İRAN MÜHARİBƏSİ ehtimalı: blef, yoxsa real TƏHLÜKƏ

Əhəd Məmmədli: “1979-cu ildən bu cür xəbərlər yayılır və heç vaxt da doğrulmur

Gələn il İran və İsrail arasında müharibə baş verə bilər. Bunu Yaxın Şərqdə baş verən hadisələri təhlil edən “The National Interest”in ekspertləri bildiriblər. Müəlliflər qeyd edir ki, hazırda İran regionda daha çox fəallıq nümayiş etdirir.

İslam İnqilab Mühafizəsi Korpusunun əsgərləri və İran hərbçiləri Suriyadakı müharibədə iştirak edir. İran həmçinin Livan Hizbullahı dəstələrinə dəstək verir. Qəzet yazır ki, əgər İran iraqlıları, əfqanları, pakistanlıları və öz qüvvələrini İsrailə qarşı hücumlarda istifadə edərsə, gələn il İsraillə İran arasında müharibə ola bilər. Artıq İran və İsrail arasında fevral ayının ilk yarısında toqquşma baş verib.

Məqalənin müəllifləri xatırladırlar ki, İsrail ordusu öz ərazisində İranın bir pilotsuz uçuş aparatını atəşə tutaraq ələ keçirib. Bundan sonra İsrail tərəfi İran qüvvələrinə zərbə endirib. Buna cavab olaraq Suriyadakı raket əleyhinə müdafiə sistemi İsrailə məxsus F-16 vurub.

Ekspertlərin rəylərinə görə, hadisələrin gərginliyinin artması istiqamətində inkişafı bu şəkildə davam edərsə, İranla İsrail arasında 2019-cu ildə müharibə başlaya bilər.

“İsrailə qarşı təcavüz olarsa, İsrailin tərəfində yalnız ABŞ deyil, Rusiya da olacaq, - deyə Rusiyanın İsraildəki səfirinin müavini Leonid Frolov bildirib.

Göründüyü kimi, proseslər heç də xoşagəlməyən məcraya doğru yönəlir. Ekspertlər belə bir müharibənin yaşanacağı təqdirdə, bunun cənub qonşumuzun yerləşdiyi region və dünya üçün ciddi fəsadlarının olacağını deyirlər. Azərbaycanın da çətin seçim qarşısında qalacağı vurğulanır.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli müharibənin olacağına inanmır:“İran-İsrail və ya İran-ABŞ müharibəsi heç vaxt olan deyil. 1979-cu ildən bu cür xəbərlər yayılır və heç vaxt da doğrulmur. Əksinə, ABŞ Əfqanıstan və İraqı işğal edəndə İranla eyni tərəfdə vuruşurdu. ABŞ-ın sayəsində İraq tam İranın nəzarətinə keçdi. Ortaya sual çıxır, bu cür düşmənçilik olar? İran əsrlərdi Qərb dünyasına lazım olub. Çünki İranın güclü dövlət kimi varlığı İslam dünyasında Qərb üçün ”parçala hökmranlıq et" siyasətinin davam etməsidir. İran həmişə Qərbə və Rusiyaya Türkiyəyə qarşı lazım olub və ələlxüsus indi lazımdır. Ona görə hansısa İsrail-İran və ya ABŞ-İran müharibələri gözləmirəm. Rus diplomatının dediklərini də o qədər ciddiyə alınmasının tərəfdarı deyiləm. Görünür, israillilərə yarınmaq üçün bu sözləri deyib. Rusiya heç vaxt İsrailə görə İranla müharibə etməz. Müəyyən qədər güclü İranın mövcudluğu Rusiyaya da lazımdır. Azərbaycan bu məsələdə istənilən halda neytral qalmalıdır və qardaş Türkiyə ilə birgə addımlamalıdır. İran bizimlə həmsərhəd dövlətdir və əsrlərdi bu ölkə ilə bağlılığımız var. Üstəlik İrandakı 40 milyon soydaşlarımızın da taleyinə biganə qalmamalıyıq. Başımıza faciələrin gəlməməsi üçün və ərazimizə kənardan hər hansı hərbi təcavüzə məruz qalmamağımız üçün bizə güclü müttəfiq lazımdır. Ona görə Türkiyə hərbi bazaların Azərbaycanda yerləşdirilməsi artıq bir zərurətə çevrilib".

