RUSİYA Putindən sonra müvazinətini SAXLAYA BİLƏCƏKMİ...

Vladimir Putinin varis planı söhbətlərinin yayılması gündəmə suallar çıxardı

Rusiya mediasında post-Putin dövrü və prezident Vladimir Putinin siyasi varisinin kim olacağı mövzusu gündəmdədir. Rusiyalı siyasi ekspert Aleksey Makarkin bildirib ki, mümkün ssenarilərdən biri 2021-ci ildə Dövlət Dumasına seçkilər öncəsi varisin yeni baş nazir təyin edilməsi və tədricən ona səlahiyyətlər verilməsidir. Makarkinin sözlərinə görə, Tula vilayətinin qubernatoru Aleksey Dyumin Putinin varisi olmağa ən şanslıı fiqurdur.

Siyasi İnformasiya Mərkəzinin direktoru Aleksey Muxin isə  bildirib ki, Aleksandr Dyumindən başqa daha iki namizəd var. Bunlar Yaroslavl vilayətinin qubernatoru Dmitri Mironov, mülki müdafiə işləri və fövqəladə vəziyyət üzrə nazir Yevgeni Ziniçevdir.

Təhlükəsizlik şurasının katibi Yuri Uşakovun və müdafiə naziri Sergey Şoyqunun da adı Putinin əsas varisləri ola biləcək şəxslər sırasında çəkilir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Qarşıda 6 ilə yaxın müddət var. Vladimir Putinin hazırkı yaşı və sağlamlığı ölkəni idarə etməyə kifayət qədər imkan verir. Rusiyaya qarşı başda ABŞ olmaqla Qərbdən sanksiyalar olsa da Putin ölkəsinin müvazinətini qoruyub saxlamağı, ölkənin çökməsinin qarşısını almağı bacarır. Odur ki, Vladimir Putinin hakimiyyətdə olmadığı Rusiyanın taleyinin necə olacağı, ölkənin müvazinətini qorumağın mümkün olub-olmayacağı sualı varis söhbətləri ortaya çıxandan aktuallaşıb.

Putindən sonrakı Rusiyanı necə təsəvvür etmək olar? O, hakimiyyətdən getsə Rusiya müvazinətini indiki kimi qoruya biləcəkmi, yoxsa Brejnevdən sonra SSRİ-nin düşdüyü vəziyyət təkrarlana bilər?

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Vladimir Putini hakimiyyətə gətirən qüvvənin varis planı uğurla keçsə və bu varis hazırkı kursu davam etdirə bilsə Rusiya müvazinətini qoruya bilər. Yox əgər varis planı uğurla keçməsə, bu ölkədə təlatümlər baş versə Rusiyanın gələcəyi heç də yaxşı təsəvvür edilmir: “Şimal qonşumuz da ciddi etiraz elektoratı yaranır, təşkil edilir. Bu elektorat əsasən orta təbəqəni ehtiva edir. Sanksiyaların çoxalması, korrupsiya ilə mübarizənin istənilən səviyyədə getməməsi, üstəlik bu yaxınlarda təqaüd yaşının qalxması məsələsinin meydana gəlməsi ciddi narazılıqlara səbəb oldu, mitinqlər baş verdi. Xarici siyasətdə Rusiya əvvəlki kimi uğurlar qazana bilmir. "Krım bizimdir" eyforiyasından xalq ayılmaqa başlayıb. Qarının toxluğu, soyuducunun bol olması, maaşların qalxması, layiqli təqaüdə çıxmaq istəkləri, Krım, Suriya istəklərini üstələməyə başlayıb. Əbəs yerə son dönəmdə Putinin nüfuzu son illəlrə müqayisədə aşağı səviyyəyə enməyib. Bunu Rusiya mediası və analitikləri də açıq bildirirlər. Putin yenə də kiçik qələbələrlə nüfuzunu qaldıra bilər, lakin hər dəfə bunu etmək onun üçün get-gedə daha çətin olacaq düşüncəsindəyəm. Düzdür bu dövlət qurulandan tarix boyu həmişə ac və böyük olmağı tox və kiçik olmaqdan daha üstün tutub. İstənilən halda indi artıq əvvəlki vaxtlar deyil.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

İndi nə 19, nə 20-ci əsr deyil. 21 əsr ilk növbədə informasiya əsridir. Ruslar artıq dünyanın hər yerinə gedə bilirlər. Rus gəncliyi dünyanı görür və daha proqressiv, açıq cəmiyyətdə yaşamaq istəyir. Rusiyada kifayət qədər güclü formalaşan orta təbəqə var və bu orta təbəqə rüşvət vermək istəmir avropalı kimi dürüst yaşamaq istəyir. 2011-ci ildən bu yana rus orta sinfi gücünü göstərməkdə davam edir. Bunun sübutu kimi 2011-ci ildən  müxalifətin ölkə boyu hərdən kifayət qədər uğurlu alınan mitinqlərini göstərə bilərik".

Politoloq qeyd etdi ki, tarix boyu Rusiyada inqilab yolu ilə hakimiyyət dəyişib və hər iki dəfədə bu dövlət dağılmağın bir addımlığında olub: “Çar Rusiyasının yerinə Sovet Rusiyası quruldu. SSRİ dağıldı, amma Rusiya Federasiyası yenə dünyanın ən böyük ölkəsi kimi ayaqda qalmağı bacardı. Düşünürəm ki, növbəti inqilab Rusiya Federasiyasına çox böyük zərbə vuracaq. Bunun  nəticəsi kimi də Rusiya ən yaxşı halda Osmanlıdan sonrakı Türkiyə kimi qalacaq. Fikrimcə, biz yaxın zamanlarda müharibələr, milli münaqişələr, sosial inqilab, dini qarşıdurmalar yolu ilə Rusiya Federasiyasının çalxalanacağını görə bilərik. Putinin hakimiyyətdə olmadığı dövrdə bunun daha böyük miqyasda baş verməsi ehtimalı böyükdür. Daha tez, ya bir az gec bunun baş verməsinə şübhəm yoxdur”.






Fikirlər