Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Qaynarinfo-ya müsahibəsində son günlərin aktual mövzusu olan ABŞ və Türkiyə arasında yaşanan gərginliyi, onun mümkün nəticələrini şərh edib.
- Elxan bəy, ABŞ Türkiyədən konkret olar aq nə tələb edir?
- ABŞ digər ölkələrdən nə tələb edirsə, Türkiyədən də onu tələb edir. Yəni, Amerikanın bütün istəkləri, tələbləri yerinə yetirilsin. Bu isə mümkün deyil. Düzdür, Amerika dünyanın supergücüdür, amma bəzən Amerikanın Türkiyə ilə maraqları kəsişir. Türkiyə necə razı ola bilər ki, Amerika gəlib PKK terrorçuları ilə ittifaq qursun və yaxud illərdir Türkiyə tələb edir ki, Fətullah Gülən Türkiyəyə verilsin, amma ABŞ bu tələbi yerinə yetirmir. Bütün bu məsələlər sonda ona gətirib ki, maraqlar kəsişib və ABŞ da hansısa "erməni soyqırımı"nı qəbul etməklə Türkiyəyə təsir etdiyini düşünür. Ancaq əks nəticə ilə üzləşə bilər. ABŞ bununla Türkiyəni özündən daha çox uzaqlaşdıracaq. Türkiyə uzun illər Amerikanın müttəfiqi olub, hətta "soyuq müharibə"də hər zaman Amerikanı dəstəkləyib. Ancaq artıq "soyuq müharibə" illəri deyil. Türkiyə regional gücə çevrilib və Amerika bununla barışmaq istəmir.
- Türkiyə geri addım atmasa, ABŞ Türkiyəyə hansı zərbəni vura bilər?
- Amerika əlində olan bütün alətləri Türkiyənin əleyhinə işə salıb: həm şəxslərə, həm şirkətlərə, həm mallara qarşı sanksiyalar, erməni qətnaməsinin qəbulu, Suriyada terrorçulara verilən dəstək, bütün hamısı təzyiqdir. Bundan artığını ehtimal etmirəm.
- Bəs ölkəxaili təxribatlar törədə bilərlərmi?
- Bu, çox risklidir. İnanmıram Amerika buna getsin. Əlbəttə, təəssüf ki, Amerikanın təcrübəsində belə hallar olub; müxtəlif ölkələrdə qiyamlar, çevrilişlər həyata keçirib. Buna misal olaraq Latın Amerikasını göstərmək olar. Əslində, 2015-ci ildə Türkiyədə buna bənzər hal oldu. Fətullah Gülən nə üçün çevriliş etmək istəyirdi? Şübhələr var ki, bu çevriliş Amerikadakı müəyyən qüvvələr tərəfindən idarə olunurdu. Ancaq baş tutmadı, cəmiyyət hakimiyyəti dəstəklədi. Çevriliş edəcəklərinə inanmıram. Türkiyənin əleyhinə mümkün olan bütün tədbirləri ediblər. Halbuki, keçmiş illər ərzində ən yaxın müttəfiq olublar. Ancaq indi strateji müttəfiqlikdən vaz keçiblər. Son vaxtlar Türkiyə Rusiya və İranla yaxınlaşmağa çalışır, bu isə Amerikanın təhlükəsizlik maraqlarına uyğun deyil.
- "İncirlik" məsələsi Türkiyəyə nə kimi avantaj yarada bilər?
- Avantaj o ola bilər ki, Amerika siyasəti Türkiyə siyasətini korrektə eləsin, Güləni təhvil versin, PKK ilə deyil, Türkiyə ilə birgə hərəkət etsin; bütün bunlar baş verərsə, köhnə əlaqələr bərpa oluna bilər. Ancaq hesab etmirəm ki, Amerika buna gəlib çıxa. Niyə? Amerika Türkiyəyə ona görə təzyiq edir ki, niyə Rusiyadan S-400 raketlərini alıb. Amma haqlı olaraq aldı. Çünki Türkiyə ondan oncə Amerikadan "Patriot”ları istəmişdi, amma satmadılar. Onlar da Rusiyaya müraciət etdilər. Yəni, bunun günahkarı Türkiyə deyil, Amerikadır. İnanmıram ki, Amerika geriyə gediş etsin. Baxmayaraq ki, ABŞ Prezidenti Donald Tramp Ərdoğanın ünvanına sərt ifadələr işlədib, amma daha çox deyir ki, Ərdoğan dostumdur, yaxınımdır, noyabr ayında hələ görüşə də dəvət edib. Tramp prezident olaraq Türkiyə ilə strateji münasibətlərin tərədarıdır, ancaq ABŞ təkcə prezidentdən, Trampdan ibarət deyil. Orada ermənipərəst Konqres var, Dövlət Departamenti, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi var və bunlar prezidentin siyasətinə təsir edirlər.
- Bəs Donald Tramp demokratların təzyiqi ilə Türkiyəyə qarşı layihələri təsdiq etsə, nəticəsi nə olar?
- Heç nə dəyişməyəcək. İndiyə kimi bir neçə Avropa ölkəsi Türkiyənin əleyhinə "erməni soyqırı"mı qətnaməsini qəbul edib. Güya nə dəyişib ki? Əksinə, Türkiyə o dövlətlərdən daha da uzaqlaşıb. İndi də elə olacaq. Əgər Amerika Senatı Nümayəndələr Palatasının bu qətnaməsini təsdiq etsə və gələcəkdə Tramp olmasın, hansısa Amerika prezidenti həmin qətnaməyə imza atsa, Türkiyəyə bunun mənfi təsirləri olmayacaq. Nə olmalıdır? Türkiyə üzr istəyəsi deyil, konpensasiya verəsi deyil, əksinə, Türkiyə ilə həmin dövlət arasında soyuqluq daha da artacaq. Bu da Türkiyənin deyil, həmin dövlətin ziyanına olacaq. Dəyişən bir şey olamayaq. Dünən Rəcəb Tayyib Ərdoğan parlamentdəki çıxışında da dedi ki, amerikanlar özləri çalıb, özləri oynayırlar. (qaynarinfo.az)