Ermənilər Lavrov imtahanından kəsildilər - Rusiya İrəvanı Bakının ümidinə BURAXDI...

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri başa çatdı. İkigünlük səfərdən sonra nazir gözlənildiyi kimi, İrəvana deyil, uzaq Hindistana yollanıb. Kreml bununla demək istəyir ki, regionun söz sahibi olan dövlətilə əməkdaşlıq etmək, işbirliyi aparmaq siyasətini davam etdirəcək. Ermənilər ümid edirdilər ki, Moskva Qarabağda azərbaycanlıların etiraz aksiyasına sərt reaksiya verəcək, məhdudiyyətlərin aradan qaldırılması çağrışlıarı səsləndirəcək. Lakin Lavrov onların gözləntisini doğrultmadı. Bu səfər bir daha göstərir ki, Krem üçün İrəvandan çox Bakı ilə əməkdaşlıq etmək daha məqsədəuyğundur.

Spikerdən Lavrova mesaj - "Bizim işimizə qarışmayın"

Səfər gözlənildiyi kimi İrəvanda ciddi narahatlıq və etiraz doğurub. Erməni telegram kanallarında, erməni mediasında anti-Rusiya isterikası güclənib. Siyasilərlə yanaşı, rəsmilər də XİN rəhbərinin Bakı səfərini, səslənən bəyanatları sərt tənqid ediblər. 

Məsələn, Lavrovun Rusiyanın digər dövlətlərin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərini alqışladığı barədə bəyanatına toxunan parlamentin spikeri Alen Simonyan açıq şəkildə Moskvanı təhdid edib: "Onlar bizim təhlükəsizliyimizin, ərazi bütövlüyümüzün təminatçısı olublar. Burada Rusiyanın hərbi bazası var. Bizim ikitərəfli razılaşmalarımız da bu vəziyyətə yönəlib. Haradasan, niyə daha fəal iştirak etmədin? Əgər bacarmırsansa, o zaman bunu ictimaiyyətə bəyan etməlisiniz. Oturub birlikdə müzakirə etməli və vəziyyətdən çıxış yollarını axtarmalısınız". Simonyan Lavrovun Bakıdan İrəvana "Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verirsiniz" fikrinə də reaksiya verib. "Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir", deyən Simonyan bununla Lavrova sanki demək istəyib ki, bizim işimizə qarışmayın.

Moskvanın Qərbin vasitəçiliyi ilə aparılan danışıqları tənqid etməsini Simonyan "konvulsiya", özündən çıxma kimi səciyyələndirib. O, Moskvanın reaksiyalarını həddən artıq emosional adlandırıb: "Hesab edirəm ki, onlar bir az sakit, təmkinli olmalı və başa düşməlidirlər ki, Ermənistanın öz maraqları və geosiyasi təbəddüllatlardan və ya kiminsə istək və qısqanclığından asılı olmayaraq həll ediləsi təhlükəsizlik problemləri var".

Simonyan xatırladıb ki, Rusiyanın Ermənistanda hərbi bazası var: "Hə bəs onda haradasınız? Niyə iştirak etmirsiniz? Əgər edə bilmirsinizsə, bunu açıq demək lazımdır. Bu halda bəlkə də oturub həll yolu tapa bilərik. Amma biz nə baş verdiyini görürük, axı..."

Simonyan təhqir olundu

Simonyanın Rusiyanı hədəfə alması Rusiyanın sosial seqmentinin sərt reaksiyasına səbəb olub. Bu "hücumlara" cavab olaraq, Kremlə və hüquq-mühafizə orqanlarına yaxın olan bir sıra Rusiyanın Telegram kanalları sözün əsl mənasında erməniləri təhqir ediblər. Belə ki, "Kremlin Laundress" TG kanalı Ermənistanı banan respublikası, Simonyanı isə siyasi fahişə adlandırıb.

"Yaxşı olardı ki, Ermənistan Milli Assambleyasının hazırkı sədri Alen Simonyan İrəvan Dövlət Konservatoriyasının KVN komandasında çıxışını davam etdirsin və ya radio aparıcısı kimi ictimaiyyəti əyləndirsin. Çünki onsuz da postsovet məkanında siyasətdə klounlar çoxdur. Lakin təəssüf ki, bu fiqur səhnədə oynamaq əvəzinə Ermənistan adlı banan respublikası tərəfindən rəsmi natiq kimi çıxış edir".

Erməni analitik Akop Badalyan erməni mediasına açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağ məsələsində həm Rusiya, həm də Qərb çox fəaldır. Onun sözlərinə görə, Lavrov Rusiyanın Cənubi Qafqaz mövqeyini müdafiə etməyə hazırlaşır. Burada Ermənistan və Qarabağ ermənilərini narahat edən amil mövcud vəziyyətin onların mövqeyini nə dərəcədə təhdid etməsidir.  

İrəvanda Rusiya əleyhinə növbəti yürüş -  Putinin müqəvvası yandırılıb

Bütün bunların fonunda İrəvanda növbəti dəfə Rusiya əleyhinə yürüş keçirilib, etirazçılar Kreml sahibi Vladimir Putinin müqəvvasını yandırıb, məşhur şair Mixail Lermontovun rusları aşağılayan "Əlvida, yuyulmamış Rusiya, qullar və ağalar ölkəsi" şeirindən parçalar oxuyublar. Ermənistanda keçirilən rəy sorğuları da Rusiyanın Qərbdən geridə qaldığını göstərir. 

Rusiyalı ekspertlərdən Andrey Petrov rus mediasına müsahibəsində bildirib ki, Lavrovun Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edən çox mühüm bir detalı ehtiva edir: "Bakıdan sonra rusiyalı nazir əvvəllər olduğu kimi, Cənubi Qafqazda formal tarazlığı saxlamaq üçün İrəvana yox, Moskvaya qayıdacaq. Hətta Rusiya XİN rəhbərinin yaxın gələcəkdə Ermənistana səfərinin mümkünlüyü barədə də məlumat yoxdur".
Lavrovun Bakı səfəri Ermənistan baş naziri Nikol Paşinyana qarşı tənqidləri də gücləndirib. "Ermənistan" müxalifət fraksiyasından olan deputat Andranik Tevanyan onu anti-Rusiya koalisiyasına qoşulmaqda və Ermənistanı Qərblə Rusiya arasında toqquşma platformasına çevirməkdə ittiham edib. Tevanyan deyib ki, "hakim "Mülki müqavilə" fraksiyası və onun rəhbəri Paşinyan seçkilərdə seçiciləri aldadıb və onların vədlərinə birbaşa zidd hərəkət edir, Qarabağı Azərbaycana təslim etmək, Qarabağ sakinlərini ermənilərə qarşı qoymaq, millətdaxili irqçilik və və düşmənçilik salmaq siyasəti yürüdürlər.

Azər Nuriyev 






Fikirlər