Azərbaycanın müasir bankçılığının ETİBARı Və ya ETİBARlı bankçılıq haqqında bir neçə söz

  

““Onlar öz xanımları qarşısında diz çökür, amma burda...” - Etibar Əliyev

Əslində çoxları Onun gerçək kimliyini qanunsuz həbs olunduğu günlərdə tanıdı. Haqsız yerə həbs olunsa da, heç vaxt emosiyaya qapılmadı, gurultulu bəyanatlar vermədi, səbr və təmkinlə ədalətin zəfər çalacağı günü gözlədi.Çünki hər zülmət gecənin bir işıqlı gündüzü olduğunu bilirdi.

Bilirdi ki, hər qışın sonunda bir bahar var.

Bilirdi ki, yalan ayaq tutsa da yeriməz.

Necə ki, yerimədi də.

Dünən ona şər və böhtan atanların bu gün özləri ədalət divanı qarşısında cavab vermək məcburiyyətindədirlər.

 Zaman - ən böyük loğmandır

Əslində bu yazıya belə bir giriş bəlkə də yerinə düşmür. Çünki bankçılıq dəqiqlik və konkretlik sevir. Bankçılıq soyuqqanlılıq və məsuliyyət sənətidir.Ona görə də bizim yuxarıda yazdıqlarımız bir az duyğusal, emosional, bir az da bədii-poetik sətirlər bank sektorunun nümayəndələri üçün qəribə, hətta yad görünə bilər. Amma unutmayaq ki, həbsxana kimsənin kimsəyə qarşı arzu etməyəcəyi qədər çətin bir sınaq meydanıdır. Üstəlik, əgər bu həbs sadəcə hansısa bir böhtan və iftira sayəsində gerçəkləşibsə, o zaman emasional olmağın da yeri var, duyğusal  olmağın da.

Bəzən hüququn, qanunçuluğun insana vermədiyi rahatlığı, hüzuru ona hansısa romantik, bədii-poetik hisslər bəxş edir.Elə bu yazımızın sözün hər mənasında qəhrəmanı Etibar Əliyev də haqsız yerə həbsdə yatıb, nəhayət, haqq öz yerini tapdıqdan – azadlığa buraxıldıqdan sonra yuxarıda dediklərimizə şərik olurmuşcasına demişdi: “Zaman-zaman hər şey öz yerini tapır”.

Bəli, doğrudan da zaman bütün dərdlərin ən böyük dərmanıdır.

Belə olmasaydı, hələ həbs edilərkən günahsızlığına cəmiyyətin geniş bir qisminin qətiyyən şübhə etmədiyi ““Bank Technque”nin -"TEXNİKABANK"ın (Bir neçə gündür artıq məhz E.Əliyevin təşəbbüsü ilə bankın əvvəlki adı -"TEXNİKABANK" özünə qaytarıldı-red.) Müşahidə Şurasının sədri Etibar Əliyev ilk baxışda bədii, amma dərindən düşündükdə riyazi dəqiqliklə söylənmiş həmin bir cümləni deməzdi...

Yeni bankçılığın Etibar Əliyevi

Etibar müəllimin həbsdən azad edildikdən dərhal sonra yenidən “TEXNİKABANK"ın rəhbərliyinə gətirilməsi, öz fəaliyyətinə qaldığı yerdən davam etməsi onun Azərbaycanın müasir bankçılığı üçün nə qədər əhəmiyyətli bir sima olduğunu göstərir.

Xüsusilə dünya iqtisadiyyatında böhranlı proseslərin cərəyan etdiyi və Azərbaycanın bank sektorunun bu böhranın mümkün mənfi təsirlərindən qorunmasının prioritet məsələyə çevrildiyi bir vaxtda Etibar Əliyevə vaxtilə rəhbəri olduğu ölkənin ən önəmli banklarından birinin yenidən etibar edilməsi ayrıca qiymətləndirilməyə dəyər. Bu o deməkdir ki, Azərbaycanın bank sektorunun Etibar müəllim kimi peşəkar, təcrübəli simalara ehtiyacı həddən artıq böyükdür.Bu həm də o deməkdir ki, Etibar müəllimi haqsız ittihamlarla bir müddət bank sektorundan kənarda saxlayanlar bununla yalnız “TEXNİKABANK”a deyil, ümumilikdə Azərbaycanın bank sektoruna zərbə vurublar.

