“KRIM UKRAYNAYA QAYTARILMALIDIR” – Navalnı Rusiyanın təzmint ödəməli olduğunu da deyir...
Həbsdə olan müxalifət lideri Aleksey Navalnının adından öz saytında və sosial şəbəkə hesablarında Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümünə həsr olunmuş 15 bəndlik məqalə dərc edilib. “AzPolitika.info” xəbər verir ki, məqalə Navalnının siyasi platformasının xülasəsi kimi təqdim edilir. Navalnı ilk dəfə açıq şəkildə ilhaq edilmiş Krımın Ukraynaya qaytarılmasını tələb edir, həmçinin Kiyevə təzminat ödənilməsinə və Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin araşdırılmasına çağırır. Müxalifət lideri həmçinin Rusiyanın inkişafı üçün Avropaya inteqrasiyasının və parlamentin rolunu gücləndirəcək yeni konstitusiyanın qəbul edilməsinin tərəfdarıdır. Navalnının sözlərinə görə, Prezident Putin gülünc bəhanələrlə Ukraynaya qarşı ədalətsiz təcavüzkar müharibəyə başlayıb. Müxalifətçi hesab edir ki, Putin Rusiya vətəndaşlarının əksəriyyətinin dəstəyini ala bilməyib: “Bu müharibədə könüllülər demək olar ki, yoxdur, ona görə də Putinin ordusu məhbuslara arxalanıb və zorla səfərbər olunub”. Navalnının sözlərinə görə, Rusiya Ukraynada hərbi məğlubiyyətə uğrayır. Navalnı rus xalqının imperiya kimi səciyyələndirilməsi ilə razılaşmır və hesab edir ki, imperiya şüurunun daşıyıcıları azad seçkilərdə qalib gələ bilər. O, islahatları ədalətli seçkilər, müstəqil məhkəmə sistemi, federalizm, yerli özünüidarəetmə, tam iqtisadi azadlıq və sosial ədalət yolu ilə hakimiyyətin dəyişməsinə əsaslanan parlament respublikasının yaradılması kimi görür. Navalnı həmçinin qeyd edir ki, Rusiya Avropanın bir hissəsi olmalı və Avropanın inkişaf yolu ilə getməlidir. "Bizim başqa yolumuz yoxdur və bizə başqası da lazım deyil". Xatırladaq ki, Navalnı 2008-ci ildə Gürcüstana qarşı hərbi təcavüzü, 2014-cü ildə isə Krımın ilhaqını pisləsə də, yarımadanın Ukraynaya qaytarılması ilə bağlı çağırışlardan imtina edib. 2014-cü ildə “Exo Moskvı”-ya verdiyi müsahibədə Navalnı Krımın yaxın gələcəkdə Ukraynaya qayıtmayacağını, yarımadanın “irəli-geri veriləcək” sendviç olmadığını bildirib. Beləliklə, bu gün dərc edilən məqalə onun bu məsələ ilə bağlı mövqeyinin dəyişdiyini göstərir.