“BUNLAR İRANIN AZƏRBAYCANA QARŞI DÜŞMƏNÇİLİK MÜNASİBƏTİNİN TƏZAHÜRÜDÜR”

Pənah Hüseyn: “Son hadisələr İranın Azərbaycana istənilən təhlükəni yarada biləcəyi haqda iddiaların boş olduğunu üzə çıxardı”

“İran haqsızdır, qonşuluq prinsiplərinə, islam həmrəyliyinə zidd davranır”

 

II Qarabağ savaşı Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişərək yeni status-kvo yaratsa da, İranın bununla hesablaşmaq istəmədiyi üzə çıxır. Tehran-Bakı xəttində müşahidə olunan əsas gərginliyin də məhz bundan qaynaqlandığı ehtimal olunur.

“AzPolitika.info” bu mövzunu ölkənin sabiq baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə müzakirə edib:

- Pənah bəy, son dövrlər İran-Azərbaycan münasibətlərində yaranan gərginlik davam etməkdədir. Rəsmi Tehran son 30 ildə Azərbaycana qarşı özünü indiki qədər aqressiv aparmayıb. Sizcə, İran hakimiyyət orqanlarının məhz 44 günlük Vətən Müharibəsi bitəndən bir müddət sonra nümayiş etdirdiyi bu davranışın əsas səbəbi nədir?

- Hesab edirəm ki, İran-Azərbaycan münasibətlərinin tarixində Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunandan bu yana ən gərgin dövrü yaşayırıq. Doğrudur, İran Təhlükəsizlik Şurasının katibinin açıqlamalarından sonra əks-açıqlama hələlik yoxdur. Amma açıq-aydın istər İran rəsmilərinin və buna cavab olaraq Azərbaycan Prezidentinin MDB Dövlət Başçılarının iclasında İranın adını çəkməklə işlətdiyi fikirlər göstərir ki, gərginlik mövcuddur. Əlbəttə, məsələyə bitərəf yanaşdıqda belə, görünür ki, bütün bunlar İranın Azərbaycana qarşı dost olmayan və hətta düşmənçilik münasibətinin təzahürüdür.

II Qarabağ müharibəsindən sonra yaranan status-kvoya görə Tehranın narazılığı açıq-aydın görünür. Bu reallığı qəbul etmədiklərini də son zamanlar dilə gətirir və hərəkətlərində nümayiş etdirirlər. Sözsüz ki, İran Azərbaycanla Ermənistan arasında komunikasiyaların açılmasına, ələlxüsus Zəngəzur dəhlizinə görə narazılıq edir. Elə şərait yaranıb ki, biz sanki öz torpaqlarımızı Ermənistanın deyil, İranın işğalından azad etmişik. Bununla yanaşı, güman edirəm ki, bu gərginliyin toqquşma fazasına keçmə ehtimalı azdır. Nəzərə alsaq ki, Azərbaycan və Ermənistan arasında yeni saziş gözlənilir və bu saziş iki ölkə arasında münasibətləri tənzimləyəcək, bu halda İranın yaranmış reallıqla barışması və onu qəbul etməsi labud olacaq. Əks təqdirdə İranın qlobal izolyasiyasına onun regional izolyasiyası da əlavə olunar. Vətəndaş olaraq mən öz dövlətimizin maraq və mənafelərini sözsüz ki, üstün tuturam. Amma bu təəssübkeşliyi bir kənara qoysaq belə, İran bu məsələdə haqsızdır, beynəlxalq hüquqa zidd hərəkət edib, qonşuluq prinsiplərinə zidd davranıb, islam həmrəyliyi məsələsində uyğunsuz yanaşma ortaya qoyub. Odur ki, İran bu mövqeyini dəyişməli, hətta düşünürəm ki, münasibətlərin pisləşməsində məsuliyyəti olan rəsmilərini istefaya göndərməlidir.

- Bəs, İranın narahatlığı nə ilə əlaqəlidir?

- Qeyd edim ki, hələ1918-ci ildə Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra İranın müəyyən narahatlığı yaranıb. Bilirsiniz ki, Azərbaycan dövlətinin yaranması o tayda da dövlət qurmaq meyllərini gücləndirə bilərdi. Bu da Tehranın fikrincə, İranın bütövlüyünə təhlükə yarada bilər. Odur ki, həmin dövrdən bu yana İran siyasətində narahatlıqlar özünü büruzə verir.

Digər tərəfdən, hətta o dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İran Azərbaycanı ilhaq etmək istəyini gizlətməyib. Başqa sözlə, Azərbaycan dövlətinin varlığı təhdid ola bilər düşüncəsindən irəli gələrək, İran siyasətində bu amil daim öz əksini tapıb.

