Hakimiyyətə açıq və gizli vəkillik edə biləcək şəxslər parlamentə "seçiləcək"
Parlament seçkilərinə iki aydan bir az çox zaman qalmasına baxmayaraq, ölkədə seçki mühitindən əsər-əlamət yoxdur. Cəmiyyətin sosial-siyasi və ictimai həyatında heç bir ciddi əhəmiyyəti olmayan ən adi musiqi və idman yarışlarına münasibət, parlament seçkilərinə münasibətdən dəfələrlə yüksəkdir.
Bunun üç əsas səbəbi olduğunu düşünürəm: 1) Milli Məclisin nüfuzunun kifayət qədər aşağı olması; 2) Real müxalifətin saxta seçki oyununda iştiraka az maraq göstərməsi; 3) Vətəndaşların seçkilərə, ümumiyyətlə, inanmaması. Qismətimə 1990-cı ildən etibarən 21 seçkidə birbaşa fəal iştirakçı olmaq düşüb. Məntəqə Seçki Komissiyalarından tutmuş, Mərkəzi Seçki Komissiyalarına qədər bütün komissiyaların işində müxtəlif vaxtlarda ya müşahidəçi, məşvərətçi səs hüquqlu komissiya üzvü, vəkil, səlahiyyətli nümayəndə, ya da namizəd kimi iştirak etmişəm. Bunlar 5 referendum, 5 parlament, 7 prezident və 4 bələdiyyə seçkisi olub. Seçkilərlə bağlı ən zəngin təcrübəsi və maraqlı arxivi olan şəxslərdən biriyəm. Siyasi partiya mənsubiyyətim olmadan fikir bildirdiyim ilk seçki 2015-ci ilin parlement seçkisidir.
Milli Məclis sadə vətəndaşların maraqlarına xidmət göstərmək funksiyasını itirib
Parlament nəzəri olaraq, dövlət hakimiyyətinin üç əsas qolunun ən əhəmiyyətlisidir. Məhkəmə və icra hakimiyyəti də daxil olmaqla, cəmiyyətin bütün sahələrini tənzimləyən qanunları qəbul edən, onlara ictimai nəzarəti həyata keçirən ali orqandır. Təəssüf ki, ölkənin Milli Məclisi müstəqil hakimiyyət qolu kimi mövcud deyil. Tamamilə ali icra hakimiyyətinin yedəyində olan, hökumətin, oliqarxların, xüsusi imtiyazlıların maraqlarına xidmət edən əhəmiyyətsiz bir quruma çevrilib. Bir nəfər kimi bütün deputatlar hakimiyyətin müəyyən etdiyi meyarlara uyğundursa, ali icra hakimiyyətinin siyahısı əsasında “seçilir”. Fəaliyyəti müddətində Prezident Administrasiyasının hazırladığı qanunların təsdiqindən başqa heç bir təşəbbüsü olmayan deputatlar, ara-sıra bəzi qanunların müzakirəsində və hökumətin illik hesabatlarında tənqidi fikir səsləndirir, yaxud da əleyhinə səs verməklə “demokratik” görüntü yaradırlar. MM vətəndaşların sosial-siyasi həyatında müsbət əhəmiyyətli rol oynayan bir qurum kimi qəbul edilmir və demək olar ki, sadə insanların maraqlarına xidmət etmək funksiyasını itirib.
