İRAN-ERMƏNİSTAN MÜNASIBƏTLƏRİ DƏ GƏRGİNLƏŞİR? – Tehrandan İrəvana aydın mesajlar var
Ermənistanın Müdafiə naziri Suren Papikyan İrana səfəri çərçivəsində bu ölkənin Müdafiə naziri Məhəmməd Rza Aştiani ilə görüş keçirib. Görüşdə ikitərəfli münasibətlər və regional təhlükəsizliklə bağlı məsələlər geniş müzakirə olunub. Qeyd edək ki, Ermənistanın ABŞ, Fransa ilə hərbi-siyasi əlaqələr qurmağa çalışdığı dövrdə bu səfərin gerçəkləşdirilməsi maraq doğurur. Papikyan Tehrana gəlməzdən əvvəl ötən ilin dekabrında Fransaya səfər edib və iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair saziş imzalanıb. O, bu ilin fevralında İrəvanda Fransa Müdafiə naziri Sebastian Lenkornu qəbul etmişdi. Nazir özü ilə Ermənistana hərbi avadanlıqlar gətirmiş, İrəvana daimi hərbi müşavir təyin etmişdi. Bu həftə Fransanın Ermənistandakı səfiri Olivier Decottignies erməni mediasına müsahibəsində deyib ki, ölkəsinin İranla bir çox məsələdə fikir ayrılığı olsa da, Paris və Tehran Ermənistanla bağlı eyni mövqedədir. “Son bir neçə ildə Ermənistanın qonşu dövləti İran da dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını bildirib” – deyə, o, qeyd edib. Bu açıqlama Fransanın Ermənistan müdafiə nazirinin İrana səfərinə “yaşıl işıq” yandırması hesab oluna bilər. İrəvan əsas müttəfiqinin icazəsi olmadan digər ölkələrlə müstəqil danışıqlar aparmaq, əlaqələr qurmaq imkanına malik deyil. Beləliklə, Fransa Ermənistanın təhlükəsizlik problemləri məsələsində İranı da müttəfiq görür. Maraqlıdır, bu yanaşma Tehranda necə qəbul olunur? Çünki İran Qərbin regionda hərbi-siyasi iştirakını özünün milli təhlükəsizliyinə təhdid hesab edir. Aştiani Suren Papikyanla söhbətində bütün qonşularla əlaqələrin gücləndirilməsinin İranın xarici siyasətinin prinsiplərindən biri olduğunu bildirib. İranlı nazir Tehranın regionda sülhün bərqərar olmasına dəstəyini ifadə edib: “İran İslam Respublikasının qətiyyətli mövqeyi region ölkələrinin ərazi bütövlüyünü və onların bütün əraziləri üzərində suverenlik hüququnu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyini dəstəkləməkdir”. O, həmçinin vurğulayıb ki, İran Qafqaz regionu ilə bağlı bu siyasətə sadiq qalacaq və Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyəcək. O bildirib ki, regional təhlükəsizlik region ölkələri tərəfindən dəstəklənməlidir və bu siyasətə zidd olan hər hansı yanaşma heç bir şəkildə qəbuledilməzdir: “Qafqaz regionunun digər tərəflər üçün rəqabət məkanına çevrilməsinə imkan verilməməlidir. Regiondan kənarda təhlükəsizlik istəyi əks nəticə verir, bölgəni güclərin toqquşma yerinə çevirərək, regional sülh və sabitlik üçün əlavə problemlər yaradır”. Suren Papikyan da öz növbəsində deyib: “Bizim üçün hər iki ölkənin regionda sabitliyə eyni münasibət bəsləməsi çox vacibdir”. Beləliklə, Tehran açıq şəkildə Ermənistanın Qərblə artan hərbi-siyasi əlaqələrindən narazı olduğunu ortaya qoyub. Aştiani “regional təhlükəsizlik region ölkələri tərəfindən dəstəklənməlidir və bu siyasətə zidd olan hər hansı yanaşma heç bir şəkildə qəbuledilməzdir” cümləsində İrəvana aydın mesajlar var. İran Avropa İttifaqı müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədində qalmasını istəmir. Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan Tehran bu ərazidə müşahidəçi adl altında Avropanın hərbi mövcudluğunu da qəbul etmir. Aştianinin sərt xəbərdarlığı bunu göstərir. İranın Ermənistanla bağlı siyasəti əsasən Rusiya ilə koordinasiya edilir, İrəvanın jestləri bu reallığı dəyişə bilməz. Moskva və Tehranın mövqeyi budur ki, kənar qüvvələrin regiona daxil olması qəbuledilməzdir. Bu mövqe 3+3 əməkdaşlığı çərçivəsinin əsas prinsipidir və Azərbayanla Türkiyə tərəfindən də dəstəklənir. Tehranda baş tutan görüşdə verilən bəyanatlar Suren Papikyanın səfərinin uğursuz olduğuna dəlalət edir. İran Ermənistanı bəzi Avropa öıkələri ilə hərbi əlaqələrini genişləndirməsini özünün milli maraqlarına təhlükə hesab edir. Bu, Rusiya ilə hazırda qarşıdurma vəziyyətində olan Paşinyan hökuməti üçün əlavə başağrısı hesab oluna bilər. Yaxın dövrlərə kimi kifayət qədər isti olan Tehran-İrəvan münasibətləri artıq gərginlik mərhələsinə qədəm qoya bilər. Ermənistan rəhbərliyinin Qərbə reveransları artdıqca İranın təzyiqləri güclənəcək. Hazırda zəif, iqtisadi baxımdan Kremldən ciddi asılılığı olan Ermənistanın Rusiya və İran kimi nəhənglərin qarşısında tab gətirməsi böyük suallar doğurur. Görünür, Qərbdə də bu reallıqları başa düşürlər. Son zamanlar ABŞ və Avropa İttifaqı liderlərinin Türkiyəyə minnətçi düşmələri bu təhlükələri neytrallaşdırmaq istəyi ilə bağlı ola bilər. Qərb Türkiyədən Ermənistanla münasibətləri bərpa etməyi xahiş edir. Ancaq Türkiyə Prezidenti R.T.Ərdoğan dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlərin açılması onun Azərbaycanla sülh sazişi imzalmasından asılıdır. Paşinyan hökuməti düşərgə dəyişdirməyə cəhd etmək, yeni himayəçinin “çətiri” altına keçmək üçün olduqca uğursuz zaman seçib. Müharibədə məğlub olmuş, kiçik, zəif ölkə bir-biri ilə qarşıdurmada olan geosiyasi güclərin birindən digərinə transfer olmaq kimi mürrəkkəb vəzifənin icrasına girişib. Dinc dövrlərdə bu cür transfer cəhdlərinin başqa postsovet ölkələrinə nəyə başa gəldiyi məlumdur: Gürcüstan və Ukrayna Rusiya tərəfindən məhz buna görə işğala məruz qalıb. Elə dünən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da İrəvana Ukraynanın aqibətindən dərs çıxarmağı tövsiyə edib. Şübhəsiz ki, bu və ya başqa formada Tehranda da Papikyana belə xatırlatmalar edilib... “AzPolitika.info