Peter Stano Bakıya maskalı üzünü tutdu
İnsan haqları, demokratiya, sərbəst toplaşmaq azadlığı ilə yanaşı, ictimai asayişin təminatı, kütləvi iğtişaşların qarşısının alınması bütün ölkələr üçün yeni prinsiplər, dəyişməz qaydalar əsasında şamil edilən məqamlardır. Eynən məişət cinayətlərinə görə həbs edilmiş şəxslərin "vicdan məhbusu" və ya "siyasi məhbus" qismində təqdimatı yolverilməzliyi kimi. Aprelin 19-da Ermənistanda başlanmış kütləvi etiraz aksiyalarında həbs olunanların sayı artıq 300 nəfəri keçib. Erməni hüquq-müdafiəçilərinin və mass-mediasının iddialarına görə, onların 28 nəfər polis idarələrində döyülüblər, işgəncələrə məruz qalıblar. Lakin Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Avropa İttifaqının Siyasi Şurası, habelə "Freedom House", "Sərhədsiz Reportyorlar" və s. təşkilatlardan heç biri (! ) İrəvanda baş verənləri qınamayıb, yaşananları insan haqlarının pozulması kimi dəyərləndirməyib. Erməni müxalifətinin siyasi məhbus kimi siyahıya aldıqları 41 nəfəri isə beynəlxalq qurumlar həmin statusda tanımaqdan qətiyyətlə boyun qaçırırlar. Azərbaycana gəldikdə sözügedən strukturların, təşkilatların, fondların və s. mövqeləri diametral şəkildə dəyişir. Qanunsuz narkotik maddələrin dövriyyəsində, ticarətində və saxlanmasından tutmuş, casusluqda ittiham edilərək həbs edilmiş şəxslərədək ən çeşidli müstəvidə əməllərinə görə ədalət məhkəməsi qarşısında cavab vermiş şəxslər "siyasi məhbus", Azərbaycanda Şəriət qanunları ilə idarə olunan feodal-teokratik idarəetmənin bərqərar olmasını arzulayan şəxslərə "vicdan məhbusu" sayılırlar. Xaricdən qanunsuz şəkildə maliyyələşən, "qrant" adı ilə vergidən yayındırılan pullara nağdlaşdıraraq sahiblənən və sonra da ölkədə kütləvi etiraz aksiyaları planlaşdıraraq zorakı yolla, antikonstitusion şəkildə hakimiyyət dəyişikliyinə nail olmağa çalışanlarsa "fikir və ifadə azadlığı uğrunda mübarizlər" qismində təqdim olunurlar. Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik məsələləri üzrə komissarı, ölkəmizə qarşı marazm həddinə çatan qərəzli mövqeyi ilə seçilən Jozep Borrelin mətbuat katibi Peter Stanonun da son açıqlamalarından biri Azərbaycanın hədəfə alındığı hibrid savaşın tərkib elementlərindən sayıla bilər. Reallıqdan uzaq, saxtakarlıq və illüzor "faktlar" əhrində qurulmuş bu bəyanat qanunsuz maliyyə əməliyyatları kimi qanunazidd əməllərə görə məsuliyyətə cəlb edilmiş bir qrup Azərbaycan vətəndaşı ilə bağlıdır. P. Stano onları "fikir və söz azadlığının məhdudlaşdırılması siyasətinin qurbanları" kimi qələmə verməyə çalışır, azad edilməsini tələb edir. Halbuki prosesi bütünlüklə qanun çərçivəsində aparıldığından məntiqlə P. Stano istintaqın başa çatmasını və məhkəmə qərarını gözləməli idi. P. Stanonun bəyanatı Avropa Komissiyasının özünün fəaliyyət prinsipləri ilə ziddiyyət təşkil edir. O, habelə vurğulayıb ki, sən demə, cinayət məsuliyyətinə cəlb edilmiş həmin şəxslərin "təcili və təxirəsalınmaz tibbi yardımlara ehtiyacı var". Halbuki həmin şəxslərin istisnasız olaraq hamısı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq gərəkli yardımları alırlar. Bu adamların azadlığa buraxılması ilə tələb Avropa Komissiyasının qanunun aliliyi prinsipinə sayğısını şübhə altına alır. Peter Stano anlamırsa, birdəfəlik dərk etməlidir ki, Azərbaycanın daxili siyasətdə və qanunvericiliyin təminatı müstəvisində kənardan məsləhətlərə zərurəti yoxdur. Ölkə beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü tərəddüdləri və öhdəlikləri tam yerinə yetirir. Bu səbəbdən də yaxşı olardı ki, Avropa İttifaqı və xüsusilə də Avropa Komissiyasının komissarı Jozep Borrelin rəhbərlik etdiyi struktur elə Avropa İttifaqı ölkələrində insan haqlarının kobud şəkildə pozulması faktlarına diqqət yetirərək Azərbaycana qarşı belə primitiv təxribat cəhdlərindən əl çəksin. Borrel və miqyasla siyasi çəki baxımından ondan çox kiçik Stano, habelə bu fiqurların mövqeyində duran şəxslərin diplomatik etiketdən çox uzaq bəyanatları ilə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri əslində, anlaşılandır. Cənubi Qafqazdakı geosiyasi proseslərə təsir mexanizmlərinə malik olmayan və belə təzyiq vasitələrinə yiyələnməyə çalışan Avropa İttifaqı hazırda Gürcüstana sərt təzyiqlər və ultimatumlar ünvanlamaqla, Ermənistanda Aİ-nin Mühahidə və Monitorinq Missiyası (EUMA) adı altında qonşu ölkəyə 300 nəfərə yaxın polis, jandarm və hərbçi yollayaraq hərbi mövcudluğuna nail olmağa çalışmaqla regional siyasətdə yer və imkana yiyələnmək fikrindədir. Azərbaycan bu planların qarşısında ən ciddi maneə sayılır: nədən ki, Qərbin əvvəl Gürcüstanda, sonra Ermənistanda formalaşdırdığı, zahirən qeyri-hökumət təşkilatlarından və ictimai təşkilatlardan ibarət çoxşaxəli şəbəkəsinin ilkin variantı Azərbaycanda da vardı. Amma ölkəmizdə mənhus planları olan bu şəbəkə zəiflədildi, təsir rıçaqlarından məhrum edildi. Halbuki bəhs olunan addımlar atılmasaydı, hazırda Gürcüstanda yaşanan hadisələr mütləq şəkildə Azərbacanda da təkrarlanacaqdı. Məhz bu səbəbdən Qərb ölkəmizdəki həmin şəbəkənin qalıqlarını yaşatmağa, fəaliyyətini bərpa etməyə çalışır və bu istiqamətdə bütün vasitələrdən istifadə etməyə meylini gizlətmir. Cənubi Qafqazda yeni məhdudlaşdırıcı xətlər yaratmaq, öz maraqlarını təmin etmək üçün regiondakı xalqların mənafelərini heçə sayan Qərb bütün cəhdlərinə rəğmən, uğurdan uzaqdır. Səbəb sadədir: belə siyasət və davranış demokratiyanın özünə ziddir.
Elçin Alıoğlu
TREND