı-ayrı vaxtlarda Bakıya gətizdirib onları Azərbaycan prezident ilə görüşdürən şəxsə və ya qrupadır: Əgər Jirinovski və Solovyov əvvəlkitək Dağlıq Qarabağın işğalını və Ermənistanı dəstəkləyirlərsə, onların Bakıya gəlişlərindən və prezidentlə görüşlərindən nə fayda əldə etdik?

Dördüncüsü, Cocuq Mərcanlıya gəlib "Dağlıq Qarabağ Azərbaycanındır" deyən rusiyalı deputat Dmitri Savelyevi də anlamadım. APA agentliyinin Moskvadakı əməkdaşı Fərid Əkbərov proqramda səslənən ölüm ittihamıyla bağlı Savelyevin reaksiyasını soruşub, verdiyi cavaba baxın: "Belə sayıqlamaları şərh etməyi gərəksiz hesab edirəm". Sənə qarşı ittihamı bir nəfər səsləndirməyib, partiya liderin də erməni ekspertə dəstək verib. Halbuki, Savelyev APA-nın sualına cavab olaraq deməliydi ki, "mən öz fikrimdə qalıram, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir". Bu ifadəni Azərbaycanda demək böyük qoçaqlıq tələb etmir, əsl qoçaqlıq bu ifadəni Moskvada, o cümlədən Dövlət Dumasının tribunasında və koridorlarında təkrarlamaqdır".






Fikirlər