Amma sevindiricidir ki, haqq əvvəl-axır öz yerini tapır.

Məhz buna görədir ki, Etibar Əliyev hazırda işinin başındadır, uğrunda kifayət qədər əmək sərf etdiyi “TEXNİKABANK"ın problemlərinin yoluna qoyulması, bu bankın Azərbaycan bankçılığında bir zamanlar sahib olduğu yerin, rolun özünə qaytarılması istiqamətində dayanmadan çalışır.

DOSYE:

“Bank Technique”(indiki "TEXNİKABANK") Açıq Səhmdar Cəmiyyəti (ASC), Azərbaycan Respublikası Milli (Mərkəzi) Bankı tərəfindən verilmiş 24 fevral 1994-cü il tarixli 198 nömrəli bank əməliyyatları aparılmasına dair lisenziya uyğun olaraq, 1994-cü ildə “Rəşadbank” adı altında fəaliyyətə başlayıb, daha sonra 1998-ci ildə “Texnika Bank” adlandırılaraq, fəaliyyətini davam etdirib.

2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, Bankımız, “Bank Technique” adı ilə bazara yeniliklərlə daxil olub və innovativ bank imicini yaradıb. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “TEXNİKABANK”, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Texnoloji inkişaf və bank xidmətlərin müasirləşdirilməsi rəqabətli mühitdə geniş imkanlar yaradır. Bundan irəli gələrək “TEXNİKABANK"” Azərbaycanda innovativ xidmət və məhsulların tətbiqini özünün əsas prioriteti elan edib.

Məhz “TEXNİKABANK” ilk dəfə olaraq Azərbaycanda displeylə təchiz edilmiş bank kartlarının buraxılışına başlayıb. Bu kartlar elektron hesablaşmalarda təhlükəsizliyin ən yüksək səviyyəsini təmin etməklə, eyniləşdirmə sahəsində ən rahat üsul hesab olunur.

“Technique Online” tamfunksional internet-bankçılıq sistemini, “Technique Mobile” smartfonlar üçün mobil proqramını və Azərbaycan bazarı üçün unikal hesab edilə bilən və bank əməliyyatlarının telefon əlaqəsi vasitəsilə icrasını təmin edən “Technique ID” qabaqcıl identifikasiya sistemini birləşdirən ən yeni İnnovativ Məsafəli Bankçılıq Xidmətlərini istifadəyə verən “TEXNİKABANK" texnoloji inkişaf sahəsində ölkədə fəaliyyət göstərən bankların sırasında ən yüksək pillələrdə qərarlaşıb. (Ətraflı oxu)

Bank, sığorta sektorunda öz sözünü demiş “Alfa Sığorta” ASC və qiymətli kağızlar bazarında aktiv fəaliyyət göstərən və ən qabaqcıl brokerlərdən hesab olunan “Texnika Kapital Menecment” MMC müəssisələrinin səhmdarıdır. (Ətraflı oxu)

1998-ci ildən Bakı Banklararası Valyuta Birjası, 2002-ci ildən isə XÖHKS-in üzvü olan Bank, 2001-ci ildən Dünya Maliyyə Telekommunikasiya Cəmiyyətinə (SWIFT) və Azərbaycan Banklararası Ödəmələr Sisteminə (AZİPS) qoşulub. 2002-ci ildən isə “TEXNİKABANK"a Mərkəzi Bank tərəfindən beynəlxalq valyuta bazarında konvertasiya əməliyyatları aparmaq hüququ verilib.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi üzrə müvəkkil banklardan biri olan “TEXNİKABANK” 2002-ci ildən istehsal və digər sahibkarlıq fəaliyyəti növlərinin inkişafı ilə əlaqədar əhaliyə kreditlərin verilməsini həyata keçirir.

