DÖVLƏTÇİLİYƏ SƏDAQƏT SINAĞI...
Müəllifi naməlum bir aforizm var: “İçimizdəki ən böyük hakimin adı vicdandır”. Və elə bu hakimin gözləri ilə reallığa baxdıqda bir çox həqiqətləri aydın görmək mümkündür. Son dövrlərin ən çox müzakirə mövzusuna çevrilən nəqliyyat naziri ZİYA MƏMMƏDOVla bağlı baş verənləri də həmçinin! Nəqliyyat naziri haqqında yazılanları heyrətsiz oxumaq mümkün deyil; elə bir mənzərə yaradılır ki, sanki əksəriyyət son illərdə ölkədə ən azından Avropa standartlarına uyğunlaşdırılan yol infrastrukturundan xəbərsizdir, yeni inşa edilən, yaxud yenidən qurulan yollardan, körpülərdən istifadə etmirlər. Axı Ziya Məmmədovun və onun nazirliyinin ölkənin yol nəqliyyatının müasirləşdirilməsi və nəqliyyat sisteminin yaşadığımız dövrün tələblərinə uyğunlaşdırılması istiqamətindəki fəaliyyətini necə görməzdən gəlmək olar? Kimlərinsə qrup maraqları sadaladığımız həmin nəhəng işlərin müqabilində xeyli cılız görünür. “Yol mədəniyyətdir” – müdrikcəsinə deyilmiş bu sözlərdən yola çıxsaq, əminliklə demək olar ki, bu gün Azərbaycan Avropa və dünya standartlarına cavab verən bir MƏDƏNİYYƏT HADİSƏSİNƏ sahibdir və ölkənin dörd bir tərəfinə səfər etmək kifayətdir ki,təkcə son 15 ildə ölkənin yol infrastrukturunun müsbətə doğru dəyişdiyinin şahidi olaq. Bəzən şikayətlənənlər yoxdurmu? Əlbəttə ki var – amma fikir versəniz, onlar müqayisə predmeti olaraq, hər mənada, o cümlədən yol infrastrukturu baxımından daim Avropanın və Qərbin ən inkişaf etmiş ölkələrinin yollarını nümunə göstərirlər. Bunun özü belə, Azərbaycan yollarının son illərdə nə qədər yeniləşdiyinin, müasirləşdiyinin göstəricisidir. Çünki əvvəllər ölkəmizin yolları hansısa postsovet ölkələrinin yolları ilə müqayisə edilir, bizdə də yolların həmin ölkələrdəki səviyyəyə nə vaxt gətiriləcəyi sual olunurdu. İndi isə cəmiyyətimiz Azərbaycandakı yolların dünyanın qabaqcıl ölkələrində - Almaniya, Kanada, Avstraliya, İsveçrə və s. – olduğundan da yüksək səviyyədə görmək niyyətindədir. Belə olan halda Ziya Məmmədovun bütün xidmətlərini görməzdən gələrək, onu ilğım sürətli ləkələmə və qaralama kampaniyasının hədəfinə çevirmək nə qədər doğrudur? Axı indi ümumi xora qoşularaq nəqliyyat nazirinin “hədəf taxtasında” oturdulmasında iştirak edənlərin bir çoxu dünənəcən dövlət büdcəsindən yol infrastrukturunun inkişafı üçün ayrılan vəsaitlərin səmərəli xərclənməsindən həvəslə yazır və danışırdılar?! İndi birdən-birə bunun 180 dərəcə əksini iddia etmək nə dərəcədə səmimi görünür?! Üstəlik, bu gün hətta nəqliyyat nazirinin və yaxınlarının ailə üzvlərinin də qaralama kampaniyasının hədəfdlərinə çevrilməsi milli-mənəvi dəyərlərimiz baxımından da hətta xoş deyil. Axı biz daim Azərbaycanın min illərin sınağından çıxmış özünəməxsus ailə institutu, ailənin müqəddəsliyi və toxunulmazlığı barədə haqlı olaraq, fəxrlə danışırıq. Bəs bu gün niyə onu hansısa qrup maraqlarına asanlıqla qurban veririk? Məgər bizim gələnək və görənəklərimizdə kimisə ailə fərdləri ilə vurmaq qəbahətlərin ən böyüyü deyilmi? Buradan o nəticə çıxır ki, Ziya Məmmədovu tənqid edənlərin əksəriyyəti ona qarşı ittihamlarında