İrəvan ŞOKDA: Ermənistan dəymiş ziyana görə Azərbaycana torpaq verir
Dünən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə əlaqədar Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı. Növbəti mərhələdə isə 2 ölkə arasında ən mürəkkəb məsələlərdən biri olan anklav kəndlərin taleyi həll olunacaq. Hazırda Ermənistan içərisində Azərbaycana məxsus 4, Azərbaycan sərhədləri daxilində isə Ermənistanın 1 anklav kəndi mövcuddur. Ermənistan Azərbaycana məxsus anklavları qaytarsa, rəsmi İrəvan Başkəndi tələb edə bilər. Bəs Gədəbəy rayonu ərazisində olan Ermənistan anklavının aqibəti necə olacaq? Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın bir hissəsi qarşılığında Başkənd Bakının yurisdiksiyasında qalmalıdır: “Bu tip məsələlərdə çox müxtəlif ehtimallar və variantlar irəli sürmək olar. Amma əsas məsələ ondan ibarətdir ki, Azərbaycan rəsmi qurumları və bu prosesi aparan nümayəndələr hansı mövqedə olacaq. Düşünürəm ki, Başkənd məsələsinin ən optimal yollarından biri, Ermənistanın Qarabağdakı işğalı dövründə Azərbaycana vurduğu milyardlarla dollar zərəri və o cümlədən mənəvi zərərin cüzi bir qarşılığı olaraq, Başkəndin Ermənistandan tələb olunmasıdır. Hətta Ermənistan mətbuatında da bu barədə tez-tez fikirlər səsləndirilir”. Politoloq sovet dövründə Başkəndin Ermənistana mübahisəli formada verildiyini də diqqətə çatdırıb: “Onsuz da, gec-tez ölkəmizə vurulmuş ziyanın kompensasiyası ödənilməlidir. Bunun cüzi bir hissəsinin qarşılığında Başkənd məhz Azərbaycanın yurisdiksiyasında saxlanmalıdır. Digər tərəfdən Başkəndin özünün Ermənistana verilməsi məsələsi də bir daha araşdırılmalıdır. SSRİ dövründə Azərbaycanın razılığı olmadan Kommunist Partiyasının qərarı ilə həyata keçirilən inzibati dəyişiklik prosesi yenidən müzakirə edilməlidir. Bu baxımdan Ermənistan üçün də ən optimal variantlardan biri də məhz elə kompensasiyanın bir hissəsi müqabilində Başkənddən əl çəkməkdir”.