Makron, ermənilər və Xankəndi: Qarabağla bağlı çətin suallar və asan cavablar

Ermənistanın fəlakətləri bitməsə də, yenilərini həvəslə artırır və bu təhlükəli yolda qarabağlı erməniləri hədəfə çevirməklə yanaşı, Makrona boş ümidlər bəsləyir...

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesində çox ciddi və böyük çətinliklərlə müşayiət olunsa da, müəyyən irəliləyişlər var. Vaşinqton formatında aparılan müzakirələr, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə gedən danışıqlar bölgədə sülhlə stabilliyin bərqərar olacağı günü yaxınlaşdıra bilər.

Amma bəlli, prosesə ciddi maneələr yaradan, süni əngəllərin "istehsal"ı ilə məşğul olan və prosesi ümumiyyətlə, dayandırmağa çalışan qüvvələr də var.

Belə qüvvələr arasında Fransanın dövlət başçısı Emmanuel Makron hətta Rusiya Federasiyası və İranla regionda az qala situativ tərəfdaşlıq edərək Bakıya təzyiqlər göstərməyə çalışır, özünü Ermənistanın "hamisi" elan edir.

Vəziyyət gərgindir, proseslə bağlı çoxsaylı suallar var.

Həmin sualların əsaslarını cavablamağa çalışaq.

1. Rusiya sülhməramlıları erməni separatçılarını niyə tərksilah etmir? 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatın 4,7 və 9-cu bəndlərinə əsasən, Ermənistan hakimiyyəti ölkəmizin ərazisindəki silahlı birləşmələrini tamamilə çıxarmalı, habelə qarabağlı ermənilərin silahlı dəstələrinin tərksilah edilməsinə şərait yaratmalı idi.

Ermənistan hərbçiləri hələ də ərazilərimizdədir, daha konkret olsaq, Rusiyanın Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi arealdadır. RSK həmin hərbçiləri tərksilah etmək və Azərbaycan ərazisindən çıxara bilərmi? Sualın cavabı sadədir - yox! Çünki RSK--ın bəhs etdiyimiz fəaliyyətlə məşğul olması üçün zəruri mandatı yoxdur. Rəsmi Moskva da üçtərəfli bəyanat imzalanandan az sonra Bakıya təzyiq göstərərək həmin mandatı əldə etmək niyyətində olduğunu deyir, əslində isə Azərbaycan ərazilərində silahlı fəaliyyətini legitimləşdirmək istəyirdi. Mandat RSK-ya həm də avtomatik olaraq eksterritoriallıq statusu qazandıracaq, rusiyalı sülhməramlıların fəaliyyətinə Bakı heç bir formada təsir edə bilməyəcəkdi.

RSK qarabağlı ermənilərin silahlı dəstələrini tərksilah etmək imkanlarına malik olmasa da, həmin illeqal və diversiya-təxribat məqsədlərini gizlətməyən silahlarıların resurs təminatında aktiv iştirak etməməlidir. Biz isə tam əks mənzərəni müşahidə edirik: rusiyalı sülhməramlılar mövqelərinə və səngərlərə yanacaq, ərzaq, silah-sursat daşıyan qarabağlı erməni separatçıları ilə Ermənistan hərbçilərini müşayiət edirlər. Bununla da kifayətlənməyən RSK yeni səngərlər qazaraq müdafiə qurğuları inşa etməyə çalışan silahlı separatçıların yanında növbə çəkir.

Azərbaycanın Müdafiə Nazirliyi də rusiyalı sülhməramlıların belə müşayiət prosesinin əks olunduğu videogörüntüləri sürəkli yaymaqla əslində rəsmi Moskvaya aşkar və konkret messic verərək deyir: RSK postlar yaradaraq orada növbə çəkə bilər, patrul funksiyalarını reallaşdıra bilər, humanitar fəaliyyət göstərə bilər və s. - amma heç bir vəchlə silahlı separatçılara dəstək verib onları himayə edə bilməz!