Digər nüanslar da var. Konkret olaraq indiki vəziyyətdə Tehran Qərb-Şərq komunikasiya dəhlizinin - istər enerji, istərsə də lojistik xətlər olaraq, İranın xaricindən keçməsindən narahatdır. Çünki İranın geopolitik əhəmiyyəti əvəzinə Azərbaycanın önə çıxması məsələsi irəli sürülür. İranın Zəngəzur dəhlizinə qarşı çıxış etməsinin bir səbəbi də bu amillə əlaqədardır. Bəllidir ki, indi Azərbaycanın Naxçıvan və Türkiyə ilə əlaqələri İranın quru sərhədi vasitəsilə həyata keçirilir. Və əslində, əgər İran yaranan durumu konpensasiya etmək istəyirsə bunu qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı əlaqələri gücləndirmək, iştirakçı olmaqla edə bilər. Zaman dəyişib və açığı, İranın təhdid və ya hansısa güc nümayiş etdirməklə bu prosesin qarşısını almaq imkanı yoxdur. Əksinə, bu, onun öz maraqlarına da zidd ola bilər. İranın hərəkətləri strateji baxımdan yanlış addımlardır. Odur ki, İran bu istiqamətdə öz siyasəti və yanaşmalarını dəyişməlidir.

- İranda düşünürlər ki, Zəngəzur dəhlizi açılacaqsa, bu zaman İran-Ermənistan sərhədləri tamamilə itəcək və beləcə, İran Avropaya çıxışda Azərbaycan və Türkiyədən tam asılı vəziyyətə düşəcək. Doğurdanmı Zəngəzur dəhlizi fəaliyyətə başlasa İran-Ermənistan sərhədi itəcək?

- Əvvəla, qeyd edim ki, indi Ermənistan-İran sərhədlərini Rusiya mühafizə edir. İkincisi, mənə elə gəlir ki, İranda bu mövzuda bilərəkdən savadsız danışırlar. Onlar dövlət sərhədlərinin dəyişdirilməsi deyəndə guya Zəngəzur dəhlizinə əsaslanırlar. Ancaq aydındır ki, Azərbaycanda belə fikirlər yoxdur. Azərbaycan rəhbərliyi bəyan edib ki, hər hansı bir dövlətin sərhədlərini dəyişmək xətti yürütmür, əksinə, Ermənistana şərtimiz odur ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü və sərhədlərini tanısınlar. Üçtərəfli sazişdə də Zəngəzur dəhlizinin Rusiya Sərhəd Qoşunları tərəfindən təhlükəsizliyinin qorunması məsələsi var. Dəhliz ifadəsi də bu mənada işlənir. Yəni məsələ ayrıca dövlətin və ya dövlətlər qrupunun orada səlahiyyət əldə etməsidir. Bir növ Laçın dəhlizi kimi. Yəni dəhliz bizim ərazimiz olsa da, ona nəzarət Rusiyanın əlindədir. İranda isə bunu şişirdilmiş şəkildə təqdim edirlər.

Məncə, İran daha çox geopolitik baxımdan kommunikasiya xətlərinin onların monopoliyasından kənarda qalmasından, Azərbaycandan, Türkiyədən və başqa ölkələrdən keçməsindən narahatdır. Yeri gəlmişkən, gəzən söz-söhbətlərə görə, bu xətlərə böyük investisiyalar qoyula bilər. Məsələn, Çin tərəfindən 50 milyardlıq layihə hazırlandığı haqda fikirlər var.

Əlbəttə, hər bir dövlət öz maraqlarını qorumaqda sərbəstdir. Lakin yuxarıda qeyd etdiyim kimi, ümumi siyasi konyuktur və dünyadakı geopolitik şərtlərdə İran yanlış və vaxtı keçmiş təhlillərin nəticəsi olaraq irəli çıxır ki, bunun da perspektivi yoxdur.

- Amma Azərbaycana qarşı həm də İsrail amilini ortaya atırlar...

- Əlbəttə, bu daha çox bəhanə xarakteri daşıyır və İranın Azərbaycana münasibətinin təqdimatıdır. Xüsusilə, öz daxili auditoriyalarına Azərbaycana qarşı düşmənçilik hərəkətlərini izah etməlidirlər. Bunu da İsrail rənginə boyayırlar. Bununla həm öz cəmiyyətlərində, həm də Azərbaycanda olan İran təəssübkeşləri arasında hərəkətlərinə haqq qazandırmış kimi olurlar.

