İran bu tarixdə Bakıda terror törətməyi planlaşdırırmış... - ŞOK İDDİA

İran bu tarixdə Bakıda terror törətməyi planlaşdırırmış... - ŞOK İDDİA

"2012-ci il Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi zamanı İran terror planlaşdırırdı. Azərbaycan-İsrail arasında təhlükəsizlik sahəsindəki əməkdaşlıq nəticəsində bu terrorun qarşısı alınmışdı”.

  Bunu siyasi analitik Samir Feyruzov deyib. Analitik qeyd edib ki, Azərbaycan bundan sonra taktiki yox, strateji addımlar atmalıdır:

"Taktiki addımlar mövcud situasiyaya hesablanırsa, strateji addımlar davamlı və qarşıdakı müəyyən bir dövrü əhatə edən addımların konsepsiyasıdır. Düşünürəm ki, Azərbaycan qonşu dövlətlərlə, xüsusilə də İranla bağlı strateji qərarlar qəbul etməlidir. Sabah İranın yumşalması bizim onunla bağlı strateji qərarlarımıza təsir etməməlidir. İkinci Qarabağ Müharibəsi zamanı İsrailin ölkəmizə verdiyi dəstəyin həqiqi miqyası İsrail-Azərbaycan arasındakı səmimi münasibətlərin növbəti ifadəsi idi.  Yəni, İsrail Azərbaycanla Ermənistan arasında çoxdan seçim edib və ölkəmiz İsrail üçün əsas strateji dostdur. 

Bəs İran bu seçimi edibmi? Rəsmi Tehran bir neçə gün bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dili ilə bildirdi ki, "Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik". İran açıq şəkildə ifadə edir ki, belə bir seçim olmayacaq və Ermənistan İran üçün yaxşı qonşudur. Qısası, İran Azərbaycanla Ermənistan arasında heç bir fərq görmür. Deməli, növbə bizdədir, biz doğru seçim etməli idik və bunu etməyi bacardıq”.

S.Feyruzov bildirib ki, İsrailin Azərbaycana dəstəyi İran üçün ölüm nöqtəsidir:

"Buna görə də, hələ 2013-cü ildə İran xüsusi xidmət orqanları İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşlarına qarşı sui-qəsd planları da hazırlamışdı. Bir müddətdir İsrail-Türkiyə arasındakı gərginlik manşetdən düşüb. Bu, həm də Azərbaycanın ciddi və aldığı strateji qərarlar nəticəsində mümkünə çevrilib. Azərbaycanın Türkiyə-İsrail əlaqələrinin istiləşməsindəki körpü rolunu oynaması İranın "maraqları"na cavab vermir. Çünki regionda İsraillə düşmənçilik münasibətinin yalnız Tehranla olması İranı tərkislah halına gətirir. İran Türkiyəni İsrailə qarşı özünə mütəffiq görürdü. Amma bu da olmadı. 

Azərbaycanın İsraildən silah almasını doğru addım hesab etməyən İran öz yaxın tarixini unudur. Məsələn, 1980-1988-ci illlərdə İran-İraq müharibəsi zamanı İran İsraildən və ABŞ-dan silahlar almışdı. Müharibə zamanı İraq tankları İran tanklarından üç dəfə çox idi. Bəs İran İsraildən və ABŞ-dan necə silah almışdı? Tamamilə məğlub duruma düşən İran "Hizbullah" vasitəsilə İsrailin və ABŞ-ın Livanda və digər ölkələrdəki diplomatlarını əsir götürmüşdü. İran daha çox silah istəyirdi. Onsuz da İran hərbi arsenalının böyük hissəsini İngiltərə, Almaniya silahları təşkil edirdi. Diplomatların əsir götürülməsini İsraildən silah almaq üçün etdiklərini açıqlamaqdan çəkinməyən İran mənbələri qəbul etmək istəmirlər ki, hər üç ölkə arasında əsirlərin dəyişdirilməsi əsas predmet idi. Yəni, İsrail İranın təhdidlərinə boyun əyən deyildi, təhidlə İrana silah verməzdi və heç vaxt da belə olmayıb”.






Fikirlər