“SARKİSYAN ƏLİYEVLƏ RAZILAŞMIŞDI…” – “Kim deyə bilər ki, bu rayonlar Ermənistanındır?” +VİDEO
2016-cı ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni situasiyanın yarandığı heç kim üçün sirr deyildi. Eyni zamanda, bu əməliyyatın dayandırılmasında Rusiyanın xüsusi rol oynadığı və ərazilərin qaytarılması ilə bağlı müəyyən razılıqların əldə edildiyi barədə də mətbuatda məlumatlar yayılmışdı. Sonrakı hadisələr həmin məlumatların həqiqət yükünün az olmadığını göstərirdi. Lakin proses bu ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində dalana dirəndi və nə zaman yerindən tərpənəcəyi də bəlli deyil. Əvəzində, yeni baş nazir Nikol Paşinyan sərsəm bəyanatlar verməyə, münaqişənin dinc yolla həllini mümkünsüz edən çıxışlar etməyə başladı. Hazırda isə Ermənistanda siyasi böhran hələ də öz həllini tapmamış qalır və yeni parlament seçkilərinin keçirilməsi qaçılmaz görünür. Bir sözlə, bu ölkədə baş verənlər Qarabağ münaqişəsinin həlli prosesinin bir az da ləngidilməsinə xidmət etməkdədir. Bir müddət əvvəl isə Füzuli rayonuna səfər etmiş məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko öz verilişində səfərin detallarını açıqlayaraq, Paşinyanın hakimiyyətə gəlişinin Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərdiyini və qarşıdurmanın dərinləşməsinə xidmət etdiyini bildirib. O, YouTube kanalında yayımlanan həmin verilişində doğrudan da Serj Sarkisyanın ərazilərin qaytarılması ilə bağlı müəyyən razılığa gəldiyini iddia edib. “AzPolitika.info”nun məlumatına görə, Azərbaycan mediasının diqqətindən yayınan bu verilişdə M.Şevçenko əvvəlcə öz erməni izləyicilərinə üz tutaraq, onları vicdanlı olmağa çağırır: “Məni bir çox erməni dinləyicilər ittiham edirlər ki, siz satılmısınız, siz Bakıdan pul almısınız. Birincisi, söz verirəm ki, mən pul almamışam. Mənə pul təklif etsəydilər, qətiyyən oraya getməzdim. Biz Azərbaycanın işğal olunan rayonlarına getmişdik. Tutaq ki, Dağlıq Qarabağın ərazisi mübahisəlidir. Ancaq beynəlxalq hüququn bütün normalarına görə, Fizuli, Laçın, Cəbrayıl, Ağdam və digər rayonlar Azərbaycan Respublikasının ərazisidir və qanunsuz şəkildə erməni silahlı birləşmələri tərəfindən 90-cı illərin əvvəllərində Rusiyanın Yeltsin rejiminin dəstəyilə işğal olunub. Hansı erməni deyə bilər ki, bu belə deyil? Kim deyə bilər ki, bu rayonlar Ermənistanın ərazisidir?” Daha sonra ermənilərin həyasızlığına işarə vuran M.Şevçenko erməni qoşunlarının Dağlıq Qarabağın ətraf rayonlarından qeyd-şərtsiz çıxarılmalı olduğunu bildirir: “Mən hərdən belə fikirlər oxuyuram ki, bura bizim (Ermənilərin-red.) qədim torpaqlarıdır, biz həmişə orada yaşamışıq. Bilirsiniz, bu söhbətləri yığışdıraq. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi birləşmələri çıxarılmalıdır. Bundan sonra 1 milyonadək azərbaycanlı qaçqın vətəninə qayıtmalıdır. Həmçinin, mən hesab edirəm ki, ermənilər də Azərbaycan ərazisinə, azərbaycanlılar isə Ermənistana qayıtmalıdırlar. Ermənistandan 400 mindən artıq azərbaycanlı qovulub. Bu, bütün insanların faciəsi olub. Və mən oraya onu deməyə getmişdim ki, müharibə bütün bu məsələlərin həm Azərbaycan, həm də Ermənistan xalqı üçün pis həllidir”. Rusiyalı jurnalistin öz verilişində toxunduğu ən maraqlı məqamlardan biri isə İlham Əliyevlə Serj Sarkisyan arasında işğal olunmuş ərazilərin qaytarılmasına dair razılığın əldə olunmasıdır: “Bu rayonlar heç bir bazarlıq edilmədən azad olunmalıdır. Mən deyə bilərəm ki, Serj Sarkisyan, İlham Əliyevlə 5 rayonun qaytarılması ilə bağlı razılaşmışdı. Bu, gərginliyin aradan qaldırılmasına gətirə bilərdi. Bu, həm də Ermənistanın Cənubi Qafqazın iqtisadi sisteminə qayıdışını təmin edərdi…” Paşinyanın hakimiyyətə gəlişinə toxunan M.Şevçenko bunun yalnız münaqişənin yenidən qızışmasına xidmət etdiyini söyləyir. Və sözsüz ki, jurnalistin dedikləri bu gün öz təsdiqini tapmaqdadır. O, həmin çıxışında bildirir ki, sülh prosesi məhz Ermənistanda baş verən çevriliş səbəbindən yarımçıq qalıb: “Sarkisyanı çıxardılar, Paşinyan gəldi. Mən Paşinyanın siyasətinin əleyhinəyəm. Mən hesab edirəm ki, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması siyasəti və sülh prosesi davam etdirilməlidir. Mən əminəm ki, millətçilik miflərilə korlaşmayan bütün ağıllı ermənilər məni dəstəkləyirlər. Mən tərəfləri real sülh dialoquna çağırıram. Yox, əgər bu dialoq çevriliş səbəbindən İlham Əliyevlə Sarkisyan arasındakı dialoq kimi kəsilərsə, o zaman orada (Azərbaycanda-red.) hamı müharibəyə hazırdır. Buna Azərbaycana aid pozisiyalarda əmin oldum. Onlar öz vətənləri uğrunda savaşmağa hazırdırlar…” Daha sonra azərbaycanlılara aid qəbristanlıqların dağıdılmasına toxunan jurnalist Cənubi Qafqazın sülhə ehtiyacının olduğunu bildirir və onu təhqir edən ermənilərə üz tutaraq, “Qoy Tanrı sizi mühakimə etsin” deyir. “AzPolitika.info” M.Şevçenkonun sözügedən çıxışının videoyazısını təqdim edir: