12 MAY QARABAĞ mitinqi: Akif Nağı MERİYADAN NARAZIDIR...

QAT sədri: “Axı nə deyib aksiyaya icazə verməyəcəklər?”

Xəbər verildiyi kimi, Qarabağ Azadlıq Təşkilatı, həmçinin bir sıra ictimai xadimlər, Qarabağ döyüşçüləri Qarabağ mitinqi keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib. QAT mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, müraciətdə mitinqin mayın 12-də “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçirilməsinə şərait yaradılması meriyadan istənilir.

Mitinqdə “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Ya Qarabağı azad et, ya kənara çəkil!”, “Qarabağda azadlıq müharibəsinin başlanmasını tələb edirik!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarların səsləndiriləcəyi bildirilib.

Mitinqə hazırlıq gedirmi? Hansı işlər aparılır? Mitinq keçiriləcəyi halda qatılım səviyyəsi necə ola bilər?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, mitinqə bütün istiqamətlərdə hazırlıq davam edir. Sosial şəbəkələrdə, canlı yayımlarda geniş təbliğat aparılır. Təşkilat komitəsinin üzvləri Camal Əhmədov, Vaqif Əlisoy və digər döyüşçülər köşkünlərlə mütəmadi görüşlər keçirir. Mitinqə ciddi maraq var: “Hər yerdən dəstək xəbərləri gəlir. Avropa və Amerikadan həmin gün mitinqin tələblərinə dəstəklə bağlı aksiyalar keçirmək istədiklərini bildiriblər. Hakimiyyətin mitinqə icazə verəcəyinə ümidlərimiz çoxdu. Bir də axı nə deyib verməyəcəklər? Mitinqə icazə verilməməsi Qarabağın taleyinə biganə yanaşıldığı fikrini cəmiyyətdə yarada bilər. Məncə, icazə verməlidirlər və məcburi köçkünlərə, qaçqınlara mane olmamalıdırlar ki, gəlib mitinqdə sərbəst iştirak etsinlər. Mitinqin tələbində hakimiyyətə qarşı heç nə yoxdur. Biz tələb edirik ki, Qarabağı azad edin, qayıdaq öz yurdumuza. Burda hakimiyyət nədən çəkinməlidir? Əksinə, bütün ədalətsiz dünyaya çatdırmalıdır ki, xalq Qarabağı tələb edir”.

Akif Nağı ile ilgili görsel sonucu

A.Nağı qeyd etdi ki, mitinqə qatılacaq adamların sayı ilə bağlı diskussiyalara, bu məsələyə qapanmağa ehtiyac yoxdur:“Çünki bu mitinq məqsəd deyil, məqsədimizə, yəni Qarabağın azadlığına nail olmaq üçün vasitələrdən biridir. Adamlar Qarabağ mitinqinə məncə kifayət qədər çox gələcək, amma az gələcəklərsə, onu da faciəyə çevirməyə ehtiyac yoxdur. Bu mitinq bütün Qarabağsevərlərin mitinqidir. Amma qaçqınlar daha fəal iştirak etməlidirlər. Biz belə hesab edirik ki, Qarabağ hər bir azərbaycanlının yurdudur, ona görə də ”yurdumuza qayıdaq" deyəndə hər bir azərbaycanlının ora qayıtmasını nəzərdə tuturuq".

Mitinqdə siyasi təşkilatların iştirak etməsi məsələsinə gəldikdə, QAT sədri dedi ki, siyasi və digər qüvvələrə mitinqlə bağlı ümumi müraciəti mətbuat vasitəsilə ediblər: “Bir daha müraciət edirik ki, mitinqdə iştirak etsinlər. Bu, ümummilli bir məsələdir, burda hamı dəvətli-dəvətsiz iştirak etməlidir. Xüsusi bir dəvətə ehtiyac yoxdur. Biz Bakı Şəhər İcra Hakimiyyətini qınayırıq ki, Qarabağ mitinqi ilə bağlı müraciətimizə bu günə qədər nə üçün icazə verməyib. Eyni zamanda bütün partiyalardan soruşuruq: nə üçün bu günə qədər mitinqlə bağlı aydın bir mövqe ortaya qoymurlar. Partiyaların rəhbərliyi nə üçün demirlər ki, bütün üzvləri ilə birlikdə mitinqə gələcəklər? Axı bu, Akif Nağının, Camal Əhmədovun mitinqi deyil, hamının mitinqidir”.






Fikirlər