PUTİN İRANI TRAMPA PEŞKƏŞ EDƏCƏKMİ?

“Entexab” qəzeti (İran)

 

Bu gün Helsinkidə, Finlandiya paytaxtında Donald Tramp və Vladimir Putin görüşəcək və sammit ərəfəsində beynəlxalq media müzakirələr ətrafında müxtəlif ehtimallar irəli sürür. Lakin Birləşmiş Ştatlarının prezidenti bir gün əvvəl “CBS” şəbəkəsinə verdiyi müsahibədə deyib ki, “belə görüşlərin faydalı olacağına inansam da, bu zirvədən yüksək gözləntilərim yoxdur”.

Eyni zamanda, Almaniyanın xarici işlər naziri Heyko Moss “Bild om-Zuntaq” qəzetinə verdiyi müsahibədə ABŞ rəhbərinin rusiyalı vəzifədaşı ilə birtərəfli razılaşmamalı olduğunu söyləyib. “ABŞ-ın avropalı müttəfiqləri adından birtərəfli sazişlərə nail olması Birləşmiş Ştatların özünə zərbə vurur. Şəriklərinə zərər vermək istəyən hər kəs zərərdə qalacaq”.

 

Putin və Tramp arasındakı görüşdə hansı mövzular müzakirə ediləcək?

 

Rusiyanın Beynəlxalq Əlaqələr Şurasının proqram direktoru İvan Timofeyevin sözlərinə görə, Moskva və Vaşinqton arasındakı əlaqələri daha da ağırlaşdıran məsələlər zirvə görüşündə bir daha qaldırılacaq; Ukrayna isə, adətən, razılaşma əldə etmək üçün ən acınacaqlı və çətin bir məsələ olaraq qalır.

Rusiya ilə ABŞ arasındakı danışıqlar uzun müddətdən bəri dalana dirənib və Şərqi Ukraynadakı münaqişə zaman-zaman gərginləşir. Bununla yanaşı, Moskvanın fikrincə, Krım məsələsi müzakirə mövzusu ola bilməz, çünki Qara dəniz sahilində yaşayan insanlar Rusiyaya birləşməni dəstəkləyir və Krımın bu ölkə ərazisinin bir hissəsi olduğuna əmindirlər.

Hər iki tərəf Şərqi Ukrayna böhranının həlli ilə bağlı Minsk müqaviləsini həyata keçirmək istədiklərini açıqlayıb. Moskva həmin razılaşmaların bu şərtlə həyata keçirilməsini tələb edir ki, rəsmi Kiyev bütün tələbləri yerinə yetirsin və Qərbin Rusiya əleyhinə sanksiyaları ləğv olunsun.

Onun şərtlərini qəbul etməyən Ukrayna ilə yanaşı, Rusiyanın müdaxilə etdiyi Suriya da ABŞ üçün vacib məsələdir. Putin və Tramp Suriya ilə sərhəddə, Colan Təpələrində və İordaniya ilə həmsərhəd Cənubi Suriyada hərbisizləşmə ilə bağlı keçdiyimiz günlərdə müəyyən razılığa gəlib.

Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunovun sözlərinə görə, bu gün Suriya ordusu bu sahədə fəal əməliyyatlar keçirir və Rusiya tərəfi bu ərazilərdə Bəşər Əsəd hökumətinin nəzarətinin bərpa olunmasına dair Trampla tam razılaşmağa ümid edir. Kortunov əlavə edib: “KİV-də İsrailin tələbi ilə Suriyanın cənubundakı İran qüvvələrinin 80 kilometrlik məsafəyə uzaqlaşdırılması barədə danışıqlar aparıldığı barədə məlumatlar dolaşıb. Putin və Tramp görüşündən bir neçə gün əvvəl İsrail baş naziri Benyamin Netanyahu Moskvaya səfər edərək, bu mövzuda danışıqlar aparıb və prezidentlərin görüşündən qabaq, sammitə hazırlıq kimi, bu məsələ ətrafında fikir mübadiləsi aparılıb”.