2. Ermənistan hərbçilərini ərazilərimizdən könüllü çıxarsaydı, nə isə əldə edə bilərdimi? Təbii. Təsəvvür edək ki, üçtərəfli bəyanat imzalanandan az sonra Ermənistan Müdafiə Nazirliyi ərazilərimizdəki hərbçilərin istisnasız olaraq hamısını çıxarıb. RSK-nın nəzarət arealında isə sadəcə, qarabağlı ermənilərin silahlı dəstələri qalıb. Belə olan təqdirdə Ermənistanın baş naziri Nikol Paşinyan həmin dəstələrin ağır zirehli texnikasını, artilleriyasını, tank əleyhinə raket sistemlərini və s. Ermənistana daşıtdırır, Ermənistan ordusunun miskin silah-sursat ehtiyatlarını artırmış olur, digər tərəfdən də qarabağlı ermənilərin silahlı dəstələrini "milis dəstələri"nə çevirmiş olurdu. Belədə ermənilər "o silahlı milislər təhlükəsizliyimin təminatı üçün müstəqil şəkildə yaradılan strukturdur" deyir. Qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası prosesində həmin silahlılar tərksilah olunurlar və bu minvalla hərbi cinayətlərdə suçlanmaq perspektivindən qurtulurdular.

Sadalananlar olmadı, situsiya indi müşahidə etdiyimiz vəziyyətdədir və həmin silahlı qarabağlı ermənilərlə Ermənistan vətəndaşlarının total əksəriyyəti reinteqrasiya prosesi başlayandan sonra mütləq Azərbaycanın müvafiq dövlət strukturları tərəfindən ibtidai istintaqa cəlb ediləcək, fəaliyyətləri ən təfsilatlı şəkildə araşdırılacaq.

3. Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsi (SNBM) niyə Ermənistanı və Rusiyanı qıcıqlandırır? Ermənistanın təlaşlanmasının, sinirlənməsinin və "Laçın yolu ilə maneəsiz gediş-gəliş və daşınmalar bərpa edilməlidir" tələblərini isteriya səviyyəsinə çatdırmasının bir neçə səbəbi var. SNBM Ermənistana qarabağlı erməniləri silah-sursat və resurslarla təmin etməyə, bu minvalla da Xankəndindəki separatçı xuntanı tam nəzarətdə saxlamağa imkan vermir.

Əsas səbəb aspektində Ermənistanla Rusiyanın narahatlığı birgədir: Laçındakı SNBM fəaliyyətə başlayandan sonra rusiyalı sülhməramlıların Ermənistan ərazisindən təminatı marşrutu ümumiyyətlə, ləğv oluna bilər. Rəsmi Bakı RSK-nın zəruri ehtiyaclarının ödənilməsi üçün Dərbənd-Bərdə-Ağdam marşrutunu təklif edib. Bərdədən Ağdama yeni dəmiryolunun çəkilməsi də məhz RSK-nın təminatı ilə bağlı iddiaları əsassız etmək üçün Ağdamda inşa edilən anbarlar kompleksindən rusiyalı sülhməramlıların sərbəst yararlana bilmələri üçündür.

RSK Ağdamdakı anbarlardan istifadəyə başlarsa, müzakirələrlə danışıqlar mövcud Azərbaycan-Rusiya-Ermənistan (üçtərəfli) formatdan avtomatik olaraq Azərbaycan-Rusiya (ikitərəfli) formata keçəcək və Ermənistan prosesdən, ümumiyyətlə, kənarlaşdırılacaq.

