Minlərlə erməni ölkədən qaçır, ordu dağılmaq həddindədir – İşğalçı ölkədə gizlədilən BÖHRAN

Minlərlə erməni ölkədən qaçır, ordu dağılmaq həddindədir – İşğalçı ölkədə gizlədilən BÖHRAN

Ermənistanda Nikol Paşinyan hakimiyyəti ölkəni xilas etdiklərini iddia edir və davamlı olaraq, keçmiş hakimiyyətin əməllərini gündəmdə saxlayır. Lakin ictimai rəydə hər şeyin kağız üzərində olduğu fikri hakimdir.

Baş nazir Nikol Paşinyan bu günlərdə Feysbuk səhifəsində yazdı ki, xarici media Ermənistan hökumətinin iqtisadi-siyasi islahatlarını yüksək qiymətləndirir.

“Bu, Ermənistanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirir”, - Paşinyan iddia edir.

Erməni şərhçi Romella Mnasakanyan isə real vəziyyətin fərqli olduğunu qeyd edir.

Onun sözlərinə görə, ölkədəki vəziyyətə qərəzsiz baxmaq lazımdır və belə baxanda hər şey reallığı ilə görünür.

Beynəlxalq ekspertlər 2020-ci ildə qlobal maliyyə böhranının olacağından danışırlar. Söhbət 2008-ci ildəki böhranın təkrarlanmasından gedir. Bu, Ermənistana da təsir edəcək. Ermənistanda inqilabdan sonra yeganə dəyişən şey Rusiya ilə münasibətlərin pozulmasıdır. Hərçənd, iqtisadi inqilab sözü verilmişdi. Əvəzində işsizlik, yoxsulluq və miqrasiya problemi artan xətt üzrə davam edir. Beynəlxalq investorlar bütün bu vəziyyəti yaxşı bilirlər”, - o yazıb.

Erməni şərhçi qeyd edir ki, gözlənilən qlobal böhrandan çıxış yolu borc almaqdır: “Ermənistanın borca ehtiyacı var, baş nazir isə xarici mətbuatdan danışır. Ölkədə hamı bilir ki, Paşinyan populistdir, buna görə onun xarici media haqda dediklərinə fikir vermək lazım deyil. Zamanı çatanda borc verənlər xarici mediada gedən yazılara yox, real vəziyyətə baxacaqlar. Real vəziyyət isə deyilənlərin tam əksinədir. Hakimiyyətdən soruşmaq lazımdır: miqrasiya, işsizlik, yoxsulluq nə zaman bitəcək və ölkədə vətəndaşların şəxsi həyatında hiss olunacaq iqtisadi inkişaf nə zaman olacaq, hansı ki, bu haqda xarici medianın yazmasına ehtiyac yoxdur?!”.

İşğalçı ölkədən insanların ölkədən qaçışı davam edir. Ermənistan Statistika Komitəsinin 2011-2019-cu illər üzrə açıqladığı son məlumatda ölkədə əhalinin sayının 3 milyondan az olduğunu qeyd olunur. 2019-cu ilin 1 oktyabrı tarixində ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin sayı 11,7 min azalıb. Bu, rəsmi statistikadır və rəqəmlərin maksimim kiçildiyi deyilir. Real vəziyyət daha dəhşətlidir.

Erməni şərhçi Tevos Arşakyan yazır ki, ölkədə yeni iş yerləri yaradılmadı və işsizliyin dərəcəsi getdikcə böyüyür, buna görə də işsizlər vətəni tərk etməyə, yaşamaq üçün başqa ölkələrə getməyə davam edirlər.

“Statistika Komitəsinin məlumatlı olduqca kədərlidir. Lakin baş nazir Nikol Paşinyan Parisdə UNESCO-nun qərargahında keçirilən 40-cı sessiyada “Gənclərin çoxtərəfli siyasətdə perspektivləri” mövzusunda çıxış edir. Yəqin ki, köməkçiləri bu çıxışın üzərində çox da baş sındırmayıblar, çünki Ermənistanda gənclərin heç bir perspektivi yoxdur. Statistika Komitəsinin son hesabatı buna rəsmi nümunədir. Axı ölkədən adətən kimlər gedir? İlk növbədə gənclər, çünki ölkədə ləyaqətli həyat qura bilmirlər. Hakimiyyət danışır ki, ötən il, yaxud ondan əvvəlki illərlə müqayisədə Ermənistanda iqtisadi göstəricilər artır, yeni iş yerləri yaranır. Reallıqda tamamilə başqa mənzərə görürük. Əlbəttə 92-93-cü illərin soyuq qışına dözən insanlar bu gün ölkəni tərk etmirlər, çünki onlar vərdiş ediblər. Amma razılaşın ki, gənclər kardinal şəkildə dəyişiblər, onlar soyuq qışda istilik olmadan keçinməyiblər və perspektiv görməyəndə özlərinə başqa ölkələrdə alternativlər axtarırlar. Onlar istəyir ki, yaxşı işləri olsun, hüquqları qorunsun, keyfiyyətli təhsil, yaxşı tibbi xidmət alsınlar. Bütün bunlar hazırda Ermənistanda mümkündürmü? Əfsus ki, xeyr”, - Arşakyan qeyd edir.

