Ermənilər odla oynamağa başladılar ...
Ötən ilin sonlarında, Xankəndidə separatçı rejimin fəaliyyətinin bitməsinə az qalmış qarabağlı ermənilərin "parlament"ində "Artsax məsələsi üzrə beynəlxalq komissiya" yaradılıbmış. Parlament mandatı alan bu komissiya beynəlxalq təşkilatlarda və müxtəlif qurumlarda "qarabağlı ermənilərin əsas hüquqlarının müdafiəsi, repatriasiya və s. məsələlərlə məşğul olmalı" idi. Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan indiyədək yaradılması ermənilərdən sirr saxlanılan bu "komissiya" barədə açıqlama verib. O, daha sonra bəyan edib ki, komissiyanın fəaliyyətinin "koordinasiyası" ilə məşğul olacaq. İrəvanda çıxan "Hraparak" qəzetinin yazdığına görə, komissiyada "Daşnaksutyun" nümayəndəsi Mario Nalbandyan, "Hay Dat"ın ("Erməni məsələsi") Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, sabiq deputat Karen Bekaryan, "Qarabağın ombudsmeni" Gegam Stepanyan və başqaları var. V.Oskanyanın sözlərinə görə, komissiyanın heyəti daha da genişlənəcək. O bildirib ki, hazırda qarşılarında duran əsas məsələ Qarabağlı ermənilərin repatriasiyasının, yəni Azərbaycana geri qayıdışının, onların "tam təhlükəsiz və normal yaşamının" təminatıdır. "Erməni xalqının bir qisminin ev-eşiklərindən zorla çıxarıldığı, Ermənistan isə yeni itkilər təhdidi ilə "sülh"ə vadar edildiyi bir zamanda regionda dayanıqlı sülh mümkün deyil. Belə sülh və stabillik əsla dayanıqlı ola bilməz. Yalnız problemin balanslaşdırılmış həlli, o cümlədən qarabağlı ermənilərin hüquqlarının bərpası və tam təminatı bölgədə sülhün bərqərar olmasını şərtləndirə bilər", - Vardan Oskanyan Facebook səhifəsində yazıb. Özünü Xankəndidəki sabiq separatçı xuntanın "parlament"inin "xarici əlaqələr komissiyası"nın sədri adlandıran Vahram Balayan da Oskanyanın bəhs etdiyi komissiyanın üzvü olduğunu bəyan edib. Qarabağlı ermənilərin "qayıdışı və hüquqlarının təminatı" ilə məşğul olduğunu bəyan edən komissiya rəsmi İrəvanın təşəbbüsü deyil. Xankəndidə yaradılan bu kvaziqurum sonradan Vardan Oskanyanın nəzarətinə keçib və bu şəxs, yəni Ermənistanın sabiq xarici işlər naziri tərəfindən idarə olunur. Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin repatriyasiyası, yəni geri qayıdışı hazırda İrəvanda aktual mövzu deyil. Ermənistanın baş naziri Nikol Paşiyan dəfələrlə bəyan edib ki, onun hakimiyyətinin məqsədi bu şəxslərin ev və işlə təmin edilməsidir. Həmin qarabağlı ermənilərə böyük məbləğdə olmasa da, yardımlar edilir. Sayları sırf siyasi və merkantil məqsədlə artırılan, propaqanda üçün istifadə edilən qarabağlı ermənilərə gəldikdə, onların tam əksəriyyəti Ermənistanı tərk edərək başqa ölkələrə yollanmaq istəyirlər. İmkanı olan Ermənistandan gedir. Qayıdış məsələsinə gəldikdə isə, qarabağlı ermənilər Azərbaycana dönə bilərlər. Lakin Azərbaycan vətəndaşlığını qəbul etməli, pasport və şəxsiyyət vəsiqəsi almalı, ölkəmizin qanunvericiliyinə qeyd-şərtsiz riayət etməlidirlər. Qarabağlı ermənilər üçün qayıdış imkanlarını Bakının saxlaması Rusiyaınn Sülhməramlı Kontingentinin (RSK) hələ də Azərbaycan ərazisində qalmasının - 2025-ci ilədək - yeganə səbəbidir. Ermənistandakı revanşistlər isə bu mövzudan siyasi məqsədlər üçün faydalanmağa çalışır, cəmiyyətdə qisasçılıq və revanşizm əhval-ruhiyyəsini artırmağa çalışırlar. Onlar Nikol Paşinyana qarşı mübarizə apardıqlarını və onu hakimiyyətdən kənarlaşdırmağa çalışdıqlarını desələr də, Ermənistanın baş nazirinin ritorikasından ruhlanırlar. Dünən Ermənistanda Ordu Günü münasibətilə keçirilən təntənəli tədbirdə erməni hərbçilər qarşısında çıxış edərkən Nikol Paşinyan bildirib: "Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesi uzanarsa, ölkələrimiz arasında qarşılıqlı olaraq hücum etməmək barədə pakt