“Bundan da betər sabotajçılıq, islahatlara əngəl yaratmaq OLA BILƏRMİ

“Bundan da betər sabotajçılıq, islahatlara əngəl yaratmaq ola bilərmi?”

Xatrılayıram ki, bir müddət öncə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yazılanlara münasibət bildirərkən Baş nazirin müavini Əli Əhmədov bunu jurnalistlərin oxucu sayı artırmaq üçün etdiklərini bildirmişdi. İndi baxıram ki, oxucu, izləyici sayını pik nöqtəyə çatdıran deputat Xanhüseyn Kazimlının parlament komitəsindəki çıxışı olub. Deputat bir əndrabadi çıxışı ilə Azərbaycan sosial media sektorunda trendə çevrilib”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Deputatlarla bağlı sərt fikirlər səsləndirən O. Gündüz sözlərinə belə davam edib:

Bir müddət öncə isə borc qalmaqalı ilə üzləşən və deputat mandatından imtina edən başqa bir deputat (Rəfael Cəbrayılov – Red.) sosial mediada trendə çevrilmişdi. Ondan öncə isə vergiləri ödəməyən və dövlət məmurlarına qarşı zor işlədən daha bir deputat (İqbal Məmmədov – Red.) trendə çevrilmişdi.

Buradan belə qənaətə gəlmək olar ki , əslində hörmətli Əli müəllimin arqumentləri ciddi deyil. Yəni, əslində oxucu və izləyici sayını mövcud parlamentin özündə baş verənlər, mövcud deputatların açıqlamalrı və hərəkətləri, həmçinin də hərəkətsizliyi artırır.

Ekspert bəzi deputatların ölkədə gedən islahatlara mane olduğunu deyib:

Yeri gəlmişkən , baş verənlər bir daha göstərir ki növbədənkənar parlanemt seçkiləri hazırda Prezident tərəfindən davam etdirilən islahatlara ciddi, çox böyük dəstək ola bilərdi. Cəmi bir neçə aktiv deputatları çıxmaq şərtilə, deputatların xeyli hissəsi, ancaq tormozlamaq, mənfi imic qazandırmaq, kölgə salmaqla məşğuldur.

Bir neçə gün öncə İTV-də deputat Vahid Əhmədovun çıxışını izlədim. Bu çıxış da yaxşı mənada trendə çevrilmişdi. Özüm bu haqda nə qədər yazsam da, birbaşa “mətbəxin” içərisində olan Vahid bəyin haqsız rəqabərtlə, deputat-məmur biznesi ilə bağlı dediklərindən heyrətlənməmək mümkün deyil. Deputat açıq aşkar deyir ki, bu Milli Məclis də, ondan əvvəlki də, həmçinin ondan da əvvəlkilər, 13 il ərzində bilərəkdən, qəsdən Rəqabət Məcəlləsini qəbul etməyə qoymayıblar. Ki, öz bizneslərinə birdən xələl gələr. İndi görün bu cür qüdrətə malik deputatlar bü 13 il ərzində qəbul edilən qanunlara öz bisneslərini qorumaq, inhisarçı mühit formalaşdırmaq üçün nə qədər A, B C, maddələri əlavə edə biliblər.

Növbədənkənar seçkilərin əleyhinə olanlaradır sözüm. Bundan da betər sabotajçılıq ola bilərmi? Bundan da betər islahatlara əngəl yaratmaq ola bilərmi?. Görünür, Prezident də artıq 13 il bu məcəlləni rədd edən Milli Məclisdən əlini üzdüyünə görə, hədsiz sərt formada mesajlar vermiş, islahatları sürətləndirmək üçün nazir Mikayıl Cabbarova inzibati üsullarla, “top-tüfənglə”də olsa, inhisarçılığa, haqsız rəqabət aparanlara qarşı amansız olmağı tapşırmışdı. Məcəllə, qanunlar olmayanda, zatən başqa yol da qalmır.

Anlamıram ki, bu deputatalar daha necə maneçilik etməlidirlər, necə əngəllər yaratmalıdırlar, hansı hərəkətlərə yol verməlidirlər ki, növbədənkənar parlament seçkiləri qaçılmaz olsun”.






Fikirlər