Laçın yolunda post qurulur, mədənlər nəzarətimizə keçir... - DETALLAR

Laçın yolunda post qurulur, mədənlər nəzarətimizə keçir... - DETALLAR

 "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədovla müsahibəni təqdim edirik:

- Zaur müəllim, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Azərbaycan dövlətinin mövqeyi var. Rusiya XİN rəhbəri Sergey Lavrov isə yolun üçtərəfli razılaşma əsasında işləyəcəyini, texniki nəzarət imkanlarının olma ehtimallarının olduğu bildirib. Sizcə, bəyanat olsa belə qarşı tərəf ölkənin süverenliyinə, təhlükəsizliyinə açıq təhdid yaradırsa, burada daha hansı addımlar atıla bilər?

- 10 noyabr 2020-ci ildə Azərbaycan-Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat, konstitusiyadan, dövlətin ərazi bütövlüyü və süverenliyi kimi beynəlxalq miqyasda qəbul edilmiş köklü qanunlardan, hüquq prosedurlarından üstün deyil. Ona görə də çıxışlarda üçtərəfli bəyanata istinad etmək mümkün olduğu qədər, ondan əvvəl süverenlik məsələsi əsas götürülməlidir. Eyni zamanda burada üçtərəfli bəyanatın şərtlərini icra etməyən Ermənistandır. Əgər erməni tərəfi bu öhdəlikləri icra etməyibsə, Azərbaycan özünün süveren ərazisində istədiyi hərəkəti edə, addımı ata bilər. Lavrov da üçtərəfli bəyanata istinad edirsə, unudulmamalıdır ki, burada sülhməramlıların bölgədə qalması məhz Azərbaycanın gələcəkdəki qərarından asılı olacaq. Bu da o deməkdir ki, üçtərəfli bəyanata uyğun olaraq sülhməramlılar məhz Azərbaycan qanunvericiliyi çərçivəsində hərəkət etməlidirlər.

- Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyasında, Zəngəzur dəhlizinin açılması və Laçın yolundakı nəzarətlə bağlı Rusiyanın mövqeyi nədən ibarətdir?

- Qarabağın dağlıq hissəsindəki vəziyyətin tamamilə sıfırlanması və orada yaşayan ermənilərin Azərbaycana inteqrasiya edilməsi eyni zamanda Laçın yolunda, Zəngəzur dəhlizində Rusiyanın təsirlərinin azalmasına rəsmi Moskva razı olmayacaq. Amma ümumilikdə Azərbaycanla Rusiya arasındakı dialoq qarşıda duran məsələlərin həllinə kömək edə bilər.

- Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Azərbaycanın mövqeyi var...

- Laçın yolu ilə bağlı Azərbaycanın müxtəlif təklifləri olub. ABŞ Dövlət katibinin iştirakı ilə baş tutan Münxen görüşündə də Azərbaycan Prezidenti belə bir təkliflə çıxış edib. İlkin mərhələdə rus sülhməramlılarının iştirakı ilə Laçın yolunun girişində nəzarət mexanizmləri üçün texniki vasitələr quraşdırıla bilər. Bununla da yoldan keçən yük avtomobillərinin yoxlanışı baş tutar. Azərbaycan bu məsələ ilə bağlı mövqeyini qəti şəkildə ifadə edib. Bu da birmənalı olaraq Ermənistanla deyil, Azərbaycanla Rusiya arasında olan danışıqlardan asılı olacaq.

- Qarabağda yaşayan erməni icması ilə Azərbaycan rəsmilərinin ilk görüşü baş tutdu. Bu görüşlərin effektivliyini necə qiymətləndirirsiniz?

- Artıq Qarabağda yaşayan erməni icması ilə Azərbaycan nümayəndələrinin görüşü baş tutub. Bundan öncə də tərəflər arasında müəyyən təmaslar olmuşdu. Burada bəzi məsələlərlə bağlı Azərbaycanın öz istəklərini reallaşdıracaq. Eyni zamanda yaxın vaxtlarda Qarabağda yerləşən təbii mədənlərin də istifadəsi Azərbaycanın nəzarətinə keçəcək. Bu ərazidə qanunsuz olaraq Azərbaycana məxsus faydalı yataqların istismarı ilə məşğul olan şirkətlər oradan uzaqlaşdırılacaq. Bundan sonra Azərbaycan öz təbii sərvətlərinin və faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olacaq. Orada yaşayan yerli əhalinin də məhz Azərbaycana inteqrasiyasından sonra burada işləmək imkanı qazanacağı da şübhəsizdir. Sözsüz ki, bu da yerli əhalinin sosial durumuna müsbət təsir göstərən amil olacaq.

- Sülhlə bağlı indiki real mənzərəni necə dəyərləndirirsiniz? Yenidən Brüssel formatında danışıqların davam etdirilməsi ilə bağlı fikirlər var. Bu ehtimalları necə şərh etmək olar?

- Qarabağla bağlı Qərb formatında uğurun əldə edilməsi gözlənilmir. Çünki Qərbin burada təsir imkanları yox səviyyəsindədir. Amma burada çağırışlar Azərbaycan və Rusiya dialoqundan asılıdır. Burada üçtərəfli hansısa bir görüşlərin də nəticəsinə inanmaq olmur. Azərbaycan və Rusiya liderləri arasındakı danışıqlar burada daha çox önəm kəsb edir. Ümumilikdə isə sülh müstəvisində Qərbin də təsir imkanları var. Brüssel və Vaşinqton platformasında Azərbaycanla Ermənistan arasında müxtəlif ziddiyyətlər həllini tapa bilər. Bu istiqamətdə də irəliləyişlər var idi. Azərbaycanla Ermənistan arasında müəyyən razılıqlar da Brüssel, Praqa, Münxendə əldə edilib. Amma bəzi məsələlərin həlli dolayısı ilə Rusiyaya gedib çıxır. Burada sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Rusiya ilə müzakirələrin aparılması daha effektiv ola bilər. *Teleqraf.com






Fikirlər