“Paşinyan Ermənistanda ən məlumatlı adamdır“ - Azərbaycanlı deputat
Bir neçə gündür ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı müsbət bəyanatlarla çıxış edir. O, son olaraq martın 28-də Armavir vilayətinə səfəri zamanı iki ölkə arasında nəqliyyat və kommunikasiya əlaqələrinin yaxşılaşdırılmasından söz açıb. Bildirib ki, Ermənistanın Rusiya və İrana gedən dəmiyolu xətləri Azərbaycan ərazisindən keçir. Əgər bu yolların açılmasının mümkün olması istənilirsə, Azərbaycanın da Ermənistan ərazisindən keçən yolları olmalıdır. Bunun əksi ilə Azərbaycan razılaşmaz. Baş nazir həmçinin ölkəsinin regiona baxışını da dəyişməli olduğunu vurğulayıb. Hazırda Nikol Paşinyanın aprelin 7-i Moskvaya səfər edəcəyi barədə məlumatlar var. Maraqlıdır, aprelin əvvəli Moskvada baş tutacağı ehtimal edilən prezdentlərin üçtərəfli görüşü Azərbaycanın xeyrinə hansı nəticələr verə bilər? Məsələni Yenisabah.az-a şərh edən Milli Məclis deputatı, politoloq Elman Nəsirli ilk əvvəl Ermənistan cəmiyyətinin ikiyə bölünməsindən danışıb: “Hakimiyyət uğrunda mübarizə davam edir. Bu mübarizənin bir tərəfində Paşinyan, digər tərəfində isə revanşistlər dayanır və Qarabağ klanın timsalında təmsil olunur. Hadisələrin gedişatı onu göstərir ki, Paşinyan özünə inamlıdır. Əgər inamlı olmasaydı, iyun ayının 20-nə növbədənkənar parlament seçkiləri təyin etməzdi. Paşinyanın konkret proqrama malik olduğu da diqqətdən yayınmır. Baş nazir öz proqramında bir neçə məsələyə xüsusi toxunub. O, ilk əvvəl bildirir ki, revanşizmə son qoyulmalıdır. Ermənistanın daxili problemlərinin həllinə fokuslanmaq lazımdır. Bundan savayı, Azərbaycanla nəqliyyat-kommunikasiya xətlərinin bərpa edilməli olduğunu deyir. Region dövlətləri ilə normal münasibətlərin yaradılması isə onun platformasının bir digər tərkib hissəsidir. Proqramında yer tutan ən başlıca məsələ isə 10 noyabr və 11 yanvar sənədlərinin icrasının həyata keçirilməsidir”. Millət vəkili, Nikol Paşinyanın ortaya çox konkret mövqe qoyduğunu diqqətə çatdırıb: “O, Armavirdə olarkən dəmiryolu xətlərinin açılmasını xüsusi vurğuladı. Bir-birindən qarşılıqlı asılılığın yaranmasına eyham etdi. Belə ki, Azərbaycandan Türkiyəyə gedən xətlər Ermənistandan, Ermənistandan Rusiya və İrana gedən xətlər isə Azərbaycandan keçir. Nəticədə qarşılıqlı iqtisadi asılılıq mexanizmi işə düşür. Bu isə olduqca vacibdir və Ermənistanın gələcək taleyi məhz bundan asılıdır. Kifayət qədər praqmatik siyasətin ifadəsidir. Bütün bunların fonunda aprel ayının əvvəlində Moskvaya Paşinyanın səfəri gözlənilir. Həmçinin yenidən üçtərəfli müzakirələrin keçirilmə ehtimalı kifayət qədər böyükdür”. Politoloq bu görüşün Azərbaycanın xeyrinə müsbət nəticələr verəcəyini hesab edir: “Azərbaycan Prezidentinin mövqeyi bəllidir. Prezident İlham Əliyev altıtərəfli əməkdaşlıq platforması ilə çıxış edir. Burada Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İran və Ermənistanının iştirakı nəzərdə tutulur. Bütün bunlar onu deməyə əsas verir ki, artıq 10 noyabr və 11 yanvar sənədlərinin işlək mexanizmi formalaşmaqdadır, alternativ yoxdur. Belə ki, alternativ qarşıdurmadır. Qarşıdurma isə müharibə ilə yekunlaşa bilər. Bu müharibə isə Ermənistanın sonunun başlanğıcı ola bilər. Bütün bunları Paşinyan təhlil edə bilir və hesab edirəm ki, o, ölkənin ən məlumatlı adamı, o cümlədən iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu bilən, ordusunun olmadığını dərk edən ali baş komandan kimi hər şeyi hesablayır. Görür ki, yeganə çıxış yolu əməkdaşlıqdır”.