Partiyaların nə seçkilərdə iştirakı, nə də boykotu təəssüf ki, cəmiyyətə müsbət heç nə verə bilmir
Vətəndaşların seçkilərə inanmamasına gəlincə, bunun da kifayət qədər əsaslı səbəbləri var. Müstəqillik bərpa edildikdən sonra 4 dəfə parlament seçkisi keçirilib. Bütün seçkilərdə ədalətli rəqabət mühiti olmadan seçki kampaniyası aparılıb, nəticələr total şəkildə saxtalaşdırılıb, qanunları açıq şəkildə pozan heç bir seçki idarəçisi cəzalanmayıb və seçkilərdə seçicilərin deyil, ali icra hakimiyyəti orqanlarının iradəsi mütləq qalib olub. Qətiyyətlə demək olar ki, hər “seçki” dən sonra seçici seçkilərə inamını daha da itirib və siyasi proseslərdən uzaqlaşıb. Hakimiyyət seçki vasitəsilə əsas müxalif və müstəqil namizədlərin tərəfdarlarını müəyyən etmək imkanı əldə edib, sonra onları müxtəlif üsullarla cəzalandırıb. Müxalif siyasi partiya üzvləri ciddi şəkildə təqib olunub. Minlərlə fəal insan siyasi proseslərdən uzaqlaşıb. Avtoritarizm daha da güclənib və repressiyalar daha da şiddətlənib. Dinc mübarizə metodunun ən elementar vasitəsi olan seçki cəmiyyətin gözündən tamamilə salınıb. Özünə hörmət edən heç bir kəs və ya qurum nəinki seçki haqqında bəlağətli danışanları eşitmək istəmir, hətta istehza edir. İndiyə kimi mövcud olan təcrübə onu göstərir ki, nə qədər çox yeni adam seçki prosesinə qoşulubsa, iki o qədəri də “seçki”dən sonra siyasi fəaliyyətdən çəkilib. Seçki prosesində təqiblərə məruz qalmış, hüquqları total şəkildə həm seçki komissiyalarında, həm də məhkəmələrdə pozulmuş, məqsədli şəkildə siyasətdən iyrəndirilmiş yeni insanların bu şəraitdə siyasətə davam etməsi mümkün olmayıb. Seçkilərdə iştirak addım-addım cəmiyyətin müqavimətinin qırılmasına, hakimiyyətin maraqlarının qorunmasına və möhkəmlənməsinə xidmətdən başqa bir şey olmadığı kimi, real siyasi nəticə doğurmayan boykot çağrışlarından da hakimiyyət yararlanıb.
Seçki demokratikləşmə vasitəsi yox, siyasətə süni “vitrin” yaratmaq üçündür
Bəzən siyasi partiyalar seçkilərdə iştiraklarına haqq qazandırmaq üçün cəmiyyətə müəyyən siyasi mesajlar verir. Seçiciləri və üzvlərini inandırmağa çalışırlar ki, guya seçkilərdə iştirakları təkcə qələbə üçün deyil, həm də demokratik prosesin dayanmaması naminə fədakarlıqdır. Əslində isə seçkilərə cəmiyyətin demokratikləşməsində bir vasitə kimi baxılması tamamilə yanlış yanaşmadır. İndiyədək mövcud olan vəziyyəti analiz etsək görərik ki, hər seçkidən sonra cəmiyyət demokratikləşmədə bir addım geriyə gedib. Seçki özlüyündə demokratik cəmiyyətin ən əsas elementi və dövlətin xalqa mənsubluğunun qarantiyası olduğu üçün ona vasitə kimi baxmaq yanlışdır. Əgər demokratik seçki yoxdursa, deməli, xalqın hakimiyyəti də yoxdur. Cəmiyyətdaxili münasibətlərin legitim tənzimlənməsinin yeganə üsulu seçkidir. Demokratik seçki keçirən cəmiyyətlərdə seçicilərin verdiyi mandat bütün siyasi münasibətlər sisteminin təməlini təşkil edir. Antidemokratik rejimlərin keçirdiyi “seçki”lər isə cəmiyyətin demokratik təfəkkürünü sıradan çıxarmağa, demokratik ənənələrin yaranmasının qarşısını almağa, təbii alternativlərin yolunu kəsməyə yönəlmiş sistemli siyasətdir. Təəssüf ki, ölkəmizdə keçirilən “seçki”lər, siyasətə zorla pərçim edilmiş şəxslərin cəmiyyətə təqdim edilməsinə və siyasət müstəvisinə süni “vitrin” yaratmaq vasitəsinə çevrilməkdə davam edir.
