“QARABAĞA AZADLIQ!” tələbi ilə DAVAMLI MİTİNQ qərarı verilib - Fotolar

“Qarabağa azadlıq!” tələbi ilə davamlı mitinq qərarı verilib

Qarabağ Azadlıq Təşkilatının (QAT) mərkəzi ofisində Qarabağın azadlığı tələbi ilə keçiriləcək etiraz aksiyaları ilə bağlı yaradılmış Mitinq Komitəsinin növbəti iclası keçirilib. 

Reyting.az
-ın məlumatına görə, bir sıra vacib qərarların verildiyi iclasda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın başqanı Tural Abbaslı, Libera-Demokrat Partiyasının sədri Fuad Əliyev, ictimai xadim Əvəz Zeynallı, Qarabağ döyüşçüsü Vaqif Əlisoy, Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı, İslam Partiyasının sədr müavini Akif Heydərli, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Felmar Ələkbərov, Klassik Xalq Cəbhəsi Partiyasının, Milli Demokrat Partiyasının təmsilçiləri və digərləri iştirak ediblər. 


Məlumata görə, iclas iştirakçıları hakimiyyət və beynəlxalq təşkilatların qarşısında Qarabağa azadlıq tələbinin daim gündəmdə saxlanılması, 21 iyul Qarabağ mitinqi, təşkilatlanmanın yolları və digər məsələləri müzakirə edərək qərar qəbul ediblər. 

Qərarda göstərilir:

1. 21 iyul Qarabağ mitinqinə hakimiyyət tərəfindən icazə verilməməsi qətiyyətlə pislənilsin, hakimiyyətin bu mövqeyi Qarabağın azadlığına biganəlik kimi dəyərləndirilsin və hakimiyyətdən bu xalqazidd praktikaya son qoyması tələb edilsin.

2. Ölkədə ictimai-siyasi şəraitin və krimonogen vəziyyətin gərginliyi, Gəncə hadisələri ilə bağlı hələ də qalmaqda olan təhlükələri, dövlət maraqlarının üstünlüyünü nəzərə alaraq, 21 iyul tarixinə təyin edilmiş Qarabağ mitinqinə icazə verilməməsi bir daha pislənilməklə, həmin mitinqin razılaşdırılmamış şəkildə keçirilməsi məqsədəuyğun hesab edilməsin.

3. 
Qarabağın azadlığı tələbinin daim, davamlı, fasiləsiz gündəmdə saxlanılması məqsədilə mitinq və digər tədbirlərin fasiləsiz olaraq keçirilməsi məqsədəuyğun hesab edilsin və avqust ayında Qarabağ mitinqinin keçirilməsi üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunsun.


4. 21 iyul Qarabağ mitinqinin keçirilməsi nəzərdə tutulan tarixdə, yəni 2018-ci il iyulun 21-də, saat 15:00-da partiyalardan birinin qərargahında Mitinq Komitəsinə daxil olan partiya, ictimai təşkilat, Qarabağ döyüşçüləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qarabağ mitinqinə icazə verilməməsi və Qarabağın azadlığı naminə başlanan yeni ümumi hərəkat və tədbirlərlə bağlı məlumatın verilməsi üçün geniş toplantı keçirilsin.

5. 21 iyul Qarabağ mitinqinin keçirilməsi üçün yaradılan Mitinq Komitəsi daimi fəaliyyət göstərən quruma çevrilsin.

QAT sədri, Mitinq Komitəsinin üzvü Akif Nağı mətbuat üçün açıqlamasında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna görə müraciətə mitinqin təyin olunduğu tarixə ən az 3 gün qalmış cavab verməli idi: “Bu gün həmin vaxt bitib. Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanovla telefon əlaqəsi saxladıq, bizə heç bir cavabın olmadığını bildirdi. Biz bunu qanunlara hörmətsizlik kimi dəyərləndirir və məhkəməyə müraciət edəcəyimizi bildiririk”.

“Qarabağa azadlıq!” tələbi ilə davamlı mitinq qərarı verilib
“Qarabağa azadlıq!” tələbi ilə davamlı mitinq qərarı verilib
“Qarabağa azadlıq!” tələbi ilə davamlı mitinq qərarı verilib

 






Fikirlər