Davakar TRAMP, tənbəl PUTİN, müəllimini sevən Makron... – Prezidentlərin MƏKTƏB İLLƏRİ

Siyasi mənsubiyyətindən, cəmiyyətdə tutduğu mövqedən, maddi durumundan, bir sözlə, kimliyindən asılı olmayaraq məktəb illəri hər kəsin həyatında ən yadda qalan illərdir.

Hətta siyasi meydanlarda gərginlik yaşayan liderlər də məktəb illərindən söhbət düşəndə həmin illəri təbəssümlə, xoş təəssüratlarla xatırlayırlar.

Maraqlıdır, siyasi birincilər məktəb də birinci ola biliblərmi? Təhsilləri, davranışları, dərsə davamiyyətləri necə olub?

ABŞ prezidenti Donald Tramp məktəb illərində olduqca nadinc, narahat, müəllimləri ilə yola getməyən və davakar olub. Müəllimləri tez-tez gələcək prezidentin atasına zəng edərək şikayətlərini bildiriblər. Nəhayət, belə zənglərin birində və sonuncusunda atası telefonda şikayətlənən müəllimi səbrlə dinlədikdən sonra heç bir cavab vermədən dəstəyi yerə asıb və oğlunun otağına keçib:

- Oğlum, sən sabahdan məktəbə getməyəcəksən.

Bu sözləri eşidən Donaldın sevincinin həddi-hüdudu olmayıb. Ancaq atası ona sevinməməyi məsləhət görüb:
- Əşyalarını yığışdırmağa sənin bir saat vaxtın var. Sən sabahdan hərbi məktəbdə oxuyacaqsan.

Beləliklə, valideynlər qərara gəliblər ki, daha ciddi təhsil müəssisəsi olan hərbi məktəbdə balaca Donaldın tərbiyəsi düzələcək və onlar məktəb müəllimlərinin şikayətlərindən yaxa qurtaracaqlar.

13 yaşından hərbi məktəbdə təhsil alan Donald Tramp sonralar atasına, məhz bu yolu seçdiyinə və qərarında qətiyyətli olduğuna görə minnətdarlıq edib.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilk səkizillik təhsilini Leninqradda 193 saylı məktəbdə alıb. Gələcəyin prezidenti məktəb illərində hər gün dərsə gecikməyi ilə yadda qalıb. Hətta tənbəlliyi ucbatından qış aylarında məktəbə gecikən Putin tələskənlikdən isti paltarlarını da əməlli-başlı geyinməyə imkan tapmayıb. Prezident bunu özü də dəfələrlə etiraf edib. Tənbəlliyi ilə yanaşı balaca Putin həm də dalaşqan, hətta bir neçə nəfərlə eyni vaxtda dalaşmaqdan da qorxmayıb. Ona məktəbdə “xuliqan” da deyiblər. Elə məhz bunun nəticəsidir ki, o, digər şagirdlər kimi “pioner” sıralarına 3-4-cü siniflərdə deyil, 6-cı sinifdə keçib. Oxuduğu məktəb kimya və fizika təmayüllü olduğundan Putin sonradan başqa məktəbdə təhsil alıb. O, daha çox humanitar fənnlərə meylli olub. İdmanla çox ciddi məşğul olan Putin hələ məktəb illərindən bir çox uğurlara da imza atıb. Hüquqşünas olmaq arzusu ilə məktəbi bitirdikdən sonra Vladimir Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub.

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç təhsil aldığı məktəbin ən nümunəvi şagirlərindən biri olub. O, məktəbi əla qiymətlərlə bitirb. Uğurlu təhsilinə görə xanım siyasətçi hələ məktəb illərində Amerika Birləşmiş Ştatlarında təhsil almaq üçün qrant da qazanıb. Kolinda Qrabar-Kitaroviç ali təhsil aldığı illərdə də fərqlənən tələbələrdən olub. O, bir neçə nüfuzlu beynəlxalq təqaüdlərlə öz tələbə xərclərini qarşılamağa müyəssər olub.


