NAVALNI ŞAPALAĞIı: Putin ağ bayraq qaldıracaqmı?

Putinin sifətinə vurulmuş Navalni silləsi

“Navalni 17 yanvarda “Zəfər” uçuşu (Siyasi xadim Berlindən Moskvaya Pobeda adlı reyslə gəlmişdi-Ovqat.com) ilə Moskvaya qayıdır. İndi çox şey moskvalıların onunla necə görüşəcəyindən asılıdır. Və bu yalnız ona olan münasibət deyil. Moskvada Navalninin kütləvi bir toplantısı Putinin üzünə vurulmuş kəskin bir sillə olacaq”. 

Ovqat.com xəbər verir ki, bunu Rusiyanın tanınmış sosialoqu İqor Eydman sosial şəbəkələrdə yaydığı paylaşımında bildirib.

O, Putinə ikiqat şillə vurmaq üçün hər kəsi hava limanına Navalnini qarşılamağa çağırıb: “Navalni ilə görüşməyə nə qədər çox adam gəlsə, Putinə üzünə vurulmuş şapalaq daha alçaldıcı olacaq. Putini alçaltmaq istəyirsinizsə, Navalni ilə görüşmək üçün hava limanına gəlin”!

Sual oluna bilər: Sosialoq, Navalninin qayıdışını niyə Putinin sifətinə vurulmuş sillə sayır?

Zənnimizcə, bu suala cavab tapmaq üçün Navalninin niyə Berlinə getdiyini və niyə məhz indi geri dönməyə qərar verdiyini aydınlaşdırmaq lazımdır.
 
Navalninin qayıdışı niyə belə diqqət mərkəzində idi?
 
Rusiyanın ən nüfuzlu müxalif liderlərindən olan Aleksey Navalninin 5 aylıq müalicəsindən sonra Berlindən Moskvaya qayıdışı təkcə Rusiyanın deyil, bütün dünyanın əsas müzakirə mövzularından birinə çevrildi. Navalninin Moskvaya qayıtdığı təyyarənin sərnişinlərinin yarısıdan çoxunun jurnalistlərdən ibarət olması da ona göstərilən diqqətin nəticəsi idi.

Əlbəttə, Navalniyə göstərilən bu qeyri-adi diqqət səbəbsiz deyildi. Xatırladaq ki, ötən il avqustun ayında Tomskdan Moskvaya səfər edən siyasətçinin əhvalı havadaykən pisləşmiş və təyyarə təcili enmək məcburiyyətində qalmışdı. Omskda təscili yardım ekipinin ilkin müayinəsi zamanı Navalnida zəhərlənmə durumu aşkarlanmış və o, yerli xəstəxanalardan birinə aparılmışdı. Xəstəxana rəhbərliyi isə Navalninin qan analizlərində hər hansı toksik maddənin tapılmadığını iddia edir, siyasətçinin yaxınlarının onu xaricə aparmasına izn vermirdi. Bəhanələri isə siyasətçinin səhhətinin bu uzun yolçuluğa dayana bilməyəcəyiydi. Görünən bu idi ki, Rusiya hakimiyyəti ya onun ümumiyyətlə sağalmasında maraqlı deyildi, ya da qanındakı toksik maddələrin tam sovrulmasını və analiz zamanı zəhərin ortaya çıxmasını istəmirdi. 

Almaniya və digər Qərb dövlətlərinin işə qarışması ilə bir neçə gündən sonra nəhayət Navalninin Berlinə aparılmasına izn verildi. Almaniyanın Charite klinikasında müxalifətçiyə xolinesteraz inhibitorları qrupundan bir maddə ilə zəhərlənmə diaqnozu qoyuldu.

Bəzi iddialara görə, Novalninin zəhərlənməsinə yol açan toksik maddə də rəsmi Moskvanın son illər öz siyasi və hərbi rəqiblərini sıradan çıxarmaq üçün istifadə etdiyi “Noviçok” zəhər qrupuna  aiddir. Bu fakt öz təsdiqini taparsa, Navalninin zəhərlənməsində bir şübhəli ortaya çıxır – Rusiya prezidenti Vladimir Putin.

