Aleksey Navalnının mətbuat katibi saxlanılıb

Aleksey Navalnı

Qurucusu rusiyalı müxalifətçi Aleksey Navalnı olan Korrupsiya ilə Mübarizə Fondunun (KMF) iki əməkdaşı polis tərəfindən saxlanılıb.

 

Bu barədə məlumatı “Dojd” telekanalı yayıb.

Bildirilib ki, saxlanılanlar A.Navalnının mətbuat katibi Kira Yarmış və KMF-nin əməkdaşı Georgi Alburovdur.

Məlumata görə, Kira Yarmışı evindən aparıblar. 31 yaşlı qadının saxlanılmasında polisin 5, ekstremizmlə mübarizə şöbəsinin 2 əməkdaşı iştirak edib.

Siyasətçinin mətbuat katibi bununla bağlı tvitterdə yazıb:

Məni birgecəlik inzibati qaydada həbs olunanların kamerasında saxlayacaqlar. Məhkəmə sabah olacaq, saatı məlum deyil. Yanvarın 23-ü əfsanəvi olacaq”.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. O, sınaq müddətini dəfələrlə pozmaqda təqsirli bilinir. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir. A.Navalninin həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 50 milyondan çox izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bir çox bölgələrində kütləvi mitinqlər planlaşdırılıb.(virtualaz.org)






Fikirlər