Deputat: “Karantin rejimindən istifadə edilərək müxalifyönlü şəxslərin həbs edilməsi mümkün deyil”
“Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının da təmsil olunduğu Milli Şura hakimiyyətin atdığı addımlarla bağlı bəyanat yayıb. Bəyanat ingilis dilinə tərcümə edilib və yayılıb. Burada xüsusi karantin rejimində Əli Kərimlinin köməkçisinin və partiyanın digər üzvlərinin saxlanılması bildirilir. Koronavirusla bağlı önləyici tədbirlər siyasi mənsubiyyətəmi baxır? Karantin rejimini pozduqları üçün saxlanılar arasında partiya üzvü olmayanlar da var. Nə etməlidirlər, polis karantin rejimini pozan şəxs AXCP-nin üzvüdürsə, radikal müxalifətdirsə, güzəşt etməlidir?”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. “Obyektivliyə tam riayət olunur. Hansısa partiyanın üzvlərinə qarşı fərqli addım atılması ilə bağlı iddiaların əsası yoxdur. Onlar bildirirlər ki, karantin rejimi qaydalarından istifadə edərək müxalifyönlü şəxsləri həbs edirlər. Belə şey mümkün deyil. Məhdudiyyətlər hər kəs üçündür, tətbiq olunan qaydaları pozmaq olmaz. Həmin şəxslər xarici dövlətlərə müraciət edirlər ki, Azərbaycan hakimiyyəti ilə bağlı tədbir görsünlər. Başa düşə bilmirəm, Milli Şura daxili məsələyə görə dünya ictimaiyyətinə niyə müraciət edir? Bu, özünüzün gücsüzlüyünüzü etiraf etməkdir. Azərbaycanın ağası xaricdə oturur? Böyük dövlətlərin ərəb ölkələrində yaratdığı demokratiyaya yaxşı bələdik... Azərbaycan hakimiyyətinə qarşı bəyanat verən senatorlar, konqresmenlər nədənsə ermənipərəstlər olur. Müxalifət də onlara müraciət edir. Buna nə ad vermək olar? Bir daha qeyd edirəm, ölkədə xüsusi karantin rejimi tətbiq olunur, qaydalara riayət etmək lazımdır. Bu çətin vəziyyətdə birlik, həmrəylik nümayiş etdirilməlidir. Hər şey daxildə həll edilməlidir” – T.Kərimli bildirib.