“TEXNİKABANK”, “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı” əsasında yaradılan və plastik kart ödənişlərinin inkişaf etdirilməsini nəzərdə tutan Milli Kart Prossesinq Mərkəzinin nizamnamə kapitalının 10%-ni alaraq, “Milli Kart” MMC-nin də təsisçilərindən birinə çevrilib.

2004-cü ildən etibarən, Beynəlxalq VISA Assosiasiyasının üzvü olan Bank, 2006-cı ildən “VISA”, 2007-ci ildən isə “MasterCard International” ödəmə sistemlərinin prinsipial üzvüdür.

2008-ci ildə London birjasında avro istiqrazlarını yerləşdirən Bank, Azərbaycan bank sisteminin inkişafında əlamətdar bir hadisəyə imza atmışdı. Bununla da, ilk dəfə Azərbaycan bankı London birjasına çıxmış, eyni zamanda, dünyanın 8 şəhərində - Sinqapur, Honkonq, London, Sürix, Cenevrə, Nyu-York, Boston və Los-Ancelesdə 64 investor üçün ayrı-ayrılıqda təqdimatlar keçirmişdi.

Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq strateji prioritetlərindəndir. Beynəlxalq ödəmələrə artan tələbatı nəzərə alaraq, “TEXNİKABANK” ASC-nin dünyada aparıcı bankları ilə müxbir əlaqələri mövcuddur (Ətraflı oxu).

Dünyanın istənilən nöqtəsinə tez bir zaman ərzində köçürmə etmək məqsədilə “Bank Technique” “Western Union”, “Blizko”, “Contact”, “PrivatMoney”, “Lider”, “Faster”, “IBA Express”, “Caspian MoneyTransfer”, "Universal Payment Transfer" (UPT) sistemləri ilə əməkdaşlıq edir.

Bankın kart sahibləri isə pul köçürmələri üçün VISA Personal Payment və MasterCard Money Send beynəlxalq kart köçürmələri xidmətlərindən yararlana bilirlər.

Azərbaycanda yeganə olaraq, “TEXNİKABANK”ın təqdim etdiyi elektron kiosklar vasitəsilə, banka gəlmədən, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri və Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunu ödəmək mümkündür.

Məsafəli xidmətlərlə yanaşı, Bankda filial şəbəkəsinin inkişafına xüsusi diqqət yetirilir. Hazırda Bankımızın Baş ofisi, 29 filialı Bakı, Abşeron, Gəncə, Sumqayıt, Quba, Mingəçevir, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad və Tovuzda müştərilərin ixtiyarındadır. Həmçinin Bakı və Sumqayıt şəhərlərində, Şüvəlan (Bakı) və Qovlar (Tovuz) qəsəbələrində, Ağstafa və Lənkəran rayonlarında Bankın şöbələri (o cümlədən notariat kontorlarında alqı-satqı əməliyyatlarının aparılması ilə məşğul olan) fəaliyyət göstərir.Ölkə bankları arasında müştərilərin sayına görə də liderlər sırasında olan Bankımız, hüquqi və fiziki şəxslər olmaqla, 100 mindən artıq müştəriyə xidmət göstərir. 700 nəfərdən artıq işçi heyəti Baş ofis və filiallarda çalışır.

Bütün bunlar Etibar Əliyevin müasir Avropa və ümumilikdə dünya bankçılığına dərindən bələd olması sayəsində reallaşmışdır.

Onun Bankın rəhbərliyinə yenidən qayıdışı “TEXNİKABANK”ın Azərbaycanın bank sektorunda öz mövqeyini daha da gücləndirəcəyinin, bu sektorun hazırki kritik məqamında önünə çıxan bütün maneələri aşaraq yeni uğurlara imza atacağının müjdəçisidir.