Millətə vəkil ola biləcək şəxslərin yolu parlamentə bağlıdır
Seçki qanunvericiliyinin formalaşmasından tutmuş, onun tətbiqinə qədər ən kiçik detal ona hesablanıb ki, müstəqil təşəbbüslər inkişaf etməsin və arzuolunmaz namizədlərin əl-qolunu istənilən an bağlamaq mümkün olsun. Hər seçkidən sonra qanunvericilikdə olan “boşluq” məharətlə doldurulur ki, nə müstəqil və müxalif namizədlər, nə də seçicilər seçkinin gedişinə və sonrasına təsir edə bilsinlər. Hökumət həm seçicilərin, həm də namizədlərin inamını tamamilə yox etməyə hesablanmış təkəbbürlü siyasət aparır. Xalqın seçmək hüququ tamamilə əlindən alınıb. “Seçki” adlı mərəkə də qalib və məğlubu seçici deyil, vahid mərkəzin müəyyən etdiyi birmənalı olaraq cəmiyyətə qəbul etdirilib. Bir qədər sərt səslənsə də, həqiqət budur ki, millətə vəkil ola biləcək şəxslərin parlamentə yolu bağlıdır. Hətta belə istisnalar olarsa, bunlar da gerçək seçici səsi ilə deyil, yalnız razılaşdırılmış üsullarla mümkün ola bilər. Elə bir vəziyyət yaradılıb ki, MM-ə yalnız hakimiyyətə açıq və gizli vəkillik edə bilən şəxslər daxil ola bilər. Cəmiyyətin bu mövcud durumunda təəssüf ki, başqa variantların olması qətiyyən mümkün deyil.
Seçkiyə iddialı “hazırlaşan” namizədlər
Hər seçkidə olduğu kimi, bu il də ayrı-ayrı şəxslər və qruplar canfəşanlıqla təmtəraqlı seçki hazırlığı aparır. Elə bir əhval-ruhiyyə yaratmağa çalışırlar ki, guya ölkədə seçki mühiti var və bu yarışa daha yaxşı hazırlaşdıqları üçün öndədirlər. Hətta seçici ilə işin daha yaxşı təşkilinə görə seçildiklərinin və ya yaxşı nəticə göstərdiklərinin təbliğatına zəmin hazırlayırlar. Görüntü yaradanların bütün cəhdlərinə baxmayaraq, fəal və savadlı vətəndaş anlayır ki, vahid siyahıda adı olan şəxslər seçki qalibi olacaq və hökumətin cari siyasətinə müxtəlif adlarla xidmət göstərəcəklər. Odur ki, seçicilər əsasən prosesdə iştirakçı olmağa deyil, tamaşaçı olmağa üstünlük verirlər. Adlarının “deputatlıq siyahısında” olduğunu bilən namizədlər arxayınlıqla yuxarıdan “start” gözlədiyi kimi, adlarının siyahıda olmayacağını bilənlər də arxayınlıqla prosesin başlanmasını gözləyirlər. Çünki hər kəs bu mərəkəyə niyə qatıldıqlarını yaxşı bilir. Kimisi üzərinə qoyulmuş, kimisi də üzərinə götürdüyü vəzifələrini icra edirlər. Seçkinin gedişinə və sonuclarına nə müşahidəçilər, vəkillər, səlahiyyətli nümayəndələr, nə də seçicilər heç bir təsir göstərə bilmədiyi günümüzün acı reallığıdır. Seçicilərdə kütləvi siyasi aktivlik olmadığı və real müxalifətin tamamilə zəiflədildiyi üçün hökumətin seçki nigarançılığı da müşahidə edilmir. İlk parlament seçkisidir ki, bütün real alternativlər seçkiyə qədər sıradan çıxarılıb, həbsxanalar siyasi məhbuslarla doldurulub, mühacirət edib və total repressiya dalğası cəmiyyəti “islah” edib. Siyasi fəaliyyət göstərib bu həqiqəti bilməmək diletantlıq, bilib cəmiyyəti aldatmaq isə siyasi simasızlıqdır.
