Rusiyanın Qarabağ oyunu: "Vardanyan özü də etiraf etdi ki..." - ŞƏRH

Rusiyanın Qarabağ oyunu: “Vardanyan özü də etiraf etdi ki…” – ŞƏRH

Bakı və Azərbaycanın başqa şəhərlərində 25 mindən çox erməni yaşayır və onlar heç bir təzyiqlə üzləşməyiblər. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etsələr, onlara qarşı da heç bir təzyiq olmayacaq”.

Bu fikri Ermənistanın ikili oyunu, Qarabağdakı gərginlik və bunun səbəblərini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Paşinyanın sözü ilə əməlləri bir-birinə ziddir:

“Ruben Vardanyanın Rusiya tərəfindən Qarabağa göndərilməsi heç kəs tərəfindən şübhə ilə qarşılanmır. Onun gəlişi ilə gərginliyin artması müşahidə olunub.

Gizli yolların olmasını Vardanyan özü də etiraf edib. Ola bilər ki, gizli yolla həm də silah daşınır. Hesab edirəm ki, Azərbaycan tərəfi həmin ərazilərə nəzarəti ələ keçirməlidir. Ola bilsin, vizual müşahidə var. Ancaq vizual müşahidə silah daşınmasının qarşısını almır.

Qarabağda 25-30 minə yaxın erməni yaşasa da, onlar bütün dünyaya car çəkirlər ki, orada 100 mindən çox əhali var. Onlar Avropanı, dünyanı bu prosesə cəlb etmək istəyirlər. Erməni ekspertlər çıxışlarındaPrezident İlham Əliyevin çıxışından bir hissəni konteksdən çıxararaq Azərbaycan əleyhinə istifadə etmək istəyirlər. Prezident çıxışında bildirmişdi ki, ya Azərbaycan qanunlarına tabe olub vətəndaşlığı qəbul edib yaşaya bilərlər, ya da bunu istəməsələr, gedə bilərlər. Ermənilər sonuncu hissəni əllərində bayraq ediblər.

Paşinyan hər gün bir fikir səsləndirir. Əvvəl deyirdi ki, 2022-ci ilin sonunda sülh müqaviləsi imzalana bilər. Bunu etmədilər. Paşinyana “Qarabağ klanı” tərəfindən də ciddi təzyiqlər var.

Ermənilər Qarabağda təxribat törətmək istəyirlər ki, Azərbaycan ordusu hər hansı bir addım atsın. Bununla da dünyaya car çəksinlər ki, onları məhv edirik.

Baxmayaraq ki, Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Buna baxmayaraq, Bakı və Azərbaycanın başqa şəhərlərində 25 mindən çox erməni yaşayır və onlar heç bir təzyiqlə üzləşməyiblər. Həmçinin Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etsələr, onlara qarşı da heç bir təzyiq olmayacaq.

Hərbi ekspert vurğulayıb ki, gərginliyin artmasında birbaşa rusların əməyi var.

“Rusiyanın başının Ukrayna müharibəsinə qarışmasına baxmayaraq, burada da yenə də öz işini görür. Biz tez-tez “Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb” ifadəsini işlədirik. Bilmək lazımdır ki, Rusiyanın başı Ukraynaya qarışsa da, bu istiqamətdə də onların nümayəndələri var. Cənubi Qafqazı da yaddan çıxarmırlar. Hətta rusiyalı politoloqlar bildirir ki, Qarabağdan sülhməramlıların çıxarılması cənubi Qafqazın itirilməsi demək olacaq. Rusların cənubi Qafqazdan çəkilmək kimi niyyətləri yoxdur. Gərginliyin artmasında birbaşa rusların əməyi var”.

Azərbaycan Ağdərədən keçən Kəlbəcər yoluna nəzarəti ələ keçirmək üçün işlər görməlidir. O yol Azərbaycan üçün strateji əhəmiyyətlidir”.

 






Fikirlər