 

“Bank Technique”adını dəyişdi - Kreditlərə başladı

 

Müasir Azərbaycan bankçılığında Etibar Əliyev möhürü

Yuxarıda deyilənlər Etibar müəllimin Azərbaycanın müasir bank sistemi üçün nə qədər önəmli sima olduğunu ortaya qoyur. Eyni zamanda onun, hazırda ölkə başçısının təbirincə desək, uzun illərdir reketlik fəaliyyəti ilə məşğul olduğu rəsmi şəkildə üzə çıxan MTN-in qondarma ittihamları ilə həbs edilib, günahsız yerə zindana məhkum olunduğu aydınlaşandan sonra isə azadlığa buraxılıb dərhal “TEXNİKABANK”dakı vəzifəsinə qaytarılması nadir hadisədir.Buna bənzər tarixi nümunələr demək olar, yoxdur.Bunun özü də Etibar Əliyevin şər və böhtan qurbanı olduğunu təsdiqləməklə yanaşı, onun Azərbaycanın bank sektoru üçün nə qədər əhəmiyyətli, peşəökarlıq və təcrübə nöqteyi-nəzərdən nə qədər qiymətli kadr olduğunun göstəricisidir.

Qoy belə kadrların Azərebaycanın bank sektoruna daha böyük töhfə verməsinə kömək etmək əvəzinə onun önünü kəsmək istəyənlər utansınlar.

Necə ki, utanırlar da – Etibar müəllim çox sevdiyi, bilicisi olduğu, candan bağlandığı işinin başındadır, ona “tələ” quranlar isə öz haqsız əməllərinin bədəlini ödəmək üçün indi dünyaya bir zaman Etibar Əliyevi qanunsuz şəkildə məhkum etdikləri dəmir barmaqlıqlar ardından baxırlar.

Bir yanlışın naxışı

Etibar müəllim həbsdən azad edildikdən sonra ilk müsahibələrindən birində maraqlı fikirlər səsləndirmişdi. Sitat: “Heç zaman xəyanətin dərəcəsinin bu qədər olacağını hesablamamışdım. Bunu görməməyim mənim səhvim imiş. Ancaq ümidvar idim ki, həbsdən çıxacam. Gördüyüm işlərin, özümün, işçilərimin düzgünlüyünə inanırdım. İnanırdım ki, bir zaman haqq yerini tapacaq. Bilirdim ki, ölkə başçısı bu məsələ barədə tam məlumatlandırılacaq”.

 Bəli, xəyanəti və onun miqyasını hesablamamağı Etibar Əliyev öz səhvi adlandırır. Amma müdriklər demişkən, hər yanlış bir naxışdır.

Məhz onun kimi peşəkar, dürüst iş adamlarının haqsız həbsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və "komandasının" Azərbaycanın inkişafı qarşısında necə ciddi maneəyə çevrildiyini açıq ortaya qoydu. Bu zərərli dəstənin zərərsizləşdirilməsi zərurətinin ortaya çıxması həm də Etibar müəllim kimi Azərbaycan dövlətçiliyi və onun iqtisadi dayaqlarının möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən şəxsiyyətlərin özlərini gözləyən xəyanəti YANLIŞ hesablamağının nəticəsidir. Bu YANLIŞ müasir Azərbaycan tarixində artıq bir NAXIŞ rolu oynayır.

Təqdirəlayiq haldır ki, artıq yuxarıda haqqında bəhs etdiyimiz maneə aradan qaldırılıb və Etibar Əliyev kimi peşəkar, intellektual iş adamlarının qarşısında geniş üfüqlər açılıb.

Şübhə etmirik ki, bizi yaxın perspektivdə Etibar Əliyevin rəhbərliyi altında “TEXNİKABANK”ın mövqelərinin daha da güclənməsi və möhkəmlənməsi ilə bağlı ancaq və ancaq xoş xəbərlər gözləyir.

Azər Abdul

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  






Fikirlər