Seçkinin tam sıradan çıxdığını ört-basdır etmək vəzifəsini icra edənlər
Cəmiyyət bu siyasi möhtəkirliyi tamamilə ironiya ilə seyr edir. Çünki ölkədə hər kəs çox aydın bilir ki, elementar seçki olmadığı halda bu hazırlıq oyunu nəyə və kimə xidmət edir. Seçkinin tamamilə sıradan çıxdığı görüntüsü cəmiyyətlə yanaşı hakimiyyət üçün də ciddi təhlükəyə çevrilə bilər. Bu zaman proqnoz edilməsi çətin olan elə ictimai-siyasi proseslər başlaya bilər ki, onun qarşısını almaq daha çətin olar. Odur ki, bu təhlükələri önləmək üçün profilaktik tədbirlər də görülür. Hakimiyyət açıq və gizli şəkildə öz nəzarətində olan bəzi ortabab təşkilatlanmış, qismən müxalif imici qazanmış partiyaların, seçki bloklarının və şəxslərin məhz bu görüntünü yaratmasında maraqlıdır. Bu qurumların və fərdlərin ciddi-cəhdlə ölkədə guya seçki yarışı olduğunu göstərmələri hökumətin hazırladığı imitasiya ssenarisidir. Hətta hökumət öz nəzarətində olan bəzi namizədlərin də imza toplamasına mane olmaqla, qeydiyyata almamaqla, bəzilərinə təzyiq etməklə süni etiraz tamaşaları da yaradacaq. Bununla həm süni rəqabət görüntüsü yaratmağa nail olacaq, həm də real alternativlərə qarşı olan təyziqlərin miqyasını ört-basdır etməyə çalışacaq.
Hər “seçki” dən qazancla çıxanlar
Hökumətin illərdir keçirdiyi bütün seçkilərdə iştirak edənlərin itkiləri ilə yanaşı, özünəməxsus qazancları da olub. Kimisi mandat, pul, hansısa imtiyaz qazanıb, kimisi özünü cəmiyyətə təqdım edib, tənqid etmək fürsətindən yararlanıb, kimisi isə siyasi mövcudluğunu sürdürmək fürsəti qazanıb. Odur ki, bu reallıqları bilib, seçkidə iştiraka görə heç kimi qınamaq da doğru olmaz. Bu “seçki”də də rollarını gözləyən “aktyorlar” hazırdır. Səthi ümumiləşdirmə etsək, belə bir mənzərə yaranacaq. Əsas, güclü və intellektual alternativlərin təhqir edilməsi və alçaldılması üçün rol alan “növbətçi” namizədlər. Seçicilərin diqqətini əsas məsələlərdən və hədəflərdən yayındırmaq, qondarma gündəmə istiqamətləndirmək üçün qeydiyyata alınanlar. Özlərini cəmiyyətə təqdim etmək üçün namizədliyə can atan gənclər və siyasi romantiklər. Həmçinin, hökuməti bir başa sərt tənqid etmək fürsətindən yararlanmaq istəyənlər. Əminliklə deyə bilərəm ki, ölkəmizdə seçkilərin real mənzərəsi acı olsa da, bundan ibarətdir.