Kortunov əlavə edib: “Netanyahu İsrailin tələbinin İranın yalnız Colan Təpələrindən deyil, bütün Suriyadan çıxarılmasından ibarət olduğunu söyləyir. Kremlə dönə-dönə deyilən bu sözlər qulaqardına vurulur. Çünki İran rəhbərliyinin həmin məsələyə dair öz rəyi var”. Rusiyalı analitikin fikrincə, Kreml həqiqətən də, hazırda vasitəçi kimi çıxış edir və İranın yoxluğu şəraitində Suriyanın cənub ərazisinin “təmizlənmə”sində Şam ordusuna kömək edir.

Beynəlxalq Əlaqələr Şurasının baş direktorunun fikrincə, razılaşmanın konturları indidən görünsə belə, sammitin yekun sənədi hər iki tərəfin öz niyyətlərini həyata keçirmək üçün istifadə edilə bilər.

 

Putin İranı satırmı?

Eyni zamanda, “əl-Cəzirə” xəbər şəbəkəsi ABŞ və Rusiya prezidentlərinin görüşündən əvvəl sammit mövzusuna toxunub.

Helsinkidə Tramp və Putinlə görüşdən qısa bir müddət əvvəl Rusiyanın rəsmi nümayəndəsi “Bloomberg”-lə söhbətində vurğulayıb ki, İranın Suriyadakı rolu görüşdə müzakirə olunan məsələlərin ilki olacaq. Bunu Con Bolton da dilə gətirib. Trampın “CBS”-yə müsahibəsində də önümüzdəki günlərdə nə baş verəcəyini görürük.

İranın Suriyadan çıxarılmasına dair danışıqları yüksək səviyyəli bir ABŞ rəsmisi də təsdiqləyib. Onun sözlərinə görə, ABŞ hökuməti Putini İranla əməkdaşlığını dayandırmağa razı salmağa ümid edir və Tramp-Putinin zirvəsindən əvvəl İran nümayəndəsinin Moskvaya səfəri də bununla bağlı olub.

İran mühafizəkarları Rusiya ilə koalisiyanı ABŞ-ın nüfuzuna qarşı mübarizə üçün vacib hesab edir, amma islahatçılar ruslara qarşı çıxır və Qərbə yaxınlaşmağa güclü meyl göstərirlər. Mühafizəkar əleyhdarlarının fikrincə, Moskva neft istehsalını artırmaq üçün Riyadla əlbirdir və bu, Birləşmiş Ştatların İran əleyhinə sanksiyalarına yaşıl işıq yandırmaq mənası verir.

Bununla yanaşı, Lavrov İranı regionun əsas güc mərkəzlərindən biri hesab edir və onun Livan, İraq və Suriyada təsir gücünü vurğulayır. Lavrov Moskvanın Suriyada Tehranla əməkdaşlıq etməyəcəyini qeyri-realist yanaşma sayır. Başqa sözlə, Suriyadakı vəziyyəti və geosiyasi tarazlığı nəzərə alaraq, Rusiya İranı Suriyadan çıxmağa məcbur edə bilməz. Hətta müharibə bitdikdən sonra belə.

Helsinki sammitində İrandan imtina müqabilində Tramp Putinə nə təklif edə bilər?

Səudiyyə Ərəbistanı Trampa İranı neft vasitəsilə sıxlaşdırmağa kömək etmək məcburiyyətindədir, lakin bu növ Səudiyyə səyləri rusların istəyinə uyğun deyil.

Trampın Putinə təklif edəsi çox az şeyi var və Putinin Trampla oynadığı oyunun mürəkkəbliyindən asılı olmayaraq, Rusiya prezidentinin, öz planlarının bir hissəsi kimi, İranı satması ehtimalı görünmür.

Tərcümə: Strateq.az

 

 






Fikirlər