O, inqilabdan sonrakı il yarım ərzində Paşinyanın heç bir problemi həll edə bilmədiyinə diqqət çəkib: “Hakimiyyət çoxsaylı vədlər versə də, əhalinin sosial təminatsızlığı problemini həll edə bilmədi. Əgər rəqəmlərlə sübut etmək lazımdırsa, son bir ildə ölkəni 11,7 min insanın tərk etməsinə nəzər yetirin”.

Maraqlıdır ki, Nikol Paşinyan yaxın günlərdə yenə Feysbukda elan etdi ki, 2019-cu ilin ikinci rübündə ölkədə işsizlərin sayı 29200 nəfər azalıb, nəticədə 207200 nəfər olub.

Tevos Arşakyan isə yazır ki, buna sevinmək gülüncdür: “Çünki işsizlərin sayı yeni iş yerlərinin yaradılmasına görə yox, ölkədən gedənlərə görə azalıb. Beləliklə, rəsmi statistikada göstərilən 11,7 min insanı 29200 insana əlavə etsək, onda biz son bir ildə beyin axınını tam təsəvvür edə bilərik”.

Ermənistan cəmiyyətindəki acınacaqlı vəziyyət orduda da hökm sürür. Xüsusilə intiharların sayının getdikcə artması diqqət çəkir. 2019-cu ilin 9 ayı ərzində erməni ordusunda 35 ölüm hadisəsi qeydə alınıb, onlardan 8-si intihardır. Ermənistan parlamentində Cinayət Məcəlləsinə dəyişiklik edilməsi və hərbi qulluqçuların intihar həddinə çatdırılması ilə bağlı maddələrin sərtləşdirilməsi haqda qanun təklifi irəli sürülüb. Deputatlar hesab edirlər ki, bu, ordudakı vəziyyəti qismən düzəldə bilər.

Lakin ordunun problemləri ilə məşğul olan hüquq müdafiəçisi Janna Aleksanyan qanunun dəyişilməsi ilə problemin həllinin mümkün olmadığını hesab edir.

Onun sözlərinə görə, hər şeydən öncə İstintaq Komitəsi orduda qətl və intiharların səbəbini araşdırmalıdır: “Bu gün ən aktual sual budur, lakin heç kim bu məsələni araşdırmır. Kimsə intihara təhrikə görə cəzalandırılırsa, bu, problemin kökünü həll etmir. Yəni real günahkarlar həmişə cəzasız qalır. Misal üçün, bu günlərdə əsgər Volodya Qaloyanın ölümü ilə bağlı cinayət işi açıldı. İddia olunurdu ki, əsgər özünə qəsd edib. Lakin məlum oldu ki, onun bədənində 22 güllə yarası var və atəş yaxından açılmayıb. Əsgəri qətlə yetirmişdilər”.

Erməni hüquq müdafiəçisi bildirib ki, orduda ən böyük problem nizam-intizamın olmamasıdır.

“Əsgərlər hər gün öz aralarında problem yaşayır, lakin bu haqda heç kim bilmir, yaxud maraqlanmır. Gümridə Qevorq Aroyan işi buna nümunədir. Əsgər hərbi hissədə özünü digərlərindən üstün tuturmuş, amma heç kim onun qarşısını almayıb. Sonda onu öldürdülər və buna intihar görüntüsü verdilər”, - Aleksanyan qeyd edib.

Faktlar işğalçı ölkədə sosial-iqtisadi depressiyanın gücləndiyini, buna paralel olaraq, orduda vəziyyətin daha da ağırlaşdığını təsdiqləyir. (publika.az)






Fikirlər