Azərbaycan-Türkiyə-Gürcüstan hərbi birliyi niyə vacibdir?

Azərbaycan-Türkiyə-Gürcüstan hərbi birliyi niyə vacibdir?

Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri iki hissədən ibarət oldu”.

Publika.az
 xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.


Onun sözlərinə görə, Hulusi Akar əvvəlcə Naxçıvanda azərbaycanlı həmkarı Zakir Həsənovla “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş təlimlərini müşahidə etdi: “Təlimlər 4 gün davam etdi. İki ölkənin birgə keçirdiyi təlimlərdə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olundu.

Təlimi izləyənlər arasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da var idi. Vasif Talıbov daha sonra Hulusi Akarla görüşdə Türkiyənın Naxçıvana verdiyi hərbi dəstəklə bağlı maraqlı rəqəmlər söylədi: “1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərib”.

Bunların açıq sölyənməsi olduqca vacibdir, mesaj xarakteri daşıyır. Əslində Vasif Talıbovun səsləndirdiyi rəqəmlər ondan xəbər verir ki, Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə bunu rəsmiləşdirmək lazımdır. Onsuz da ermənilər də açıq deyirlər ki, Türkiyənın Naxçıvanda hərbi varlığı onlarda şübhə doğurmur və son hərbi təlimlər Ermənistana qarşı yönəlib. Bu fikirdə həqiqət ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirdiyi birgə hərbi təlimlər Ermənistanı Naxçıvana qarşı mümkün təxribatlardan çəkindirməlidir. \

Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalı və Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir. Ermənistan da eyni siyasətdən çıxış edir. Ermənistanın Türkiyə və İranla sərhəddini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin”.


E.Şahinoğlu qeyd edib ki, Hulusi Akar Azərbaycana səfərinin ikinci mərhələsində Qəbələyə gəldi.

“Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirildi. Qəbələdə Azərbaycanın və Türkiyənin müdafiə nazirləri ikitərəfli danışıqlar apardılar. Zakir Həsənov bir daha qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub, bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir. Zakir Həsənov daha sonra Qəbələyə gələn Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşüb. Zakir Həsənov bu görüşdə də önəmli fikirlər söyləyib. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə diqqət çəkən Zakir Həsənov NATO ilə əməkdaşlığı da unutmayıb: “Əməkdaşlığımız NATO-nun keçirdiyi proqramlar çərçivəsində və digər sahələrdə aparılır və bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsi vacibdir”. Görüşdə Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Gürcüstan NATO üzvü olmaq istəyir, Azərbaycanın belə bir hədəfi hələ ki, yoxdur. Buna baxmayaraq, Zakir Həsənov iki ölkənin NATO proqramlarında birgə iştirakına diqqət çəkir, o cümlədən boru xətlərinin birgə qorunması vacibliyini vurğulayır. Boru xətlərinin qorunması məsələsində də Azərbaycanla Gürcüstanın NATO-nun imkanlarından istifadəsi nəzərdə tutula bilər. Bu isə o deməkdir ki, Azərbaycanın müdafiə naziri gürcü həmkarı kimi NATO ilə sıx inteqrasiyanın tərəfdarıdır. Qəbələdəki ikitirəfli və üçtərəfli görüşlər həm də ona görə vacib idi ki, rəsmi Tbilisi Azərbaycanla strateji münasibətlərə diqqət yetirsin, bu əməkdaşlığa xələl gətirən addımlardan çəkinsin. Çünki, rəsmi Tbilisinin Azərbaycan və Türkiyə ilə artan hərbi əməkdaşlığı birinci növbədə Gürcüstanın özünə lazımdır, bu onun maraqlarına xidmət edir”, - deyə politoloq bildirib.






Fikirlər