Navalni sui-qəsdində Kremlin barmağı

Kreml ciddi cəhdlə bu ittihamı yaxına buraxmaq istəmir, “gah müxalif bloggerdən uzağa gedə bilməyən” Navalninin Rusiyanın siyasi iradəsi üçün heç bir təhlükə əxz etmədiyini, gah kiminsə təxribat məqsədilə bu təxribatı törədə biləcəyi, gah da Almaniyada qəsdən və qərəzli şəkildə bu cür tibbi analiz çıxarıldığı kimi çoxsaylı
arqumentlər səsləndirir. Dərd burasındadır ki, Kreml Rusiyada və ya xaricdə öldürülən digər “düşmənləri” barədə də təkzib bəyanatları verərkən eyni arqumentlərə söykənib. Dəfələrlə səsləndirilən bu köhnə bayatılar artıq rus xalqı və ziyalıları tərəfindən inandırıcı görünmür. Siyasi təhlilçi Sergey Quriyev bu barədə yazır: Kreml hər bir siyasi repressiya və ya bir rəqibinin öldürülməsi cəhdində eyni informasiya kampaniyası aparır: “Bu, bizim üçün sərfəli deyil, qurban uzun müddət Rusiya siyasətində heç bir rol oynamayıb, əksinə, ölümü Kremlin fəaliyyətindən daha çox problem yaradacaq” və s. Əslində bütün bu cinayətlər şübhəsiz ki, Kremlə faydalıdır. Kremlin nədən qorxduğunu və uğurlu bir rejim dəyişikliyi strategiyasını necə təsəvvür etdiyini mükəmməl şəkildə göstərir”.

Quriyevin sözlərindən də göründüyü kimi, təhlilçi bütün sui-qəsdlərin Kremlin qorxularından doğduğuna inanır. Bəs, Kreml, Navalnidən niyə bu qədər çəkinir?

Fikrimizcə, bu xofun iki mühüm səbəbi var: Navalninin Putin administrasiyasına qarşı sistemli mübarizəsi və dünya dövlətlərinin Rusiya ilə bağlı planlaşdırdıqları dəyişim projeləri. 

45 yaşlı Navalninin xüsusilə 2010-ci ildən başlayaraq, aktiv mübarizəyə başlaması və bu məqsədlə Korrupsiyaya Qarşı Mübarizə Fondu, Ağıllı Səsvermə, Navalny Həmkarlar İttifaqı, RosPil, RosJKX, “RosYama”, “RosVıborı”, “Xoşməramlı həqiqət maşını” və s. kimi qurumlar yaratması, dolayısıyla xalqı rejimə qarşı təşkilatlandırması Moskvanın canını boğazına gətirən əsas səbəblərdəndir. Novalni bu mübarizəsini sadəcə araşdırmaçı kimi aparmaqla qalmır, həm də müxtəlif seçkilərdə öz namizədliyini irəli sürərək siyasi hakimiyyətə də iddia edirdi və edir.

Blogger Navalnidən Siyasi Navalniyə

O ilk dəfə 2013-cü ildə Moskvada keçirilmiş bələdiyyə seçkilərində öz namizədliyini irəli sürdü. Sergey Sobyaninin xeyrinə saxtalaşdırılan seçkidə ikinci olmağı bacaran Navalninin bu performansı Kreml üçün ciddi mesaj idi. Kremlin bütün inzibati resurslarını işə salmasına baxmayaraq, Moksva sakinlərinin 27,24%-nin səsini toplayan Navalni elə həmin ilin noyabr ayında “Gələcəyin Rusiyası” siyasi partiyasının Mərkəzi Şurasına sədr seçilir. Bu, Kreml təbliğatçılarının təbirilə desək, “blogger” Navalninin siyasi xadimə çevrilməsinin ilk addımı olur. Üzərindən 3 il keçdikdən sonra – 2016-cı ilin dekabr ayında 2018-ci il Prezident seçkilərində iştirak edəcəyini açıqlayan Navalni bu dəfə birbaşa Putinin “bostan sahəsi”nə göz dikir. Onun böyük iddialarının qarşısını almaq üçün barəsində çoxsaylı məhkəmə ssenariləri qurulur. Amma heç bir məhkəmə hökmü tam olaraq yerinə yetirilir. Məqsəd ağzını açan kimi hələ ödənməmiş hüquqi məsuliyyətinin mövcudluğunu onun gözünə soxmaq idi. Beləcə, 2018-ci ildə məhkəmə bəhanələri ilə namizədliyi əngəllənən Navalninin bu “eyibi” bir də 2021-ci ilin 17 yanvarında Berlindən Moskvaya gələrkən ortaya çıxacaq və siyasətçi həbs olunaraq bilinməyən yerə aparılacaqdı.

