"AXCP ilə Milli Şura indiki mövqelərindən çəkiləcəklər" - İqbal Ağazadə

"AXCP ilə Milli Şura indiki mövqelərindən çəkiləcəklər"- İqbal Ağazadə

Son dövrlər ictimai-siyasi arenada maraqlı proseslər baş verməkdədir. Belə ki, hakimiyyət tərəfdən siyasi opponentlərinə qarşı loyal münasibət sərgilənməkdədir. Hətta yeni bir dialoq mərhələsinin başladığını da düşünmək üçün əsaslar ortaya çıxmaqdadır. İqtidar-müxalifət dialoqu kimi dəyərləndirilən ictimai-siyasi düşərgənin nümayəndələrinin dəyirmi masası da bunlardan biridir. Maraqlıdır, ölkədə nə baş verir? Yeni siyasi situasiya yaranır, yoxsa necə?

"Unikal" qəzetinə müsahibə verən Ümid Partiyasının sədri İqbal Ağazadə ilə bu suallar ətrafında söhbəti təqdim edirik.  

-İqbal bəy, iqtidar tərəfdən ictimai-siyasi arenada müəyyən yumşalmanın yaranmasına xidmət edən addımlar atılmaqdadır. Siyasi qüvvələrin son görüşü də bu qəbildəndir. Siz, belə bir yumşalmanı hiss edirsizmi?

-Hər bir siyasi partiya iqtidarda, müxalifətdən asılı olmayaraq, hər hansı bir tədbir keçirə bilər. Həmin tədbirə də Azərbaycanın siyasi palitrasında təmsil olunan partiyaları dəvət edə bilər. O tədbiri də həmin kontekstdə olan tədbir hesab edirəm. Ana Vətən Partiyasının təşkilatçılığı ilə bir dəyirmi masa keçirildi. Təşkilatçı münasib bildiyi siyasi partiyaların nümayəndələrini ora dəvət edib. Tədbirdə müxtəlif  mövzular müzakirə olundu, hər kəs öz mövqeyini ifadə etdi. Amma bunu iqtidar-müxalifət dialoqu, siyasi tərəflər arasındakı münasibətlərin yumşalması şəklində dəyərləndirilməsini məqbul hesab etmirəm. Bu, mənim mövqeyimdir, başqaları başqa cür düşünür, ona da hörmətlə yanaşıram.

-Sizcə, bundan sonra siyasi qüvvələr arasında yumşalma prosesi başlaya bilərmi?

-Ola bilsin ki, bu tədbir bir nəbz yoxlanmasıdır. Mümkündür ki, növbəti mərhələlərdə də bunabənzər hansısa addımlar atılsın. Çünki dəyirmi masanı təşkil edən partiya iqtidara çox yaxın təşkilatdır və hər zaman iqtidarın mənafeyini müdafiə edir. Ola bilsin ki, nəbz yoxlanmasından sonra hakim partiya, yaxud Administrasiya müəyyən addımlar atsın. Mümkündür ki, hazırda həmin tədbir və ona münasibət dəyərləndirmədədir. Dəyərləndiriləndən sonra siyasi partiyalarla bu və ya digər formada bir masa arxasına keçib müzakirələr aparıla bilər.

-Siz adətən çox kəskin mövqedə olmamısız, əksinə uzlama tərəfdarı kimi çıxış etmisiz. İndi də analoji mövqedəsiz. Necə düşünürsüz, hazırkı situasiyanı nəzərə alsaq, belə bir uzlaşma mümkündürmü?

-Əlbəttə, uzlaşma mümkündür. Onu da doğru qeyd edirsiz ki, mən hər zaman uzlaşmanın, barışın və dialoqun tərəfdarı olmuşam. Çünki ölkənin, cəmiyyətin mənafelərini uzlaşmada, dialoqda görürəm. Uzlaşma üçün iki məsələyə fundamental baxış lazımdır. Birinci, siyasi məhbus və xaricdən olan mühacir məsələsidir. Siyasi məhbus sayılan şəxslərin aministiya və əfv sərəncamı ilə azad olunması vacibdir. İkincisi, xaricdə yaşayan mühacirləri prokurorluq, DİN, o cümlədən, siyasi hakimiyyət tərəfindən onlara qarşı hər hansı hüquqi tədbir görülmədən vətənə qayıtmalarına şərait yaradılması ilə bağlı mövqe ifadə edilməli və bu imkan təmin olunmalıdır. Hesab edirəm ki, belə bir qərar ictimai-siyasi arenada yumşalmanın başlanması mərhələsi ola bilər.