Seçicilər seçkidən və deputatlardan yalnız seçki müddətində qazanırlar
Nə qədər qəribə səslənsə də, seçkini səbirsizliklə gözləyənlər arasında sadə vətəndaşlar da az deyil. Onlar namizədlərə bəzi cari problemlərinin həllində ələ düşən fürsət kimi baxırlar. Seçicinin MM-ə seçkilərdən 5 ildə yeganə qazancı xeyir-şər evlərinin yeni qab-qacaqla təmin olunması, stul-stolların təzələnməsi, evlərin “damının qırlanması”, liftlərin təmir olunması, həyətlərdə “besetka” quraşdırılması, kiçik yollara daş döşənməsi və bəzi hallarda asfaltlanması, kəndlərdə su-artezan quyularının qazdırılması və digər sosial məsələlərdir. Şəhər seçiciləri “seçiləcək” deputatlara Mənzil Komunal Təsərrüfatının, kənd seçiciləri isə yerli İcra Nümayəndəliyinin müvəqqəti iş icraçısı kimi baxır. Seçicilər tam əmindir ki, bu siyasi şəraitdə seçilmiş şəxslərin onlara başqa heç bir faydası dəyməyəcək. “Seçilən” şəxslərin yalnız özü və ətrafındakı qohum-əqrəbası qazanacaq. Bütün qanunlar Prezident Administrasiyasından hazır gəlir və heç bir deputat onun bir sözünü belə dəyişə bilməz. Keçən parlament seçkisində də deputat olan şəxslərin təbliğatçıları istisnasız olaraq hərəsi əllərində bir dəftər yalnız sakinlərin problemlərini yazıb öz namizədlərinə təqdim edirdilər. Heç kim “seçiləcəyi” öncədən bəlli olan namizədlərə platformalarla bağlı bir sual belə ünvanlamağa cəhd etmirdi. Çünki platforma seçici üçün tam əhəmiyyətsiz bir kağız parçasıdır. Seçici önünə platforma ilə çıxan namizədlərə cəmiyyətin ironik münasibəti təəssüf ki, kifayət qədər əsaslı görünür.
“Müxalifət” adına parlamentdə kimlər təmsil olunacaq?
Hər dönəm olduğu kimi bu dəfə də “müxalifət” adına mandat kvotası ayrılacaq. Son parlamentin tərkibi kimi bir nəfər də olsa təsadüfi adam məclisə buraxılmayacaq. Bu seçkidə mandat mükafatı əsasən müxalifət daxilində dərin ziddiyyətlər salmağa qadir olan, cəmiyyətlə müxalifət arasında ehtimadsızlıq yaratmaq qabiliyyətini nümayiş etdirən şəxslərə veriləcək. İctimai və şəxsi nüfuzu tamamilə bərbad olan, böyük biznes şəbəkələrinə malik, hakimiyyətə sədaqətli “müxalifət”çilərin də üzü güləcək. Həmçinin, avantürüst bəyanatlarla cəmiyyəti çaşdıra bilən, real müxalif elektoratın fikirlərinə təsir edən, tərəddüdlər yaratmaq qabiliyyətinə malik şəxslərin də “seçilməsi” şansları var. MM-ə buraxılacaq “müxalifət” üçün hazırlanmış fəaliyyət strategiyası da xeyli mürəkkəb olacaq. Mandat alan şəxslər həm xarici, həm də daxili siyasətdə müəyyən vəzifələri yerinə yetirməlidirlər. Qərb ilə gərgin münasibətlər fonunda növbəti prezident seçkilərinə hazırlıq və sosial-iqtisadi böhranın növbəti ildən daha da dərinləşməsi fonunda müxalifət daxili intriqaların dərinləşdirilməsinə çalışmalıdırlar. Hakimiyyətin siyasi iradəsi bundan ibarətdir ki, real müxalifət düşərgəsinə və müstəqil şəxslərə qətiyyən mandat verilə bilməz. Yenə də parlamentdə azlıq adına təmsil olunan partiyalar 3 %-lik səs barajını aşmaqla, bir-iki deputat yeri “qazanmaqla” dövlət büdcəsindən maliyyə alaraq, açıq və gizli şəkildə hakimiyyətin maraqlarına xidmət edəcəklər. Bu parlament də istisnasız olaraq hökumətin yedəyində sürünəcək.
