SSRİ-ni bir-birinə vuran qəzet nüsxəsi - Tarixi faktlar
Eyni “Pravda” qəzeti, milyonlarla oxucusu olan SSRİ-nin bir nömrəli nəşri, Mərkəzi Komitənin orqanı. Eynilə başlığın üstündə “Bütün ölkələrin proletarları, birləşin”, aşağıda, sağ tərəfdə “Qiyməti 3 qəpik”, buraxılış tarixi 28 iyul, 1980-ci il. Eyni format, eyni tərtibat, eyni şriftlər. Amma qəzetdəki yazılar tam fərqli, mövcud dövr üçün ağılasığmaz, qorxulu, hətta son dərəcə təhlükəli. Buraxılış tarixi isə SSRİ üçün həssas bir vaxt, Moskvada keçirilən 22-ci Yay Olimpiya günləri... “Pravda”nın bu “xüsusi” nömrəsi nədən və kimdən yazıb? Qəzetin baş məqaləsi olan “Rusiya şeytanları sındırdı” yazısında Rusiya Federasiyasının SSRİ-dən ayrılması, ayrıca bir dövlət olması qeyd olunub: “Rusiya Federasiyası ayrıca bir dövlətdir. Artıq sovet sosialist respublikaları yoxdur. Müttəfiq respublikalar müstəqil dövlətlərdir. Suslovun yaratdığı diktatura ideologiyasına son qoyuldu...” Həmin məqalədə Suslovun qurşaqdan yuxarı çılpaq şəkli və sinəsinə tatu olunmuş Stalinin əksi verilib. Qəzet məlumat yayıb ki, azadlıq tərəfdarları olan hərbi zabitlər Ali Soveti ələ keçirib və yeni seçkilərə qədər Müvəqqəti Vətəndaş Hökuməti yaradıblar. Qəzetdə Leonid Brejnevin xarici ölkələrdən sığınacaq istəməsi haqqında da məlumat yazılıb. Baş katib Dnepropetrovska qaçmaq istəsə də, “Ukrayna Xalq Respublikası” buna müsbət cavab verməyib. “Pravda” Olimpiya oyunları haqqında geniş məqalə dərc edib. Məqalədə göstərilib ki, sovet vətəndaşlarının sosial rifahının son dərəcə acınacaqlı olduğu bir vaxtda olimpiya oyunlarına milyonlarla vəsaitin xərclənməsi Mərkəzi Komitənin sıravi vətəndaşlara qarşı qisas kampaniyasıdır. O cümlədən “redaksiya heyəti” SSRİ-də keçirilən Yay Olimpiya Oyunlarını boykot edən ölkələri dəstəklədiklərini bildiriblər.
Qəzetdə Əfqanıstan məsələsi də işıqlandırılıb. Leonid Brejnev, Dmitri Ustinov, Yuri Andropov və digər yüksək ranqlı dövrlərin məmurları oxuculara “qatil diktatorlar” kimi təqdim edilib. Məqalədə yaxın günlərdə sovet hərbi kontingentinin Əfqanıstandan çıxarılacağı da qeyd olunub. Qəzetdə həmçinin ərazi məsələlərinə də toxunulub. Abxaziyanın müstəqil respublika olacağı, Moldovanın Rumıniya ilə birləşməsi, Qazaxıstanın ərazi məsələsinə yenidən baxılması və bu respublikada feodal diktatura rejiminin dəyişdirilməsi və s. məsələlərdən geniş bəhs edilib. Qəzetdə diqqət çəkən yazılardan biri də kommunist rejiminə qarşı çıxanların məcburi şəkildə psixiatriya xəstəxanalarına salınması ilə bağlı məqalə olub. Yazıda qeyd edilib ki, yaxın günlərdə onların hamısı xəstəxanalardan buraxılacaq. Qəzet 5 min tirajla buraxılıb. “Pravda” səhər saatlarında parklarda, nəqliyyat qovşaqlarında, vağzallarda, kilsələrdə və digər əhalinin çox olduğu yerlərdə pulsuz paylanılıb. 3 qəpiyi qənimət sayan sıravi sovet vətəndaşları qəzetin bütün nüsxələrini götürüblər. “Pravda” oxucularına çatdırıldıqdan cəmisi 20 dəqiqə sonra nüsxələrdən biri DTK sədri Yuri Andrpovun kabinetindəki iş masasının üstünə qoyulub. Andropov təcili müşavirə çağırıb. Olimpiya oyunları günlərində onsuz da gücləndirilmiş iş rejimində xidmət edən DTK əməkdaşlarına növbəti tapşırıqlar verilib. Tapşırığın birinci bəndi isə qəzetin bütün nüsxələrinin yığılması ilə bağlı olub. Tirajın əsas hissəsi yığılsa da, əllərdə qalan qəzetlər də olub. 1990-cı illərdə “Pravda”nın həmin nüsxələrindən biri hərraca çıxarılaraq 100 min rubla satılıb. DTK-nın keçirdiyi əməliyyatın nəticələri, kimlərin və neçə nəfərin həbs olunması, qəzetin hansı mətbəədə çıxması haqqında ictimaiyyətə məlumat verilməyib. Yalnız sonralar məlum olub ki, “Pravda”nın müəllifləri xaricdə yaşayan tanınmış qələm sahibləri, İtaliyada nəşr olunan “Zlyuko” jurnalının baş redaktoru Vinçentso Sparano, “Nemetskaya volna” radiostansiyasının əməkdaşı Artur Verner, “Azadlıq” radiostansiyasının Paris bürosunun jurnalisti Vasili Betaki, Romada fəaliyyət göstərən “Azadlıq” radistansiyasının müxbiri Savik Şuster olub. O da məlum olub ki, qəzet SSRİ-də deyil, xarici ölkədə çap olunub və gəmi vasitəsilə SSRİ ərazisinə keçirilib.
Uzun illər Moskvanın birinci katibi olan Viktor Qrişin 1991-ci ildə, son müsahibələrinin birində həmin “Pravda” haqqında fikirlərini belə açıqlayıb: “Elə həmin gün qəzeti mənə çatdırmışdılar. Əsl “Pravda”dan fərqli olaraq mən o qəzeti birnəfəsə oxudum. Etiraf edim ki, məqalələrdə maraqlı məsələlər çox idi. Düzdür, oxucular səhifədən-səhifəyə keçdikcə anlayırdılar ki, bu bir oyundur, yalan yazılmış məqalələrdir. Çünki qəzetin yazdıqlarını kiçik bir müddətdə həyata keçirmək mümkünsüz bir məsələ idi. Amma oxucular onu da bildilər ki, əsl “Pravda” həmişə Mərkəzi Komitənin diktəsi ilə yazılıb. Bu məsələni DTK saatlar ərzində qapasa da, həmin “Pravda” Kremldə böyük narahatlıq yaratmışdı. Şəxsən Leonid İliç “Pravda”ya görə Andropova irad bildirmişdi, onu fəaliyyətsizlikdə suçlamışdı. Mən bunun şahidi olmuşam. Həmin vaxt Brejnev Andropovla telefonla danışanda mən baş katibin kabinetində idim. Brejnev çox narahat idi...” İlham Cəmiloğlu, Musavat.com