İkinci məsələ isə seçkini gündəmə gətirməkdir. Seçki islahatlarının keçirilməsi istiqamətində hakimiyyət-müxalifət dialoqu baş tuta bilər. Bu istiqamətdə atıla bilən addımlar müxalifətlə iqtidarı yeni münasibətlər sisteminə daşıya bilər. Mən demirəm ki, komissiyalar dərhal bərabər bölünsün, dairə, məntəqə və Mərkəzi Seçki Komissiyasında hər şey bizim tələb etdiyimiz kimi olsun. Biz maksimumu tələb edirik, hakimiyyət isə heç minimumu vermir. Yəni, ilkin addımlar olmalıdır. Minimum şərtlər çərçivəsində bu məsələlərə getmək mümkündür. Bu, Azərbaycanda yeni situasiyanın başlanğıcı ola bilər.

 Buna ehtiyac varmı? Çox ehtiyac var. Azərbaycanda istər siyasi partiyaların, istər sosial şəbəkələrdə vətəndaşların və bloggerlərin, xaricdə fəaliyyət göstərən fəalların ritorikasına baxsaq, real mənzərənin ağır olduğunu görərik. Çünki bu ritorika olduqca kəskin, olduqca qarşıdurma həddində olan ritorikanın olduğunun fərqinə varmalıyıq. Təbii ki, bu ritorika ölkə vətəndaşlarının münasibətlər sisteminə daşınacaq. Cəmiyyət gec-tez bu radikallığın təsiri altında münasibətlər sistemini radikal müstəviyə daşıyacaqlar. Dünyada bu tipli məsələlərin çoxlu örnəkləri var. Bundan heç kim sığortalanmayıb, heç kim də iddia edə bilməz ki, biz bu ritorikanın ölkə vətəndaşlarının davranışına, yaxud münasibətlər sisteminə daşınmasının qarşısını ala biləcəyik. Ona görə də hakimiyyət bunun fərqində olmalıdır ki, qarşıdurma əhval-ruhiyyəsi, gərginlik şəraiti təkcə Azərbaycan cəmiyyətinə ziyan vurmayacaq, həmçinin, iqtidara da ciddi zərbə olacaq. Hətta bu vəziyyət yeni etiraz dalğasının yaranması üçün də əsas ola bilər.

-Nələri nəzərdə tutursunuz?

-Bu gün Ermənistan-Azərbaycan münaqişəsinin həssas olduğu bir dövrdə, münasibətlər sisteminin belə kəskin olduğu şəraitdə mövcud şərtlərin üzərinə bir də qarşıdurma əhval-ruhiyyəsi gəlsə, çətin olacaq. Ölkədə iqtisadi böhranın olduğu göz önündədir, bunu heç kim inkar edə bilməz. Ölkədə təbəqələşmə yoxdur,bir aşağı hissə, bir də yuxarı hissə var. Bazarda qiymətlər kəskin şəkildə qalxır. İqtisadi böhran siyasi böhranla birləşsə, vəziyyət olduqca çətin olacaq. Bu da ölkə üçün yaxşı heç nə vəd eləmir.  

-İqbal bəy, müxalifətin elə kəsimi var ki, hansısa dialoqa, söhbətə getməyin mənasız olduğunu bildirirlər. AXCP, Milli Şuranın sərgilədiyi mövqedən görünür ki, hər hansı təmasa getməyə maraq göstərməyəcəklər. Bu barədə nə deyə bilərsiniz?

