Azərbaycanın iradəsini bir daha ortaya qoyan Brüssel görüşü - Paşinyan və Fransa məyusdur...

Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü baş tutdu.

Bu görüş əslində, rəsmi Bakının iradəsinin bir daha ortaya qoyulması idi.

Daha öncədən xəbər verdiyimiz kimi Ermənistan Brüsseldə bu formatda görüşün keçirilməsinin əleyhinə idi. Paşinyan belə bir görüşü istəmir, buna müxtəlif variantlarla mane olmağa çalışırdı. Ancaq sonda Azərbaycan Prezidentinin iradəsi qalib gəldi və Paşinyan hər zaman olduğu kimi, İlham Əliyevin qarşısında məğlub formada görüşdə iştirak etməyə razılıq verməyə məcbur oldu.



Beləliklə də Brüssel formatı bərpa olundu. Bu görüşdə Fransa iştirak etmədi. Halbuki, Ermənistan buna bütün cəhdləri ilə çalışırdı ki, prosesə “bacısı”nı da qoşsun. Elə buna görə də Praqada keçirilmiş görüşdən sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı.

Qeyd etdiyimiz kimi, Ermənistan Fransanın müdaxiləsi nəticəsində, məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istəyirdi. Fransa da bu məsələdə təkidli tərəf idi. Ancaq Azərbaycan haqlı olaraq buna razılıq vermədi və nəticə də göz önündədir...

Brüssel görüşünün əsas gündəliyi nədir?

Görüşün əsas məqsədi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinə doğru növbəti addımın atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru və itkin düşənlərin taleyidir.

Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti niyə artıb? TƏHLİL

Azərbaycanın Avropa İttifaqı ilə hər hansı bir problemi yoxdur. Eyni zamanda Şarl Mişelin iştirakı ilə keçən görüş də tam demokratik, heç bir tərəfkeşlik olmadan aparılır. Mişel bu görüşlərdə vasitəçi yox, daha çox dialoqa dəstək verən tərəfdir.

Məsələni korlayan qeyd etdiyimiz kimi, Fransanın davranışları idi. O da aydındır ki, Aİ-nin öz daxilində Fransanın nüfuzu çox aşağı düşüb. Bu, Makronun Fransada həyata keçirmək istədiyi islahatlar, xalqın buna dirənişi, eyni zamanda Fransanın Afrikada müstəmləkə siyasətidir. Hansı ki, bu gün bütün dünya tərəfindən qınanılır.

Azərbaycan və Brüssel sülh gündəliyinin istəyi regionda daimi sülhün, sabitliyi olmasıdır. Buna mane olan isə Ermənistandır.

Ermənistan müharibədə ağır şəkildə məğlub olsa da, təxribatlarından əl çəkmir. Yaxın günlərdə, həftələrdə Ermənistanın Azərbaycana qarşı nə qədər təxribatlar törətməsi, Azərbaycan ordusunu atəşə tutması, mina terroru əsdirməsi ilə bağlı xəbərlər vermişik. Eyni zamanda zaman-zaman Ermənistan rəsmiləri sərt ritorika nümayiş etdirib, Azərbaycana qarşı müxtəlif təhdidlər səsləndirirlər. Təbii ki, bütün bunların heç biri cavabsız qalmayıb və qalmayacaq. Ancaq Azərbaycanın istədiyi heç də regionda daimi münaqişənin olması deyil.

Brüsseldə İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kişinyovda gözlənilən Azərbaycan, Ermənistan, Fransa və Aİ rəhbərlərinin görüşünə gəlincə isə, məlumatlar belədir ki, bu, format deyil, orada keçiriləcək samit çərçivəsində adi qeyri rəsmi görüş olacaq. Belə bir kənar görüş çərçivəsində qeyri-rəsmi şəkildə Almaniya və Fransanın da iştirakı təmin oluna, tərəflər iştirak edə bilərlər. Təbii ki, Almaniyanın iştirakı Azərbaycan üçün normaldır. Çünki Almaniya Azərbaycanla dost tərəfdaş dövlətdir.

Almaniya Fransadan fərqli olaraq beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır.Bu görüşdə Almaniyanın iştirak etməsi isə avtomatik olaraq Makronun iştirakını neytrallaşdıracaq. Almaniya gözəl başa düşür ki, Aİ daxilində belə hörmətini itirən, müstəmləkəçilik siyasətini indi də davam etdirən, haqsız Ermənistanın yanında olan Fransanın bu görüşlərdə iştirakı və yersiz müdaxilələri sülh prosesinin ziyanınadır. Onu da qeyd edək ki, rəsmi Berlin həmişə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.  |Musavat.com

 






Fikirlər