2018-ci il Prezident seçkilərinin ən qorxunc iddialısı

2018-ci ilin prezident seçkilərinə qədər inadkar siyasətçi Rusiyanın və dünyanın bir sıra mütərəqqi qurumları tərəfindən mükafatlara layiq görülərək ictimaiyyət arasında öz nüfuzunu möhkəmləndirirdi. Belə təsəvvür yaranırdı ki, hansısa görünməz qüvvələr onu Rusiya müxalifətinin vahid liderinə və ya namizədinə çevirmək istiqamətində iş aparır. Bu da Kremli qorxutmaya bilməzdi.

Navalninin 2018-ci il seçkiləri ərəfəsində ciddi iradə ortaya qoyduğu gözlərdən yayınmır və Rusiyanın bir sıra qurumları tərəfindən də etiraf olunurdu.  Təsadüfi deyildi ki, “Vedomosti” redaksiyası onu 2017-ci ildə tam hüquqlu bir seçki kampaniyası aparan yeganə siyasətçi kimi qiymətləndirmişdi.  Elə həmin il dünyanın məşhur media qurumlarından “Time” jurnalı onu İnternetin ən nüfuzlu 25 adamı siyahısına daxil etmişdi. 2017 və 2019-cu illərdə “Vedomosti” dərgisi Navalnini ilin siyasətçisi seçdi. “Romir” tədqiqat mərkəzinə görə, Navalni 2020-ci ilin payızında altı ayda öz reytinqini yüksələrək ruslar arasında ən çox etibar edilən 4-cü şəxs ünvanını qazanmışdı. Onun reytinqindəki bu yüksəliş 2020-ci ilin Nobel Sülh Mükafatına namizədliyi ilə daha da güclənmişdi. Məhz bu reytinq partlaması yaşadığı sıralarda rus siyasətçisinin zəhərləndi.

Kreml get-gedə nüfuzunu artıran Navalninin yüksəlişinin qarşısını almağa, gözlənilən təhlükəni beşikdəcə boğmağa xüsusilə son prezident seçkiləri ərəfəsində qərar verdi. Rusiya MSK-sı 5 dekabr 2017-ci il tarixdə məhkumiyyət vəziyyəti aydın olmadığından Navalninin namizədliyini qeydiyyata almamış, nəticədə Putin real müxalifətin iştirak etmədiyi 2018-ci il prezident seçkilərini 76% səslə qazanaraq, 4-cü dəfə sükanı əlində saxlamağı bacarmışdı. Bu isə ölkədə ciddi narazılığa səbəb olmuş, Putinin reytinqinin düşməsiylə nəticələnmişdi.

Novalni Avropada Kremli 6 dəfə udub

2017-2018-ci illərdə Rusiyanın bir çox şəhərlərini bürüyən etiraz dalğalarının əsas tələbi də bu qurşaqdan aşağı həmlələrin dayandırılması idi. Son prezident seçkiləri ərəfəsində Rusiyada kütləvi etiraz hərəkatının əsas təşkilatçısı da Novalni idi. Onun rəhbərlik etdiyi Antikorrupsiya Fondu ən müxtəlif şəhərlərdə onminlərlə etirazçının iştirakı ilə izdihamlı mitinqlər, nümayişlər keçirirdi.