-Hesab etmirəm ki, AXCP, yaxud Milli Şura sonsuza qədər bu mövqelərində dayanacaqlar. Dialoqun predmeti, mövzusu bəlli olsa, bilinsə ki, siyasi məhbus və xaricdə yaşayan fəalların məsələsi müzakirə olunacaq, o zaman hər kəs dialoqa hazır olar. İnanıram ki, bu məsələlər müzakirəyə çıxarılsa AXCP ilə Milli Şura indiki mövqelərindən çəkilərlər. Hesab etmirəm ki, kimsə özünü kənarda qoyaraq, vəziyyətin gərginləşməsinə xidmət edən mövqe sərgiləsin. Onlar da geri durmağı bacaracaq. Düşünürəm ki, bu istiqamətdə ciddi və məqsədli addım atılsa, Azərbaycanda heç bir siyasi partiya bu prosesdən kənarda qalmayacaq. Əgər kimsə kənarda qalacaqsa, o, partiyasına ziyan vuracaq. Çünki cəmiyyət bu mövqenin, bu münasibətlər sisteminin gerçəkləşməsinin tərəfdarıdır. Cəmiyyətin böyük bir kəsimi iqtidarla-müxalifətin predmetli dialoqunun, danışıqlarının tərəfdarıdır. Ondan çıxan nəticələri də səbirsizliklə gözləyir ki, cəmiyyətdə həm problemlər həll olunsun, həm yumşalma dövrü başlansın, həm də münasibətlər sistemində yeni müstəvi açılsın. Mən fərdiləşdirmək istəmirəm, hansısa partiyanın üzərində foslaşdırmağı da lüzumsuz hesab edirəm. Amma iştirak etmək istəməyən partiyalar özü cəmiyyətin bu sifarişini görərək, məzmunlu dialoqun tərəfində olacaqlar.

-Bəs belə bir dialoqun olacağına nə qədər inanırsınız?

-Düzü, mən hələlik buna inanmıram. Hesab edirəm ki, hakimiyyət içərisində bu addımı atacaq, bu qərarı qəbul edəcək əhval-ruhiyyə yoxdur.

-Maraqlıdır, xaricdə yaşayan mühacirlərin bağışlanması, onlara təminat verilməsi, eləcə də onların bu təminata etibar eləmələri elə də asan məsələ deyil. Sizcə, belə bir mühitin formalaşma imkanı varmı?

- Dövlətin, hakimiyyətin vəzifəsi bağışlamaqdır. Vətəndaş nə qədər sərt, nə qədər kəskin mövqedə olsa belə, dövlət onu bağışlamağı bacarmalıdır. Mən hər zaman yazılarımda da, çıxışlarımda da qeyd etmişəm ki, dövlət vətəndaş üçün bir babadır, atadır. Ata hətta cinayətkar övladını necə bağışlayırsa, dövlət də vətəndaşına, iqtidarına münasibətinə baxmayaraq, yumşaq münasibətini göstərməlidir. Dövlətin bir nömrəli vəzifəsi vətəndaşını qorumaqdır, ona sahib çıxmaqdır. Kimlərsə yenə də daha sərt şəkildə davam edəcəksə, bu, artıq vətəndaşın fərdi məsuliyyətidir. Mənə elə gəlir ki, bundan da incimək lazım deyil. Zaman-zaman bu cür proseslər dünyanın müxtəlif ölkələrində olub və müəyyən müddətdən sonra hər şey öz məcrasına düşüb. Cəmiyyətin yeni münasibətlər sistemində proseslərə münasibətindən asılı olaraq, adamlar dəyişməyə məcbur olacaq. Çünki sosial sifarişin nə olduğunu biləcəklər. Bu gün sosial sifariş iqtidar-müxalifət münasibətləri və problemlərin çoxluğu ucbatından fərqli ritorikaya söykənib. Əgər sabah münasibətlər sistemi normallaşacaqsa, sosial sifariş sərt ritorika olmayacaq, yumşaq və ilımlı, o cümlədən dialoq ritorikası olacaq. O zaman siyasi tərəflər də məcbur olacaqlar ki, bu ritorikaya uysunlar.






Fikirlər