Sərhəd, Xankəndi və Zəngəzur: ƏLİYEV hədəfləri ELAN ETDİ...
CNN Türk kanalına müsahibəsində açıq mesajlar verən İlham Əliyevin ardınca Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyinin və atacağı addımların birbaşa yerindən bəyan edilməsi idi. Və Prezidentin çıxışında diqqətçəkən üç vacib məsələ bundan sonra atılacaq addımların nələr olacağını da anlamağa imkan verir. Sərhəd məsələsi: Əliyevin sərhədlərlə bağlı ritorikası kifayət qədər sərt idi və Azərbaycan Ordusunun tutduğu mövqelərdən geri çəkilməyəcəyini məhz sərhəd bölgəsində elan etdi; 1. Azərbaycan işğal dövründə irəli çəkilən sərhədini faktiki olaraq bərpa edib və hazırda möhkəmlənmə işi aparılır; 2. Bakı İrəvana mesaj verir: geri çəkilmə olmayacaq, ya bu reallığı qəbul et, ya da lazım olacaqsa, hazırki mövqelərdən daha irəli gedə bilərik; 3. Azərbaycan-Ermənistan sərhədində söz sahibi Bakıdır: Prezident bunu sərhəd məsələsinə müdaxilə etmək istəyən üçüncü ölkələrə ünvanladı və açıq şəkildə bəyan etdi ki, “narahat olanlar, su içsinlər”; Əliyev Ermənistana və üçüncü ölkələrə açıq şəkildə mesaj verdi: sərhəd boyunca nəzarət məndədir, mövqelərdən geri çəkilməyəcəyik və masada alternativlərdən biri də hərbi variantdır. Xankəndi məsələsi: Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı Fərmanını xatırladı və qeyd etdi ki, “Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi”. Bunun yenidən vurğulanması Qarabağda sülhməramlı missiyası üzərindən Azərbaycanın suverenliyinə təhdid yaradan Rusiyaya ünvanlanıb: Xankəndi və ermənilərin yaşadığı digər ərazilər Azərbaycan torpağıdır, bu məsələ rəsmi şəkildə həll edilib, o ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin hüquqi bazası formalaşıb; Zəngəzura qayıdış: Əliyev açıq şəkildə bunu elan etdi və bildirdi ki, Zəngəzur dəhlizindən istifadə edərək, azərbaycanlılar Ermənistanın nəzarətində olan yurdlarına qaytarılması reallaşacaq, Zəngəzur və Göyçə mahalına qayıtmaqla bağlı plan mövcuddur. Prezidentin bu mesajının iki hədəfi var. Birincisi, cari dövr hesablanıb: - Azərbaycan bununla Qarabağ məsələsinin bitdiyini və növbəti hədəfinin Zəngəzur olduğunu rəsmi şəkildə elan edir; - Bu, həm də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün təzyiq rıçağı olaraq istifadə olunacaq; İkincisi, uzaq perspektivə hesablanıb: - Azərbaycan 100 il öncə Ermənistana verilən tarixi torpaqlarından əl çəkməyəcək: Prezidentin toponimlərlə bağlı açıqlaması yeni dövrdə fəaliyyət istiqamətlərindən birinin də məhz Zəngəzurda, Göyçədə adı dəyişdirilən yerlərin tarixi adlarını beynəlxalq müstəvidə təbliğ etmək olacağını deməyə əsas verir; - Bakı azərbaycanlıların Zəngəzur və Göyçə mahalına qayıtması məsələsini də beynəlxalq müstəvidə qaldıracaq; Asif Nərimanlı