Politoloq Elşən Mustafayev ile ilgili görsel sonucu

Politoloq Elşən Mustafayev müharibə olarsa, İranın uğursuzluqla üzləşəcəyini düşünür: “İran və İsrail arasında olan münasibətlər həmişə çox gərgin olub. Bir-birilərinə qarşı bəyanatları, hədələri, təhdidləri də çox eşitmişik. Amma hələ ki münasibətlər bundan o yana getməyib. Yaxın Şərq regionunda olan dövlətlərin bir çoxunun İsraillə münasibətləri müxtəlif səviyyələrdə yaxşı deyil. Hətta bu da onları birgə fəaliyyət göstərməsinə yardım etmir. Həmin dövlətlərin bir çoxunun ABŞ-la yaxşı, İranla isə  problemləri var ki , o da İsrailə qarşı İranın ətrafında toplanmağa mane olur. Lakin bu dövlətlərin içində müəyyən güclər var ki, İran onlarla rahat dil tapıb işləyir, hətta dəstəkləyir. Livanda Hizbullahla, İraqda, Əfqanıstanda,  Pakistanda, şiə liderlərinin bir çoxu ilə rahat anlaşa bilirlər.

Amma  İsrailə qarşı hərbi əməliyyatlara başlamaq uğursuzluqla nəticələnə bilər. Çünki bu halda hədəf İran olacaq, cavablar da birbaşa İrana veriləcək. Heç kimə sirr deyil ki, İsrail yarandığı gündən bu yana ABŞ və Qərb dünyası tərəfindən dəstəklənib, təhlükəsizliyi qorunub. Məhz belə olduğu üçün də indiyə qədər olan müharibələrdə İsrail üzərində qələbə qazanılmayıb, əksinə, uduzulub. Belə bir situasiyada bunları göz önünə alıb savaş başlanarsa, birincisi, region bir-birinə qarışar, ikincisi, bu savaşı başlayanlar uduzarlar. Baxmayaraq  ki,  İran sanksiyalarla üz-üzədir, bəzi iğtişaşları nəzərə almasaq,  regionda  az saylı sabitlik olan  dövlətlərdən biridir. Savaş səbəbilə sabitlik pozulacağı halda nəticədən asılı olmayaraq, İran Suriya və İraqın vəziyyətinə düşə bilər, hətta onlardan bir az da irəlidə ola bilər. Bu səbəbdən hesab edirəm ki indiki vəziyyətdə İran hakimiyyəti düşünülməmiş addımlar atmaqla vəziyyətlərinin ağırlaşmasına getməz. Rusiya və ABŞ-ın real olaraq demək olar ki, ortaq dostları olmayib. Həm strateji cəhətdən, həm də yaxınlıq səbəbilə Rusiya üçün İran daha vacibdir. Çünki ABŞ-ın düşmənidir, ortaq maraqları və sərhədləri  var. İsrailə isə nə qədər jestlər etsə də, onu öz yanında görməyəcək.

Bu səbəbdən hətta İran istəsə belə Rusiya nəticələri hesablaya bildiyi və bunun planlarına xidmət etmədiyi üçün onu bu addımdan çəkindirməyə çalışacaq. Rusiyanın İsraildəki səfirinin müavini Leonid Frolovun ”təcavüz olarsa Rusiya İsrailin yanında olacaq" sözləri normalda bir diplomatın deməli olduğu ifadələrdir. Yəni səfirin müavini durub deyə bilməz ki, təcavüzkarı dəstəkləyəcəm. Deyilən proqnozlar olarsa, yaranacaq vəziyyət Azərbaycana da təsir edə bilər. Söhbət bizim kiminsə tərəfindən münaqişəyə qoşulacağımızdan və ya dəstəkləməmizdən getmir. Qaynar nöqtələr yaranan ərazilərdən gələn  ilk təhlükə qaçqınlar problemi və onlarla birgə ölkəyə daxil ola biləcək terrorçular olur.  İranda milyonlarla soydaşımızın yaşadığını nəzərə alsaq,  həmin insanların yerləşdirilməsini   və müvəqqəti məskunlaşmalarını təşkil etmək üzərimizdə olacaq. Həmçinin əgər sənin sərhədlərində hər hansı qaynar nöqtələr yaranarsa, onun istisi də, qığılcımı üzərinə düşə bilər. Bu müharibənin olub-olmaması isə Azərbaycandan asılı deyil.  Azərbaycandan asılı olan baş verəcəyi halda istənilən təhlükələri üzərindən yayındırmaqdır. İranla bizim həm su, həm də quru vasitəsilə böyük sərhədimiz var".

 






Fikirlər