Saxtakar AŞPA və bizim zavallı təlxəklər: oyun yenə pozuldu...

Avropada və postsovet məkanındakı geosiyasi-sosial hadisələrin sıralanmasını anlamaq ifrat intellektual qabiliyyət tələb etmir. Hər şey sadədir: Qərb postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda öz maraqlarını tam təmin etməyə çalışır. Hər kəsə və hər şeyə, hətta əxlaqa, mənəviyyata, həqiqətə və beynəlxalq hüquqa rəğmən.

Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar barədə artıq yazmışıq. Qərar nəinki qərəzlidir - absurd və idiotizm kimi dəyərləndirilə biləcək açıqlamadır.

AŞPA-dakı sosial-demokrat fraksiyasının rəhbəri, alman deputat Frank Şvabenin "təşəbbüsü" ilə müzakirə və qəbul edilən qərar sadəcə, Azərbaycanı təmsil edən deputatların fəaliyyətinin minimallaşdırılmasına yönəlməyib.

Bu qərar ümumiyyətlə, AŞPA-nın bir təşkilat kimi mahiyyətini, məqsədlərini və məzmununu açıqlayır.

Qərarda Azərbaycandan "siyasi məhbus"ları dərhal azad etmək tələb olunur və ölkəmiz "insan haqlarını kobud şəkildə pozmaq"da suçlanır.

İttihamların marazm səviyyəsində olmasını sübut etmək üçün geniş şərhə ehtiyac yoxdur. Yetər ki, Azərbaycana qarşı sürəkli olaraq subyektiv və antipatik mövqe sərgiləyən "Beynəlxalq Amnistiya" (Amnesty İnternational) və AŞPA-nın "siyasi məhbus" ifadəsinə verdiyi tərifləri xatırlayaq.

Beləliklə, "Beynəlxalq Amnistiya" hesab edir ki, cinayət işində "yetərincə böyük siyasi element olan istənilən məhbus siyasi məhbus adlanır": "Burada məhbusun əməllərinin motivasiyası, əməllər və ya hakimiyyətin onu həbs etmək qərarı verməsinə sövq olunduğu səbəblər var. Siyasi məhbus dedikdə vicdan məhbusları ilə yanaşı, siyasi məqamlara görə ənənəvi cinayətlərdə suçlanaraq həbs olunmuş şəxslər də nəzərdə tutulur".

"Beynəlxalq Amnistiya" yalnız "vicdan məhbus"larının dərhal azad edilməsini tələb edir. Üstəlik, "siyasi məhbus" ifadəsi hər hansı məhbus üçün əlahiddə, xüsusi status demək deyil.

AŞPA isə 2012-ci ildə qəbul etdiyi qətnaməsində bəyan edib: "Fikir, vicdan, dini etiqad,informasiya, sərbəst toplaşmaq və təşkilatlanmaq azadlıqlarından məhrum edilmiş; habelə aşkar siyasi səbəblərlə həbs olunmuş və ya siyasi motivlərlə bağlı istintaq nəticəsində həbs edilmiş şəxs siyasi məhbus sayılır".

Göründüyü kimi, AŞPA, Avropa Parlamenti, bir sıra bəlli beynəlxalq təşkilatların və s.-nin Azərbaycanda "siyasi məhbus" elan etdikləri şəxslərin heç biri (!) siyasi baxışlarına görə həbs olunmayıblar.

Onların hər biri konkret qanunazidd əməlinə görə cəzalanıb. Paradoks da budur ki, silahlı ekstremizmə, dövlətə və vətənə xəyanətə, hakimiyyətin zorakılıqla dəyişdirilməsinə və devrilməsinə çağırışlar, hətta separatçılıq və terrorçuluq əməllərinə görə suçlanmış şəxslər "siyasi məhbus" elan edilir. Tragikomediya o həddə çatıb ki, narkotik qaçaqmalçıları, insan alverçiləri, quldurlar, oğrular, xüsusilə ağır cinayətlər törətmiş kriminal elementlər belə, "siyasi məhbuslar" siyahısına əlavə olunur.

"Azərbaycanda insan haqları pozulur" iddiasına gələk. Bunun üçün ilk əvvəl insan haqlarının nə olduğuna beynəlxalq hüququn şərtləri, normaları və prinsipləri çərçivəsində nəzər salaq.