imzalana bilər. Ermənistan sülh gündəliyinə sadiqdir və ondan geri çəkilməyəcək". Bununla da o, Ermənistanın Azərbaycanla apardığı daışıqlar prosesinə mütləq şəkildə "hami-təminatı" qismində ABŞ, Fransa və ya Avropa İttifaqını daxil etmək istəyini bir daha təsdiqləyib. Paşinyanın əsas məqsədi isə Fransanın qarant qisminlə çıxış edərək gələcək sülh sazişinin baş təminatçısı statusuna yiyələnməsi, daha sonra isə Bakı ilə İrəvan arasınlda aparılacaq istənilən ikitərəfli danışıqlara üçüncü tərəf qismində qatılmasını legitimləşdirməkdir. Təbii ki, rəsmi Bakı bununla razılaşmır və hər hansı ölkənin, təşkilatın, xüsusilə də Fransanın "beynəxalq təminatçı" statusunu əldə etməsinə imkan verməyəcək. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın dönəmində XİN başçısı, indisə "rəhbər"inin "sağ əli" olan Vardan Oskanyanın koordinasiya etdiyi "komissiya" isə qayıdışla kifayətlənmir. Oskanyanın dediyinə görə, qarabağlı ermənlərin qayıdışından sonra onların "öz müqəddəratlarını təyin etmək hüquqları reallaşmalı, qarabağlı ermənilərlə Ermənistan arasında heç bir yoxlama və maneələr olmadan yol açılmalı, bu yolda Azərbaycan hərbçiləri və polisləri olmamalı, ümumiyyətlə, Azərbaycan ordusunu və polislərini Qarabağdan çıxarmalıdır". Eyni zamanda, V.Oskanyanın sözlərinə görə, "qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizlikləri üçün beynəlxalq təminat mexanizmi yaradılmalıdır". Beləliklə, aşkar görünür ki, V.Oskanyanın, daha doğrusu, Robert Köçəryanın və dəstəsinin "qarabağlı ermənilərin qayıdış konsepsiyası" əslində Ermənistandakı sabiqlərin və millətçilərin, habelə onların nəzarətindəki müxalifət təşkilatlarının və xarici ölkələrdəki erməni diaspor təşkilatlarının revanş planının bir hissəsidir. Məhz bu məqsədlə "komissiya"da daşnaklarla yanaşı, diaspor qurumlarının mənsubları da yer alıblar. Xankəndindəki sabiq separatçı xuntanın Ermənistanda yarırəsmi olsa da, fəaliyyət göstərməsi qarabağlı ermənilərdən revanşist qüvvələrin vasitə kimi istifadə etməkdə qərarlı olduqlarına dəlalət edir. Doğrudur, N.Paşinyan administrasiyası Xankəndindəki sabiq xuntanın keçmiş rəhbəri Samvel Şahramanyandan qanunsuz fəaliyyətə son qoymağı tələb etməsi, "Şahramanyanın Qarabağdan adi erməni qaçqın statusundan başqa statusu yoxdur" deməsi reallıqdır, amma bütün bunlara rəğmən S.Şahramanyan Ermənistanda məhz siyasi fəaliyyətlə məşğul olaraq revanşist qüvvələrlə birlikdədir. Ermənistandakı qisasçı, irqçi və revanşist qüvvələr qarabğlı erməni separatçılarla birləşərək Xankəndində məhv edilmiş separtizmi yenidən dirçəltmək, hansısa "status"a nail olmaq istəyirlər. Bütün bunlar Ermənistanda Robert Köçəryanın və ya Vardan Oskanyanın təşəbbüsü yox, onların Qərbdən, xüsusilə də Fransadan aldıqları təlimatlarla "məsləhətlər" əsasında hərəkət etdiyini, məhz Qərbin erməni revanşistlərlə separatçılardan faydalanaraq "qarabağlı ermənilərin qayıdışı" məsələsini sürəkli gündəmdə saxlamağa çalışdıqlarını göstərir. Ermənistandakı revanşistlərin və qarabağlı ermənilərin "qayıdış problemi"ni daxili siyasi gündəmdə aramsız müzakirə obyektinə çevirməyə çalışanların Qərbdən idarə olunduqları şübhəsizdir. ABŞ-dakı prezident seçkilərində namizəd qismində işiiraak etmiş respublikaçılar Vivpek Ramasvaminin və Ron Desantisin, habelə müstəqil namizəd Robert Kennedinin "qarabağlı ermənilərin qayıdışının vacibliyi" ilə bağlı dediklərini; Fransadakı erməni icmasının pullu sifarişləri əsasında senatorların və deputatların, bələdiyyə sədrlərinin və siyasətçilərin ritorikasını, ən nəhayət AŞPA və Avropa Parlamentindəki bir sıra deputatların çıxışlarını xatırlamaq yetər. Erməni revanşizmi sakitləşmək istəmir. Daha da aktivləşərsə, adekvat cavab alacaq.
Elçin Alıoğlu
TREND