Real müxalifət və müstəqil namizədlər yeni siyasi müstəvi yaratmaq fürsətini qaçırmamalıdır
Bütün çətinliklərə baxmayaraq, gerçək müxalifətin və müstəqil namizədlərin bu seçkiyə qatılmaları daha effektli olardı. Namizədlikləri qeydə alındıqdan sonra bu şəxslər hakimiyyətin oyununu pozacaq aydın bəyanatla çıxış etməlidirlər. Seçicilərə bəyan edilməlidir ki, bu seçki də onun taleyində heç bir müsbət rol oynaya bilməz. MM-in yeni üzvləri öncədən məlumdur və mandatları da hazırlanıb. Müxalifətçilər seçiciyə niyə bu mərəkədə rol aldıqlarını səmimi izah etməlidirlər. Bütün seçki siyasətini real vəziyyətdən necə çıxmağın üzərində qurmalıdırlar. Onlardan nə özlərinin lehinə, nə də rəqiblərinin əleyhinə səs istəməlidirlər. Vahid müxalifət bloku da yaratmağa zərurət yoxdur. Özünü gerçək müxalifətçı sayan hər bir namizəd vahid siyasi xətt və tezislərlə cəmiyyətə səslənməlidir. Seçici qalibi özü müəyyən etmədiyini çox aydın bildiyi üçün müxalifət bu vəziyyətdən yararlanmalıdır. Əsl seçki keçirməyə hakimiyyəti məcbur edə bilməməsinin səbəblərini, əhalinin real vəziyyətinə səbəb olan amilləri sadə dillə xalqa çatdırmalıdır. Mövcud vəziyyətdən çıxış yolunun birgə addımlamaqda olduğuna xalqı inandırıb, ondan səmimi kömək istəməlidir. Hər bir sakinə fərdi müraciət hazırlanmalı, seçki platforması və ya səs istəmək üçün deyil, təşkilatlanmaq üçün onların mənzillərinə gedilməli və yardım istənməlidir. Bu fəaliyyətin təfərrüatları mediadan kənar, qapalı müzakirə edilməli, qərarlar və nəticələr ictimailəşməməlidir. Müxalifət və müstəqil namizədlərin seçkiyə qatılmağının məqsədi, seçicidə rəğbət oyatmalı və xalqın təşkilatlanması üçün düsturlar təqdim edilməlidir. O zaman “seçilmək” üçün yarışanların bütün açıq və gizli siyasətləri öz əhəmiyyətini tam itirəcək. Hakimiyyətin oyununda iştirak edib, qalib çıxmağın yeganə yolu bundan ibarətdir. Müxalifət namizədləri uzun-uzadı platforma təqdim edib, təşviqat materialları çap etdirərək özlərini gülünc vəziyyətə salmamalıdırlar. Həmçinin, guya demokratik proses aparmaq kimi istehza və ironiya doğuran davranışa da yol verməməlidirlər. Cəmiyyətdə dəyişikliyə qapı açmağın zamanını real siyasi müxalifət dəyərləndirməli və yeni siyasi müstəvi yaratmalıdır. Əgər seçkidə iştirak etmək üçün resurslar tükənibsə, o zaman namizəd olmadan da bu işi seçki müddətində təşkil etmək nəzəri baxımdan mümkündür. Cəmiyyətin etimad göstərdiyi müxalif liderlərin və təşkilatların səmimi müraciətləri, müxalifətçilər tərəfindən şəhər və kənd sakinlərinə canlı olaraq çatdırılarsa, bu çox əhəmiyyətli siyasi nəticələr yaradar. Müxalifətin yeni strategiya ilə, siyasi innovasiyalardan maksimum yararlanmaqla, sosial medianın və sosial şəbəkələrin gücündən istifadə edərək təşkilatlanması üçün ən ideal zaman olduğunu düşünürəm.
Meydan TV