4. Rusiya sülhməramlıları siyasi funksionala malikdirmi? Xeyr, Bakı buna imkan verməyib. RSK-nın mandatsız fəaliyyəti rusiyalı sülhməramlılara hər hansı formada və ya formatda olan danışıqlarda müşahidə qismində olsa belə, qatılmağa şərait yaratmır. Bir nüansa diqqətlə fikir verin: Azərbaycan XİN qarabağlı ermənilərlə bağlı bütün (!) bəyanatlarında haqlı iradlarını, şərtlərini və tələblərini bilavasitə Ermənistana ünvanlayır. İlk baxışdan ünvan İrəvan yox, RSK olmalı idi: axı rusiyalı sülhməramlılar bilavasitə proseslər məkanındadır, hadisələrə təsir edə bilərlər və s. Ancaq rəsmi Bakı nizamlanma prosesində RSK-nı tam əhəmiyyətsiz, hansısa funksionala malik olmayan struktur sayı və bunu gizlətmir.

5. Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının Ermənistandakı müşahildə-monitorinq missiyasının yekun sülh sazişinin imzalanması prosesinə ciddi təkan verdiyini deyir. Belədirmi? Xeyr. Makron sırf merkantil və korporativ maraqlarından çıxış edərək Ermənistanı dəstəkləyir, bununla da İrəvanda "beynəlxalq birliyin dəstəyi" kimi əsassız, təhlükəli illüziyası yaradır. Avropa İttifaqı Azərbaycan ərazisindəki Ermənistan hərbçilərinin çıxarılmasına və İrəvanın sülhə vadar edilməsinə nail olarsa, Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti də konstruktiv təsir bağışlaya bilər. Çünki Ermənistan hərbçiləri çıxarılarsa, qarabağlı ermənilərin Bakı ilə müzakirələrə başlamaqdan savayı yolu qalmayacaq. Belədə Bakı da Aİ-nin Ermənistandakı missiyası ilə bağlı mövqeyini dəyişə bilər, hətta missiya heyətinin sayının artırılmasını təklif də edər.

6.Fransa Ermənistana niyə hamilik edir? Emmanuel Makron Ermənistana hamilik və geosiyasi "rəhbərlik" müstəvilərində ermənilərin onillərlə bel bağladığı Rusiya Federasiyasını əvəzləməyə çalışır. Ermənilər məhz bu səbəbdən mövqelərimizi atəşə tutur, gərginliyi artırırlar. Nikol Paşinyan düşünür ki, proseslərə qarabağlı ermənilərin silahlı dəstələrini daha aktiv cəlb edərsə, bir sıra məqsədlərinə çata bilər. Lakin Fransanın dövlət başçısı heç cür dərk bilmir ki, Azərbaycan heç bir şərtlə və heç bir zaman öz ərazisinə hansısa sous altında beynəlxalq "vasitəçi-müşahidəçi-monitorinq missiyası"nı buraxmayacaq, belə təkliflərlə razılaşmayacaq. Ermənistanla yekun sülh müqaviləsinin harada, necə, kimin vasitəçiliyi ilə imzalanacağı da bizə qətiyyən önəmli deyil. Sülh sazişində Ermənistan daha çox maraqlı olmalıdır. Çünki bu sənəd imzalanarsa, Ermənistan avtomatik olaraq Azərbaycan tərəfdən güc tətbiq etməmək təminatı alacaq və statusunu leqallaşdıracaq, indiki şərti dövlət sərhədi ilə bağlı rahatlıq əldə edəcək.

Qarabağ və hazırda Ermənistan ərazisində işğalda olan 8 kəndimizin anklavlar kimi Azərbaycan əraziləri İrəvan tərəfindən rəsmən, sənədlərlə tanınmazsa, Ermənistanın vəziyyəti pisləşəcək.

Azərbaycan və Türkiyəyə qarşı fasiləsiz ərazi iddiaları ilə çıxış edən Ermənistan Bakı və Ankara tərəfindən analoji iddialarla qarşılaşa bilər.

Hər şey qarşılıqlıdır.

Məhz buna görə Ermənistan sülh sazişini mümkün qədər tez imzalamalı, normal yaşama başlamalıdır.

Belə yaşamda isə Emmanuel Makron ermənilər üçün "hami" yox, sadəcə, Fransanın prezidenti olmalıdır.

Elçin Alıoğlu
TREND






Fikirlər