Ermənistana hücum silahları gətirildi: Yeni müharibə labüddür...
"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - Zaur müəllim, Şarl Mişel İlham Əliyevə zəng edib və seçkilərdə qələbə münasibətilə təbrik edib. Mişel həmçinin üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezidentdən mövqeyini bildirməsini xahiş edib. Necə düşünürsünüz, yenidən Brüssel formatında effektiv danışıqların bərpası nə dərəcədə real görünür? - Azərbaycan Brüssel formatından imtina etməyib. Sadəcə olaraq orada görüşlərin keçirilməməsinin səbəbi Avropa İttifaqının özünü qeyri-konstruktiv aparması ilə bağlı idi. Fransa Prezidenti Emmanuel Makron Şarl Mişelə elə təzyiq etmişdi ki, o, hadisələrdən və proseslərdən kənarlaşmışdı. Tələb olunurdu ki, hansısa mənada görüşlərdə Fransa iştirak etsin. Birmənalı şəkildə bu görüşlərdə Fransanın iştirakı mümkün deyil. Çünki rəsmi Paris artıq öz tərəfini seçib. Bu günlərdə fransız generallar Ermənistanda müəyyən tədbirlərdə iştirak edir. Eyni zamanda Fransa bu gün Azərbaycana qarşı müəyyən sanksiyalarla bağlı çıxışlar edirsə, demək ki, Parisin prosesdə yer alması mümkün olmayacaq. - Azərbaycanın burada əsas şərtləri nədən ibarətdir? Bakı danışıqlarda masa ətrafında kimləri görmək istəyir? - Şarl Mişel görüşlərə səmimi şəkildə ev sahibliyi etmək istəyirsə burada şərtlər fərqlidir. Həmin görüşlərdə Fransa prezidentinin iştirakına razılıq olmayacaq. Hətta bütün bu hadisələr olmasa belə Fransanın və Almaniyanın bu görüşlərdə iştirakı bölgədəki sülh müqaviləsinin imzalanmasında irəliyə deyil, geriyə doğru atılan addım sayıla bilər. - Sülh danışıqlarının geosiyasi müstəviyə daşınması tərəflər üçün nə vəd edir? Bakı bunda nə dərəcədə maraqlıdır? - Hazırda müxətlif ölkələr arasında geosiyası mübarizə davam etməkdədir. Azərbaycanla Ermənistan arasındakı danışıqların məhz bu kontekstdə geosiyasi bir rəng almasına ehtiyac yoxdur. Əksinə proseslərə geosiyasi rəng qatmadan bu görüşlərdən çəkinilməlidir. - Aİ bu görüşlərin məhz Brüsseldə keçirilməsində nə məqsəd güdür? - Avropa İttifaqının bu görüşlərdə hansısa nəticələrin əldə olunmasını istəyirsə, Brüsseldə görüşlərin keçirilməsi üçün israrlı davranışlara da ehtiyac yoxdur. Sadəcə olaraq əsas şərt vəziyyətin mümkün qədər gərginləşdirilməməsinə çalışmaqdır. Bununla Azərbaycanla Ermənistan birbaşa olaraq effektiv görüşlər keçirə bilər. Bu daha təhlükəsiz və kənar müdaxilələrdən uzaq real görüşlər olar. - Sizcə, indiki halda Ermənistanın mövcud qanunvericiliyi sülh üçün nə dərəcədə əngəl hesab edilir? - Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayırsa, gələcəkdə bu ölkədə hakimiyyətə gələnlərin Nikol Paşinyanın imzasını tanımaması və yaxud tanımayacaqları ilə bağlı bəyanatları məntiqsizdir. Bunun Ermənistan konstitusiyasına, parlamentin qəbul etdiyi qərarlara zidd olduğunu iddia etmələri qeyri-leqaldır. Burada beynəlxalq müqavilələr əsasdır. Beynəlxalq müqavilə iki ölkə arasında imzalanıbsa kimsə buna qarşı çıxa bilməz. - Sülh müqaviləsindən sonra və yaxud əvvəl Ermənistanın daxili qanunvericiliyini dəyişmək üçün referenduma getməsi prosesə necə təsir göstərə bilər? - Gələcək proseslərdən sığortalanmaq üçün Ermənistanın daxili dəyişikliklərlə getməsi daha yaxşı olar. Erməni xalqının özü dəyişikliklərə “hə” deməlidir. Bu təkcə Paşinyanın qərarı əsasında olmamalıdır. Təsadüfi deyil ki, Paşinyan tərəfindən erməni cəmiyyətinə yeni dövlətçilik, konstitusiya dəyişikliyi, qonşularla gələcəyə doğru baxış bucağı prizmasında vacib təkliflər edilir. İndi erməni cəmiyyəti seçim etməlidir. Referendumundan sonra sülh müqaviləsinin imzalanması tərəflər arasında olan razılaşmanı daha da legitimləşdirəcək. Bununla da gələcəkdə Ermənistanın hansısa dələdüz siyasətçiləri manipulyativ rol oynaya bilməyəcəklər. Çünki son sözü erməni xalqı deyir. - Fransız generalın Ermənistanda olması fonunda Azərbaycana qarşı təxribatlarda rəsmi Parisin yer almasından bəhs edilir. Bu ehtimalları necə dəyərləndirirsiniz? - Rəsmi Parisin baxış bucağı və hadisələrə yanaşması bir çox maraqlı tərəflərlə uzlaşır. Bu xüsusda ABŞ-də və Avropa İttifaqında bəzi dairələrin fikirləri Fransa ilə üst-üstə düşür. Sadəcə olaraq Fransa burada daha “aktiv” rol oynayır. Qərbin mövqeyi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Rusiyada imzalanmasın. Moskva isə onun platformasından kənarda tərəflərin razılığa gəlməsində maraqlı deyil. Belə olan tərzdə məsələnin dondurulması, uzanması bir çox tərəflərə sərf edir. Ona görə də, həmin tərəflərin Fransa ilə şifahi razılığa gəlməsi də istisna edilmir. Faktiki olaraq bu gün Fransanın addımlarını həmin ölkələr susqunluqla qarşılayır. Məhz fransız generalın Ermənistana gəlməsi, hücum silahlarının gətirilməsi bölgədə yeni müharibəni labüd edə bilər. Təxribat törədən tərəf Ermənistan olacaq. Ermənistan daxilində kimsə bu məsələyə baş qoşarsa bu Nikol Paşinyanın məhsuliyyəti deməkdir. Amma proqnozlar ondan ibarətdir ki, 2024-cü il sakit keçəcək. Tərəflər arasında aktiv və passiv fazada danışıqlar davam edəcək.