Novalni aktiv siyasi fəaliyyətə başladığı 2010-ci ildən bəri özü və tərəfdarlarının siyasi motivli saydığı bir sıra cinayət, inzibati, mülki və arbitraj işlərində təqsirləndirilmiş, müttəhim və şahid qismində məhkəmələrə çəkilmişdi. Bu məhkəmə sərgüzəştləri Putinin yüksələn Navalni nüfuzu qarşısında zəifliyinin təzahürü idi. Məhkəmə proseslərindən ən çox rezonans doğuranı isə “Kirovles işi” və “İv Rocher işi”dir. Hər iki iş üzrə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Navalninin lehinə qərar çıxardı. Ümumilikdə, Navalni AİHM-də Rusiya hakimiyyət orqanlarına qarşı ümumilikdə 225 min avro qarşılığında 6 məhkəmə iddiasını qazandı.

Böyük qayıdış qarşısında yaradılan əngəllər

Zəhərləndikdən 5 ay sonra Berlindəki müalicəsini tamamlayıb Moskvaya qayıdan Navalninin qarşılanmasını əngəlləməyə çalışan Kremlin əl atdığı tədbirlər də qurşaqdan aşağı zərbələr kimi yadda qaldı. İlk əvvəl Vnukova hava limanına enməsi gözlənilən təyyarənin hava şərtləri bəhanə edilərək başqa bir aeroporta – Şeremetyevoya endirilməsi Kremlin acizliyinin hansı həddə olduğunu göstərir. Bu da azmış kimi, Vnikovoya toplanan tərəfdarlar polis zorakılığına məruz qalaraq dağıdıldı. Hətta ziyarətçilərdən ən azı birinin öldürüldüyü bildirilir və Almaniyan DW nəşri tərəfindən məqtulun şəkilləri yayıldı. Navalnini qarşılamağa gedənlərin önünü kəsmək üçün əlində harasa uçmağa bileti olmayanlar aeroporta buraxılmadı. İş o yerə çatdı ki, Navalnini görmək üçün Vnikovoya gedən tərəfdarları təyyarə bileti almağa məcbur oldu. Bütün əngəllərə baxmayaraq, Navalninin mindən artıq tərəfdarı “Vnikovo səddi”ni yara bildi. Bu, insanların öz liderləri uğrunda hər fədakarlığa hazır olduqlarını göstərən mühüm əlamətlərdəndir.

Qayıdışın zamanlaması

Navalninin qayıdışına Kremlin bu cür sərt reaksiya verməsi həm də hadisənin zamanlamasından irəli gəlir. Məlum olduğu kimi, bu ilin sentyabr ayında Rusiyada parlament seçkiləri keçiriləcək. Rusiyada prezident üsul-idarəsi hökm sürsə də, mövcud hakimiyyət üçün parlament seçkiləri daha təhlükəli sayılır. Nədən ki, Prezident seçkilərində uzağı 5-10 nəfər yarışdığı halda parlament seçkilərində iddialı namizədlərin sayı minlərlə, hətta 10 minlərlə ifadə olunur. Üstəlik, bu seçkilərdə rusiyalılar həm də regional parlamentlərinin deputatlarını müəyyənləşdirməlidirlər. Təkcə Rusiya Dumasına 450 deputatın seçiləcəyini və ölkədə 42 partiyanın qeydiyyatdan keçdiyini nəzərə alsaq, minlərlə insanın mandat qazanacağı, bundan qat-qat artıq namizədin isə uduzacağı bir imtahandan söhbət gedir. Bu da istər-istəməz xeyli sayda vətəndaşın narazı salınacağı anlamına gəlir. Bütün narazı kəsim isə Navalninin potensial tərəfdarı deməkdir.

