İranla işğalçı Ermənistanın gizli qardaşlığı növbəti dəfə üzə çıxdı — ŞOK FAKTLAR (VİDEO)
“Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pul qazanırlar və virus gətirirlər. Bu, cinayət kolonudur...”. Bunu Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki ermənilər deyir. Ermənilər İran TIR-larının işğal edilmiş əraziyə yük daşıdığını telefonla videolentə alır və separatçı Bako Saakyan rejimini tənqid edirlər. Onlar bildirir ki, iranlı sürücülər yüklə bərabər özləri ilə koronavirus da daşıyır. Bu, faktdır və təkcə ermənilərin etiraz etdiyi kimi, işğalçı Ermənistanın kömək qarşılığında koronavirusun yayılmasına razı olması yox, həm də qonşu İranın Azərbaycan torpaqlarını işğal edənlərə dəstəyi, işğalın davam etməsinə verdiyi yardımın faktıdır. Belə faktlar dəfələrlə gündəmə gəlib. Azərbaycan tərəfi İranla mehriban qonşuluq siyasətini prioritet istiqamət olaraq qəbul etsə də, çox təəssüf ki, adekvat münasibət göstərilmir. Azərbaycan tərəfinin işğal olunmuş ərazilərin İranla Ermənistan arasında dəhliz kimi istifadə edildiyi faktını dəfələrlə qaldırsa da, qonşu ölkə bunu təkzib etməyə çalışır, yaxud heç bir reaksiya vermədən, qeyri-qanuni addımlarını davam etdirir. Bu video növbəti dəfə Azərbaycanın haqlı olduğunu sübut etdi. Bu dəhlizdən əsasən narkotik, silah-sursatın daşınması, eləcə də çirkli pulların yuyulması üçün istifadə olunur.
Maraqlıdır ki, rəsmi Tehran Azərbaycanla münasibətlərin pisləşməsində maraqlı tərəf kimi iştirak etmir. İki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlər yüksək səviyyədədir, o cümlədən, bir sıra beynəlxalq nəqliyyat layihələrində iştirak edirlər. O zaman sual yaranır, İranda işğalçı ölkəyə dəstək verənlər kimlərdir, ermənilərin özlərinin ifşa etdiyi bu yüklər kimə məxsusdur? Araşdırmalar təsdiqləyir ki, İranda bu dəhlizdən istifadə edən əsas təşkilat SEPAH-dır (İslam İnqilabi Keşikçiləri Korpusu). SEPAH-a aid şirkətlərin yük maşınları Qarabağa, Ermənistana, hətta oradan Gürcüstana da qeyri-qanuni yollarla benzin, yanacaq məhsulları daşıyır, bu çikrli biznesdən əldə oluna gəlirlər SEPAH-ın qeyri-qanuni əməllərini maliyyələşməsində istifsdə olunur. Burada SEPAH-ın maliyyə maraqlarının olması aydındır. Lakin işğalçı ölkə də bu çirkli biznesdən qazanan tərəfdir. Belə ki, SEPAH-ın Qarabağa və Ermənistana daşıdığı yanacaq malları bazar qiymətindən daha aşağı qiymətə satılır, bununla yanaşı, işğalçı ölkənin ordusunun yanacaq ehtiyacının ödənməsində istifadə olunur. Bu o deməkdir ki, Ermənistan ordusunun hərbi texnikası İrandan qeyri-qanuni yollarla gələn yanacaqla hərəkət edir. Bu həm də o deməkdir ki, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasında və işğalçı ölkənin təxribat hücumları ilə Azərbaycan əsgərini şəhid etməsində İranın dolayısı ilə rolu var. Görəsən, Azərbaycanın ərazi bütövlüyünü rəsmi bəyanatlarla dəstəkləyən İran, Azərbaycandakı şiələrin təəssübkeşi kimi çıxış edən mollalar, eləcə də Azərbaycanda həmin mollaların “aşiqləri” bu faktlara nə deyəcəklər, yaxud necə don geyindirəcəklər. Hələ Qasım Süleymaninin “fan klubu” hansı moizələri oxuyacaq?!
Ərdəbildə və İranın digər şəhərlərində hər cümə xütbəsində Azərbaycana qarşı yalan və iftiralar yağdıran mollalar, onların Azərbaycandakı əlaltıları bu danılmaz fakt qarşısında hansı özlərinə necə bəraət qazandıracaqlar?! İran tərəfi bu videonun real olmadığını, iki ölkə arasındakı münasibətləri pozmaq istəyən qüvvələrin təxribatı kimi dəyərləndirir. Biz çox istəyərdik ki, bu belə də olsun. Amma ortada fakt var və bu ilk fakt deyil. Hələ I Qarabağ müharibəsində Ermənistana silah, Azərbaycana soğan verən də İran idi, işğal altındakı ərazilərdən qeyri-qanuni biznes üçün istifadə edən və mövcud status-kvonun saxlanılmasında bu və ya digər formada iştirak edən də. Rəsmi Tehran təkzib edə bilər, amma bu faktdır ki, İran daxilindəki bir sıra qüvvələr işğalçıya dəstək verirlər. Bu fakt bir daha sübut etdi ki, Azərbaycana qonşu olan müsəlman İran dövləti sözdə bir, əməldə bir addım atır, reallıqda isə işğalçı xristian ölkəsinə dəstək verir.
Bununla yanaşı, koronavirus pandemiyasının yayıldığı belə bir vaxtda işğalçı Ermənistanın da yalanları ortaya çıxdı. Belə ki, Ermənistan hökuməti pandemiyanın yayılmasına görə Mehri dəhlizini bağladığını iddia edirdi. Amma videodan da göründüyü kimi, işğal altındakı ərazilər vasitəsilə İrana gediş-gəliş saxlanılır. Yəni, pandemiyanın yayılması təhlükəsi onlar üçün maraqlı deyil. İşğal altındakı ərazilərimizdə, Ermənistanda, həm də bütün bölgədə koronavirus pandemiyasının sürətlə yayılmasının məsuliyyəti də məhz Ermənistanın üzərinə düşür. Martın 31-də işğal altındakı ərazilərimizdə keçirilən qondarma “seçkilər” virusun yayılma arealını genişləndirdi. İşğalçı ölkə beynəlxalq ictimaiyyət qarşısında bunun cavabını verməlidir. Burada əsas diqqət rəsmi Vaşinqtona yönəlir. Hər fürsətdə Azərbaycanı tənqid etməyə çalışan ABŞ dairələri Ermənistanın İrana qarşı sanksiyaları pozmasına niyə göz yumur?! Bunun cavabını da okeanın o tayındakılar verməli deyilmi?!