Deputat Astan Şahverdiyevdən Lavrova SƏRT SÖZLƏR
Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilən deputatı Astan Şahverdiyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dağlıq Qarabağla bağlı fikirlərinə sərt şəkildə etiraz edib A.Şahverdiyev Ölkə.Az-a açıqlamasında deyib ki, Sergey Lavrovun bəyanatları Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı təhdiddir: “Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birinin xarici işlər naziridir. Onun bu cür fikirlər sələndirməsi böyük səhvdir və ədalətsizlikdir. Əlbəttə ki, onun fikirləri qəbuledilməzdir. Çox arzu edərdik ki, Rusiya kimi böyük dövlətin rəsmi şəxsləri tərəfindən bu cür fikirlər bir daha təkrarlanmasın”. A.Şahverdiyev qeyd edib ki, Rusiyanın Azərbaycana qarşı apardığı ermənipərəst siyasət tarixən mövcud olub: “Rusiyanın Azərbaycana qarşı apardığı ermənipərəst siyasət artıq mənə təəccüblü gəlmir. Bu siyasət Rusiya çarı İvan Qroznıdan bəri davam edir. Bu gün Rusiyanın coğrafi əraziləri və quruluşu dəyişsə də, ancaq həmin siyasət qalır. Bu siyasətin davam etdiyini göstərən nümunə kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamalarını göstərmək olar. Ümumiyyətlə, Sergey Lavrovun erməni əsilli olması barədə bu gün cəmiyyətdə müəyyən fikirlər mövcuddur. Onun haqqında çox fikirlər səsləndirilir. Sadəcə olaraq, Sergey Lavrov bu gün Rusiyanın siyasətini davam etdirir. Hələ 1990-1993-cü illərdə Dağlıq Qarabağ münaqişəsi beynəlxalq müstəviyə çıxarılan zaman Azərbaycana qarşı açıq təhdidlər və təzyiqlər var idi. Halbuki, bu gün BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmasına dair müvafiq qərarları və qətnamələri mövcuddur”.