Ermənistan qarışır – Bakının yaratdığı “Valday” sindromu
Azərbaycan prezidenti İlham Əliyevin keçən həftə “Valday” forumunda etdiyi çıxışı işğalçı Ermənistanda hələ də qızğın müzakirə mövzusudur. Çıxış əsasən iki hissədən ibarət idi: 1.Qarabağ konfliktinin tarixi və mahiyyətinin bir daha dünya ictimaiyyətinə çatdırılması, münaqişənin həllinə münasibətdə “ikili standart” siyasətinin yolverilməzliyi. 2. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı sərsəmləmələri və yalanlarına tutarlı cavab, o sırada Paşinyanın tez-tez dilə gətirdiyi “Dağlıq Qarabağ xalqı” mifinin faş edilməsi. Məlumdur ki, çıxış üçün yer də uğurlu seçilmişdi. Üstəlik, Azərbaycan prezidenti Qarabağ həqiqətini dünyaya Rusiya prezidenti Vladimir Putinin də dinləyicisi olduğu auditoriyadan bəyan edirdi. Çıxışdan bir gün qabaq isə Rusiya xarici işlər naziri Sergey Lavrov Nikol Paşinyanı “Qarabağ Ermənistanındır və nöqtə” fikrinə görə qınamış, belə mövqeyin sülh prosesinə fayda gətirmədiyini bildirmişdi. Lakin rəsmi Moskva İlham Əliyevin analoji bəyanatına, daha doğrusu, kontur-cavabına (“Qarabağ Azərbaycanıdır və nida işarəsi!”) heç bir neqativ reaksiya bildirmədi – nə Sergey Lavrov, nə də onun sözçüsü Mariya Zaxarova səviyyəsində. Bu da məntiqlidir. Çünki dünya birliyi, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. İlham Əliyevin çıxışında xatırlatdığı BMT TŞ-nin Qarabağa dair 4 qətnaməsində də ərazi bütövlüyü prinsip əksini tapıb və Ermənistan işğalçı kimi göstərilib.
Ermənistanın siyasi isteblişmentində güclü təlaş yaradan məqam da elə budur. İrəvanın 1 nömrəli müttəfiqi sayılan Rusiyadan belə bəyanatın səslənməsi, üstəlik, ona rəsmi Moskvanın, Putinin, Lavrovun, Zaxarovanın susqunluq göstərməsi. Çünki susmaq razılıq əlaməti sayılır. Bu mənada çıxış işğalçı ölkədə haqlı olaraq Bakının uğurlu diplomatik həmləsi kimi qiymətləndirilib. Paralel surətdə Paşinyan və onun xarici siyasəti ciddi tənqidə tuş gəlib. Yeri gəlmişkən, Azərbaycan prezidenti srağagün Qobuda köçkün qəsəbəsinin açılışı zamanı etdiyi çıxışında bir daha Soçidəki tezisi təkrarlayıb. Bildirib ki, sülh danışıqlarında Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb, olmayacaq. “Dağlıq Qarabağ Azərbaycanındır, nida işarəsi. Vəssalam”, - deyə prezident İlham Əliyev əzəli torpaqlarımızda ikinci saxta erməni dövləti qurmaq sevdası ilə yaşayan erməniləri arzusunu həmişəlik basdırıb. Onların, ilk növbədə də avantürist erməni rəhbərlərinin, eləcə də işğalçının başını sığallayan çevrələrin boşuna gözlədikləri barədə aydın mesaj verib. *****