Amma biz hadisələrə reallıq prizmasından baxanda aydın olur ki, İsrail İranın adamlarını və obyektlərini elə bu ölkənin daxilində təhdid edir. Başqa sözlə, İsrailin belə hünəri və imkanı var. O halda İranın birbaşa cavab verməsi üçün meydan da var. Bunun üçün Azərbaycana heç bir ehtiyac qalmır. Odur ki, bu bəhanələr daha çox sadəlöhv və savadsız adamlar üçün nəzərdə tutulan təbliğat şüarlarıdır.

- Müharibədən sonra ortaya çıxan daha bir maraqlı məlumat odur ki, Zəngilan istiqamətində ordumuz irəliləyən zaman ərazimizdə qarşılarına İran əsgərləri çıxıb və beləcə, Zəngilan əməliyyatının gecikdirilməsinə şərait yaradılıb. Sizcə, bunun özü İran tərəfinin gerçək mahiyyətini üzə çıxaran biabırçı hadisə deyilmi?

- Bu barədə məlumat vardı. Əslində, bu haqda Azərbaycan, eləcə də İran tərəfi rəsmi məlumat verməlidir. Xudafərin su anbarı su ilə doldurulduqdan sonra orada İran postlarının olması məlum idi. Çünki o vaxt su anbarının biz tərəfdəki hissəsi separatçıların nəzarətində idi. Bu səbəbdən o zaman izahat belə idi ki, su anbarının mühafizəsini İran öz üzərinə götürməklə bir növ onu separatçılardan mühafizə edir. Amma müharibənin gedişində həmin İran postlarından istifadə edilməsi, bizim əsgərlərimizin Zəngilan istiqamətindən geri çəkilərək başqa döyüş istiqaməti seçməsinə səbəb olan addımlar sözsüz ki, Azərbaycan dövlətinə qarşı düşmən hərəkətidir.

- Sizcə, bundan sonra da Tehran Qarabağdakı separatçılara hər cür dəstək verəcəkmi?

- Belə görünür ki, bu istiqamətdə təxribatçı hərəkətlər davam etməkdədir. Ermənistanla Azərbaycan arasında çoxdan nəzərdə tutulan sülh müqaviləsinin hazırlanması haqda fikirlər var. Məncə, əgər bu iş reallaşacaqsa, o zaman İranın kənardan müdaxilə imkanı qalmayacaq. Əlbəttə, İran öz mövqeyində kordinal dəyişikliklər etməli, Azərbaycanın müstəqil, suveren siyasətini və regional münasibətlərdə əsas oyunçulardan biri olmasını qəbul etməli, bununla hesablaşmalıdır. Eyni zamanda, İrandakı Azərbaycan türklərinə qarşı münasibət məsələsi var. Hüquqi baxımdan bu, İranın daxili işi sayılsa da, orada yaşayanlar bizim soydaşlarımızdır.

Həmçinin, Azərbaycan-Türkiyə münasibətlərinə baxışlarında dəyişiklik edilməlidir. İsrail məsələsində də İran öz siyasətinə əvvəl-axr dəyişiklik etməli olacaq. Çünki beynəlxalq siyasətdə İsrail məsələsini bu qədər ideologiyalaşdırmaq İranın özünün də maraqlarına ziddir. Prinsip etibarı ilə İran öz daxilində və xarici münasibətlərində ciddi islahatlara getməlidir. Məncə, bu vəziyyətdən çıxış yolu daha çox İranın özündən asılıdır.

- Bir sıra mütəxəssislər İranın Azərbaycanda uzun illər “işlədiyini”, “beşinci kolon” yaratdığını və bunun ölkəmiz üçün real təhlükə olduğunu iddia edirlər. Sizcə, bu iddialar nə dərəcədə reallığa uyğundur?

- Son hadisələr göstərdi ki, bu hesablar yanlışdır. Bilirsiniz ki, İranın Ali dini liderinin nümayəndəsi kimi tanınan Ocaq Nejatın çıxıb getməsi və onun ofisinin bağlanması zamanı hər hansı bir müqavimət baş vermədi. Əlbəttə, Azərbaycan cəmiyyəti fərqlidir. Amma göründüyü kimi, hər halda həlledici məqamda dövlətçilik şüuru hər şeydən üstün oldu. Aydın məsələdir ki, bu istiqamətdə ehtiyatlı olmaq lazımdır, zaman-zaman hansısa təxribatların olması istisna deyil. Xüsusi represiv tədbirlərə ehtiyac olmasa da, belə adamlar nəzarətdə saxlanmalıdır. Azərbaycan bir çox maraqların toqquşduğu nöqtədə yerləşir. Burada Rusiyanın, Qərbin, İranın da “beinci kolon”u var. Belə rəy formalaşmışdı ki, İran Azərbaycana qarşı istənilən təhlükəni yarada bilər, amma hesab edirəm ki, son hadisələr bunun boş iddialar olduğunu aşkara çıxardı.

 






Fikirlər