səmimi olmadığı kimi, indi onu və yaxınlarını ailə üzvləri ilə “vuranlar” da milli-mənəvi sadiqlik məsələsində səmimi deyillər. Əlbəttə, tənqid, fərqli münasibət normaldır, qəbulediləndir, demokratik, müasir cəmiyyətlərin təməl daşlarından biri, bəlkə də birincisidir. Hansı ki, haqqında bu qədər ağır, əksər hallarda hətta təhqir və böhtan elementləri ilə müşaiyət olunan Ziya Məmmədovun özünün də elə bu fikirdə olduğunu onun barəsində bir belə qaralama və ləkələmə kampaniyasınma baxmayaraq hansısa KİV-i, mətbuat orqanı rəhbərini, jurnalisti məhkəməyə verdiyini, ona qarşı ağır cəzalarınm tətbiq olunmasını tələb etdiyini görmürük. Amma söz, ifadə azadlığının da hüquqi sərhədləri, eyni zamanda mənəvi-etik çərçivələri var və bu heç vaxt unudulmamalıdır. Məsələn, nəqliyyat nazirinin ünvanına səsləndirilən böhtan və qərəz motivli ittihamların sırasına yenicə əlavə edilən hansısa naməlum, mücərrəd, heç bir fakta dayanmayan “siyasi xəyanət” ittihamını götürək; burada da Məmmədova qarşı hüquqi və etik baxımdan heç bir bəraəti olmayan qərəzli qaralama cəhdi aydın görünür. Üstəlik, belə bir suçlama heç bir sağlam məntiqə də sığmır – Ziya Məmmədov mövcud komandanın siyasi baxımdan ən uzunömürlü nümayəndələrindən biridir və mərhum dövlət başçısı Heydər Əliyevin böyük etimadının nəticəsi idi ki, o, karyera pillələrində iti addımlarla yüksələrək nəqliyyat naziri kimi ölkənin iqtisadi baxımdan ən strateji postlarından birinə gətirildi. Hazırki dövlət rəhbəri İlham Əliyevin də Azərbaycanın yol injfrastrukturunun yaxşılaşdırılması, yeniləşdirilməsi və müasirləşdirilməsi kimi mühüm bir missiyanı Ziya Məmmədova həvalə etməsi təsadüf sayıla bilməzdi. Bu həm nəqliyyat nazirinin təcrübə və peşkarlıq göstəricilərindən, həm də onun dövlət və dövlətçiliyə sədaqətindən irəli gəlirdi. Başqaları ilə müqayisədə indiyədək heç vaxt siyasi ambisiyaları ilə gündəmə gəlməmiş, sırf öz vəzifə borcunun yerinə yetirilməsi ilə məşğul olmuş bir məmuru indi “siyasi xəyanət”lə damğalamağa çalışmaq sadəcə bir məqamı göstərir: artıq ona qarşı hər gün bir ittiham “istehsal” etmək gücü, imkanları tükənənlər indi fantaziyalarını işə salır, absurdun pik nöqtəsinə çatır, xəyal məhsulu ortaya qoymağa başlayırlar. Bu da onu göstərir ki, Ziya Məmmədova qarşı irəli sürülən ən müxtəlif suşlamaların heç bir faktiki əsası və dayanıqlığı yoxdur, kimlərsə Azərbaycan hökumətində belə yetkin, təcrübəli və sadiq məmurların varlığından narahatdırlar, onları “ofsayd”a salaraq özlərinin hansısa başqa maraqlarını həyata keçirməyə çalışırlar. Aydın məsələdir ki, hazırda son illərdəki tariximizdə misli-bərabəri olmayan bir “linç kampaniyası” ilə qarşı-qarşıya qalan Ziya Məmmədov üçün bütün bu yaşananlar bir sınaqdır. İnsan həyatı əslində məhz belə sınaqların məcmusudur. Odur ki, indi nəqliyyat nazirinin də üzləşdiyi sınağı təəccüblə qarşılamağa ehtiyac yoxdur. Onun indiyə qədərki həyat və fəaliyyəti belə deməyə əsas verir ki, Məmmədov indiki mərhələni dövlətə və dövlətçiliyə sədaqətini, ona özünün güclü tellərlə bağlı olduğunu bir daha sübuta yetirməklə keçəcəkdir. Azər Abdul.