Almaniya kansleri Angela Merkel məktəb illərində sakitliyi, ciddiliyi və təhsilə qarşı marağı ilə fərqlənib. Gələcəyin tanınmış xanım siyasətçisi həmyaşıdlarından fərqli olaraq əyləncələrə meyl göstərməyib. O, təhsillə bağlı öz yolunu elə uşaqlıqdan seçib, texniki təmayüllü məktəbdə təhsil almaq arzusunda olub. Valideynləri də buna etiraz etməyiblər. Özünün söylədiyinə görə, Merkelin ən çox razı qaldığı müəllimlər riyaziyyat və rus dilini tədris edən pedaqoqlar olub. Elə bəlkə də bunun nəticəsidir ki, Angela Merkel məktəbdə oxuyarkən rus dili fənni üzrə keçirilən beynəlxalq olimpiadada qalib olub və şagird olarkən Moskvanı ziyarət edib. Xanım siyasətçi hazırda da rus dilində sərbəst danışır.

Suriya prezidenti Bəşər Əsəd paytaxt Dəməşqin ən nüfuzlu təhsil ocaqlarından birində, ərəb-fransız litseyində təhsil alıb. Kifayət qədər zəngin ailədə böyüyən Bəşər Əsəd məktəb illərində davranışı və təhsili ilə fərqlənən nümunəvi şagirlərdən biri sayılıb. Litseyi qırmızı diplomla bitirdikdən sonra o, müvəffəqiyyətlə Dəməşq Universitetinin tibb fakültəsinə daxil olub. İlk həkimlik fəaliyyətinə göz həkimi kimi başlayan Bəşər Əsəd sonralar Avropa ölkələrində təhsilinu davam etdirib.

Ukrayna prezidenti Petro Poroşenko oxuduğu məktəbin ən səliqəli şagirdi olub. Geyimi, səliqəsi, mədəni davranışı ilə həmyaşıdlarından fərqlənib. Gələcək prezidentin təhsilində də problem olmayıb. Poroşenko jurnalistlərlə söhbətində qeyd edib ki, 10 il ərzində bir dəfə də olsun 4 qiyməti almayıb. Prezident müsahibələrinin birində onu da qeyd edib ki, 7-ci sinifdən sonra şagirdlər arasında avtoritet statusunu qazanıb və məktəbdə bir hadisə baş verəndə uşaqlar onunla hesablaşıb. Buna görə də Poroşenkonun 10 il ərzində qiymətlərinin hamısının “əla” olmasına büxmayaraq o, qızıl medal ala bilməyib. Sinif rəhbəri onun davranışını “əla” qiymətləndirməyib. Prezidentin orta məktəbdə ən çox sevdiyi fənn fransız dili olub. Buna görə onu çox vaxt Pyer də çağırırmışlar.

Fransa prezidenti Emmanuel Makron məktəblərinin ən fərqli şagirdlərindən biri sayılıb. Elmə olan marağı ilə yanaşı, onun həm də aktyorluq, bədii yaradıcılıq istedadı olub. Elə özündən 24 yaş böyük olan həyat yoldaşı, o vaxtlar isə ədəbiyyat müəllimi olan Bricit Makrona da məktəb illərində aşiq olub. Valideynləri əvvəlcə elə düşünüblər ki, Makron müəlliminin qızını sevir. Sonradan münasibətlərin ciddi olduğunu görəndə övladlarını həmin məktəbdən ayıraraq paytaxta göndəriblər. Ancaq Makron bu məhdudiyyətlərə baxmayaraq sevimli müəlliməsinə məktub yazıb: “Heç nədən asılı olmayaraq biz ailə həyatı quracağıq...”

Məktəb illərində Belarus prezidenti Lukaşenko çox da “rahat” şagird olmayıb. Hətta elə dövr olub ki, onun adı milisdə qeydiyyata da düşüb. Amma buna baxmayaraq, o, çalışqanlığı, təşkilatçılığı ilə də seçilib. Artıq 9-cu sinifdə Lukaşenko məktəbdə keçirilən tədbirlərin təşkilatçısı kimi tanınıb. Bununla yanaşı təhsilində də nəzərəçarpacaq dərəcədə irəliləyiş olub. Orta məktəblə yanaşı o, həm də musiqi məktəbinə də gedib. Vaxtını isə daha çox idmana sərf edib. Yarışlardan qalib medalları ilə qayıdıb. Lukaşenko daha çox tarix fənnini sevib. Elə təhsilini başa vurduqdan sonra da Moqilyov Pedaqoji institutunun tarix və ictimaiyyət fakultəsinə qəbul olub.






Fikirlər