PUTİN NÜFUZLU GENERALLARI NİYƏ HƏBS ETDİRİR? – “Ordu dövlət çevrilişi edə bilər...”
Rusiyada generalların həbsi davam edir. Mayın 23-də Baş Qərargah rəisinin müavini, general Vadim Şamarin rüşvət almaqda şübhəli bilinərək həbs edilib. Bundan bir gün əvvəl isə Müdafiə Nazirliyini tənqid edən 58-ci Ordunun keçmiş komandanı İvan Popov saxlanılıb. 235-ci Qarnizon Hərbi Məhkəməsinin həbs etdiyi Vadim Şamarini də digər yüksək vəzifəli generallar kimi rüşvət almaqda ittiham olunur. Müstəntiqlərin məlumatına görə, general-leytenant 2016-cı ilin aprelindən 2023-cü ilin oktyabrına qədər “Perm telefon zavodu Telta” ASC-nin baş direktoru Aleksey Vısokov və zavodun baş mühasibi Yelena Qrişinadan 36 milyon rubl məbləğində rüşvət alıb. Dünən isə Moskva məhkəməsi Rusiya Müdafiə Nazirliyinin müdafiə təchizat şöbəsinin rəisi Vladimir Verteletskinin həbsinə qərar verib. İstintaq Komitəsi onu dövlət sifarişini yerinə yetirərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 70 milyon rubl məbləğində ziyan vurmaqda ittiham edib. Bu hadisələr keçmiş müdafiə naziri Sergey Şoyqunun istefaya göndərilməsinin fonunda baş verir. Müharibə tərəfdarı olan blogerlər hesab edirlər ki, sistem müharibə üçün ən faydalı olan generaliteti məhv edir. Analitiklərin fikrincə, həbslər və istefalar Vladimir Putinin generallara etibar etmədiyini göstərir. Müharibə zamanı cəmiyyətdə ordunun mövqeyi güclənir, bu da hərbi çevriliş ehtimalının artması deməkdir. Media yazır ki, bu arada Müdafiə Nazirliyi cəbhədəki uğurlarla bağlı yalan xəbərlər yaymaqda davam edir, lakin əslində Ukraynada hücum səngiyib. Putin Baş Qərargahı niyə təmizləyir, cəbhədə hər şey plana uyğun gedirmi və uğursuzluqlara görə daha kimlər qurban edilə bilər? Hərbi analitik Yuri Fedorov general Vadim Şamarinin həbsini yerli mediaya şərh edərkən bildirib ki, telefon avadanlığının təchizatı ordu üçün çox vacibdir, çünki rabitəsiz döyüşmək mümkün deyil. Ekspertin sözlərinə görə, Ukrayna ilə iki illik müharibə zamanı Şamarin bu sahədəki problemləri düzəldib, yəni mümkün korrupsiyaya baxmayaraq, o, tamamilə effektiv idarəçi olub. Fedorov əmindir ki, Rusiya ordusunun cəbhədəki hazırkı irəliləyişini çətin ki, uğurlu adlandırmaq olar: “Görünür, Putinin planı Gerasimova belə məlum deyil, amma indi cəbhədə görünənlər yay kampaniyasının əsas məqsədi deyil. Ona görə də dövlət təhlükəsizliyi artıq ordunun uğursuzluqlarına görə günahkar axtarır”. Sosioloq Nikolay Mitroxin isə Rusiya ordusundakı kütləvi təmizləmələrin səbəblərini belə izah edir: “Rusiyada müdafiə naziri dəyişdi, Şoyqunu Belousov əvəzlədi. O, iqtisadçı, büdcə xərclərinin səmərələşdiricisi və yaxşı statistdir. İndiyə qədər orduda nəhəng büdcə oğurluqları baş verirdi və Kremldə hamı bundan xəbərdar idi. Bu, ilk dəfə deyil ki, Putin dövlət vəzifələrinə təyin etdiyi ən yaxın dostlarının cinayətlərini ört-basdır edir, ikinci, üçüncü, dördüncü eşalonda yer alan məmurlara qarşı cinayət işlərinin açılmasına icazə verir. Ona görə də hər şey kifayət qədər məntiqli görünür və ordu bunu sakit qəbul edir və əksər hallarda dəstəkləyir. Putin bununla da öz gücünü və ordudakı təsirini gücləndirir və rus xalqı da açıq şəkildə oğurluq edən məmurlara qarşı təzyiqləri dəstəkləyir”. Nikolay Mitroxin həbslərin FSB tərəfindən həyata keçirilməsini belə izah edir: “Bu işdə FSB-dən başqa qurumlar da var. Məsələn, rabitə rəisinin son həbsi ilə Baş Prokurorluq məşğul olur. Təbii ki, hərbçilərlə bağlı qüdrətli FSB-də zəngin materiallar var. Onları uzun müddət yola veriblər, amma indi yığdıqlarını təhvil verməlidirlər”. Rasim Əliyev “AzPolitika.info”