Bir sözlə, Paşinyanın iki ay öncə verdiyi təxribatçı açıqlama bumeranq effekti verərək, bütünlüklə onun və işğalçı ölkəsinin əleyhinə işləyib. Hazırda İrəvan yaranmış uğursuz situasiyadan necə çıxmaq barədə baş sındırır. Eyni zamanda deyəsən, “günah keçisi” axtarışına çıxıb. Belə ki, Paşinyan Qarabağa cəbhəsində son uğursuzluğa görə xarici işlər naziri Zoqrab Mnatsakanyana qəzəblənib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Past” erməni nəşri yazıb. Qəzet bildirir ki, baş nazir XİN rəhbərinin Qarabağ problemi ilə bağlı fəaliyyətindən və Rusiya ilə işindən bərk narazıdır. “Paşinyan Lavrovun qəfil Qarabağ bəyanatına qəzəblidir. Bununla bağlı o, hesab edir ki, Mnatsakanyan öz işinin öhdəsindən layiqincə gəlməyib və Rusiya tərəfinə onun bəyanatlarının mənasını anlatmayıb, erməni tərəfindən mövqeyini ona çatdırmayıb”, - deyə qəzet qeyd edib. Yerli media da ölkə rəhbərliyi kimi Bakının yaratdığı “Valday” sindromundan dolayı məyusluq içindədir. Məsələn, son zamanlar Bakı və Moskva arasında dərinləşən münasibətlərə diqqət çəkən erməni siyasi şərhçi Akop Bədəlyan Lragir.az saytında gedən prosesin Dağlıq Qarabağ münaqişəsi baxımından Ermənistan üçün yaxşı bir şey vəd etmədiyini yazıb. Bədəlyan Soçidə Rusiyanın Bakıya etdiyi, Azərbaycanda AES tikmək təklifini də siyasi xarakterli hesab edir və Ermənistana yaxşı mesaj olmadığını yazıb – hərçənd neft-qazla zəngin Azərbaycanın belə stansiyalara hələlik ehtiyacı yoxdur. “Rusiyanın Azərbaycanda nüvə stansiyası tikmək istəyi xüsusi maraq kəsb edir. Rusiya Azərbaycana nüvə elektrik stansiyası təklif etməklə, Ermənistanla müttəfiqlik əlaqələrinə zərbə vurur. Moskva həm də ATƏT-in Minsk Qrupunun həmsədridir, həm də guya Ermənistanın strateji tərəfdaşıdır və KTMT üzvüdür. Lakin Bakıya ən müasir silahlarını satır və qarşı tərəfin bu silahlardan istifadə etməməsi üçün heç bir təzyiq göstərmir”, - deyə erməni ekspert narazı şəkildə qeyd edib . *****
Bu arada Ermənistanda Paşinyandan xilas hərəkatı vüsət almaqdadır. “Ötən ilyarım ərzində Paşinyanın silahdaşları əmin oldular ki, o, beynindən iliyinə kimi antidövlət adamıdır. Paşinyanın keçdiyi yol və idarəçilik fəlsəfəsi marginaldır və dövlətə heç bir dəxli yoxdur”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə 7 or.am saytının siyasi şərhçisi Koryun Manukyan yazıb. Onun sözlərinə görə, Nikol heç bir qurucu qabiliyyətə malik deyil. “Onun işi dağıtmaqdır. Nikolun batmaqda olan gəmisi öz kapitanının destruktiv fəaliyyəti şəraitində nə qədər duruş gətirə bilər ki? Önəmli bu deyil. Mühüm olanı odur ki, Ermənistan diletantlıq və antidövlətçilik təsirləri altında nə qədər duruş gətirəcək”, - deyə müəllif qeyd edib. Erməni siyasi şərhçi əmindir ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması yalnız zaman məsələsidir. “Bu, şübhə doğurmur. Ermənilərin vəzifəsi odur ki, bu müddətdə Ermənistanda ciddi dağıntılar olmasın və təhlükəsizlik sistemlərinə geridönməz zərbələr dəyməsin. Əgər Ermənistan bu vəziyyətdən itkisiz və ya minimal itkilərlə çıxa bilsə, bunu böyük uğur saymaq mümkün olacaq”, - deyə o əlavə edib. Qalır, prosesin məntiqi sonluğunu gözləmək. Təbii ki, ilk növbədə Azərbaycan bu prosesi diqqətlə izləməlidir. Ən azından Qarabağ məsələsinə görə... Paşinyanın Qarabağla bağlı təxribatçı açıqlamaları bumeranq effekti ilə özünə qayıdıb; baş nazir “günah keçisi” axtarışında; erməni şərhçi: “Onun hakimiyyətdən uzaqlaşdırılması zaman məsələsidir...”