Üstəlik, Rusiyanın seçki ərəfəsində xarici basqılara, ağır sanksiyalara məruz qalma ehtimalı da var. Navalninin qayıdışına sərt reaksiya verən Kreml indidən bir çox dövlətlərin tənqidinə məruz qalır. Bu zamanadək Rusiyanın neft və qaz ticarəti tərəfdaşı kimi çıxış edən Almaniyanın, Fransanın belə, bu sərt tədbirlərə ciddi reaksiya verdiyi bəllidir. İş o yerə çatıb ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Navalnini müdafiə edən Almaniyanı kobudluğa görə ittiham edib və onu özünü yaxşı aparmağa çağırıb. Kremlin Navalniyə basqıları artıqca xarici dövlətlərin Kremlə təzyiqləri eyni qaydada çoxalacaq.
 
Co Baydenin hakimiyyətə gəlməsi və Navalninin Moskva həmləsi

Ən əsası isə ABŞ-da Rusiyanı gözümçıxdıya salmağa hazırlaşan Co Bayden hakimiyyəti bir neçə gündən sonra fəaliyyətə başlayacaq. Navalni problemi Vaşinqton üçün də Qərb tərəfdaşlarını Rusiyaya qarşı təzyiqlərə sövq edəcək ən yaxşı səbəb-bəhanəyə çevriləcək. Co Baydenin Dövlət Departamentinin siyasi məsələlər üzrə müavini vəzifəsinə Rusiya əleyhdarlığı ilə seçilən Viktoria Nulandı gətirməsi Vaşinqtonun da belə bir mübarizəni  çoxdan planlaşdırdığından xəbər verir. ABŞ və Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları genişləndirməsi rus xalqının iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq və bütün bunlar Navalniyə daha çox nüfuz qazandıracaq.

Putin hakimiyyətinin qarşısında dayanan ciddi problemlərdən biri də Rusiya liderinin səhhəti ilə bağlıdır. Bir çox Qərb mənbələrinə inansaq, ağır xəstə olan Putinin artıq ucu-bucağı olmayan ölkəyə nəzarəti də itmək üzrədir.

Vəziyyəti tündləşdirən digər məsələ koronavirus bəlasının Rusiyada yaratdığı mərkəzdən qaçma təcilidir. Federasiyanın bir çox əyalətlərində get-gəllərin durması, iqtisadiyyatın çöküşü, hər vilayətdə fərqli pandemiya tədbirlərinin alınması mərkəzi hakimiyyətin gücünü zəiflədir. Belə bir zamanda bir də xarici basqıların artması və ədalətsiz siyasi qərarlar ölkəni hər an partlayacaq barıt çəlləyinə çevirir.

Ukrayna məsələsi

Navalninin özünü Ukrayna əsilli görməsi və Kievə xüsusi simpatiya ilə yanaşması da onun xarici dəstəyini artıran başlıca amillərdəndir. Açığı, artıq Rusiya insanı da ona heç bir rahat həyat bəxş etməyən qonşularla ziddiyyət siyasətindən bezib. Hər kəs artıq azad, iqtisadi cəhətdən yüksələn Rusiya arzulamaqdadır. Putinin apardığı xarici siyasət isə ölkə vətəndaşlarının bu arzusunu doğrultmur. Əksinə, bir çox xarici münaqişələrdə Rusiya hərbi qüvvələrinin xeyli geridə qaldığı faktının üzə çıxması da artıq ictimaiyyət arasında ciddi xəyal qırıqlığına yol açıb. Ən pisi isə odur ki, Kreml öz hərbi gücünü təkmilləşdirərək müasir tələblərə cavab vermək üçün xalqının boğazından daha çox kəsməlidir. Rus intellektual kəsimi də bunun fərqindədir və ətraf ölkələrlə mehriban qonşuluq siyasətinə qurtuluş resepti kimi baxır. Bunun üçün isə Putin aqressiv siyasətindən vaz keçməli, yeri gələndə ağ bayraq qaldırmağı bacarmalıdır. Yəqin ki, bu ağ bayraq hakimiyyətin tədricən yeni qüvvələrə, o cümlədən bu gün həbsdə çürütməyə çalışdığı Navalniyə ötürmək ola bilər.

Heydər Oğuz,
Ovqat.com






Fikirlər