Sabah Azərbaycan separatçılara necə cavab verəcək?

Sabah Azərbaycan separatçılara necə cavab verəcək?

Qarabağın bəzi ərazilərində qalan separatçılar sentyabrın 2-də “müstəqilliyin” 30 illiyilə bağlı “tədbirlərə” hazırlaşır. Qondarma qurum nümayəndələri Ermənistandan yüksək vəzifəli şəxslərin Xankəndi şəhərinə gəlməsini təmin etmək üçün canfəşanlıq edirlər. Hətta bu gün sosial şəbəkələrin erməni seqmentində 20-yə yaxın erməni deputatın Qarabağa daxil olması barədə məlumatlar yayılıb.
 
Bəs, Azərbaycan öz torpağında separatçıların qondarma tarixin ildönümünü qeyd etməsinə icazə verəcəkmi? Bakı bununla bağlı hansı addımları atacaq?
 
Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a açıqlamasında bildirib ki, Xankəndidə separatçı rejimin həmin ərazilərə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının gözü önündə belə tədbir keçirməsi birmənalı şəkildə Azərbaycanın maraqlarına ziddir.
 
Onun sözlərinə görə, Azərbaycan qarşı tərəfin cavabını verməlidir:
 
“Digər tərəfdən Azərbaycanın hərbçisi həmin ərazidə saxlanılıb. Ermənilər belə günlərdə atəşkəs rejimini pozmağa meyilli olurlar. Biz bunu işğal müddətində də aktiv şəkildə müşahidə etmişik. Son günlər Müdafiə Nazirliyi və ona tabe olan birliklərə verilən tapşırıqlar məhz ermənilərin təxribatçı fəaliyyəti ilə əlaqədardır”.
 
Ə.Verdiyev qeyd edib ki, Ermənistandan Qarabağ ərazisinə, separatçı rejimin tədbirlərinə nümayəndələr gələrsə, həmin tədbirin keçirilməsini əngəlləmək üçün Azərbaycan tərəfi əlində olan bütün güc və imkanlardan istifadə edə bilər.
 
“Azərbaycanın atacağı addımların miqyası bizdən asılı məsələ deyil, əks tərəfdən asılıdır. Belə tədbir olmazsa və saxlanılan əsgərimiz qaytarılarsa, təbii ki, cavab addımına gərək qalmayacaq. Ermənistan tərəfi Azərbaycanı qıcıqlandıracaq hərəkətləri davam etdirərsə, o zaman Azərbaycan tarixən və hüquqən özünə aid olan ərazilərdə istənilən fəaliyyəti, o cümlədən antiterror əməliyyatlarını yerinə yetirə bilər”, - deyə hərbi ekspert vurğulayıb.






Fikirlər