BMT Baş Assambleyasının 1948-ci ilin dekabrın 10-da Parisdə qəbul olunmuş 217 A saylı qətnaməsi beynəlxalq hüquqda Ümumdüunya İnsan Haqları Bəyannaməsi sayılır.

"Haqq" kəlməsinin sinonimi "hüquq"dur.

1976-cı ildə qüvvəyə minmiş Beynəlxalq iqtisadi, sosial və mədəni hüquqlar paktını, habelə bu sənədlə bağlı 1989-cu ildə qəbul edilərək təsdiqlənmiş 2-ci Fakultativ Protokolu xatırlayaq.

Sadaladığımız sənədlərin hamısında hər insanın ən ümdə, absolyut hüququ qismində yaşamaq hüququ tanınır.

Bütün başqa hüquqlar yaşamaq hüququndan sonra gəlir.

Belədirsə, Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində bütün hüquqları, o cümlədən yaşamaq hüququ Ermənistan tərəfindən pozulan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı AŞPA, Avropa Parlamenti, Avropa İnsan Haqları Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi və s. beynəlxalq qurumlar bir dəfə (!) olsun belə qətnamə, bəyannamə, açıqlama və ya birgə bəyanat qəbul etdilərmi?

Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olduqlarını yada salsaq, 2001-2022-ci illərdə İrəvanın işğalçılıq siyasəti, yüz minlərlə azərbaycanlının insan hüquqlarını kobud şəkildə pozması, on minlərlə soydaşımızı qətlə yetirməsi, minlərlə azərbaycanlının əsir alınaraq vəhşi işgəncələrə məruz qoyulması ilə bağlı Ermənistanın AŞPA-dakı nümayəndə heyətinə hər hansı bir sanksiya tətbiq edildimi?

Yox!

AŞPA-nın son 8 ildə, yəni 2014-cü ildən bəri Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutması, müxtəlif anomal bəyanatlar və qətnamələr qəbul etməsinin səbəbi sadədir.

Azərbaycan ərazilərini erməni işğalından azad etməkdə qətiyyətli olacağını bəyan etmişdi.

2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra isə AŞPA və Avropa Parlamenti ümumiyyətlə, isterikaya qapıldı. Çünki Azərbaycan bölgəmizlə bağlı Avropadakı bir sıra dövlətlərin və təşkilatların planlarını alt-üst etdi, ssennarilərin reallaşmasına imkan vermədi.

AŞPA indi Bakıya təzyiq göstərməyə çalışır və məqsədə çatmaq üçün bütün vasitələrdən, hətta ölkənin daxili siyasi arenasında puç ovuqlara dönmüş siyasi fiqurlardan istifadə edir.

AXCP sədri və həm də bloqer Əli Kərimli, onun yavəri Gültəkin Hacıyeva, habelə "Milli Şura" adlı tarixin kloakasına atılmış marionet strukturun "rəhbəri", ABŞ-a qaçmış Cəmil Həsənli, həmçinin Fransa, Belçika və Almaniyanın xüsusi xidmət orqanlarına çalışan, lakin özlərini "müstəqil bloqer və siyasi fəal" kimi qələmə verən "ikinci əl" şəxslər - bütün bu markitan dəstəsi fəallaşıblar.

Onların istisnasız olaraq, hamısı eyni tezisi təkrarlayırlar: "AŞPA insan haqlarını pozduğuna görə Azərbaycanı cəzalandırır!"

Əli Kərimlinin mənzildəki kiçik otaqda mobil telefonun kamerası qarşısındakı patetik ritorikası anlaşılandır: 21 ildir siyasi həyatın yan otağında qalan, rəhbərlik etdiyi təşkilatı partiya səviyyəsindən siyasi dərnək həddinə endirən, isterika və ucuz pafosu siyasi fəaliyyət hesab edən şəxsin lüğəti dəyişməyib.

Onun AŞPA-dakı səsvermə ilə bağlı şüarçılığını Gültəkin Hacıyevanın, daha sonra isə digər xırda və mikrosopik çaplı fiqurların təkrarlaması da gözləniləndir.

Bu adamların hamısı eyni məzmunlu təlimat aldıqlarından, sözləri, ifadələri, hətta mimikaları və jestləri də eynidir.

Təlimatı verənlər həmin şəxslərə ucuz virtual şouları zamanı fərqli ifadələr işlətməyi və bu minvalla müstəqil, spontan açıqlamalar verən siyasətçilər kimi görünməyi tapşırmadıqlarından operettanı xatırladan mənzərə alınıb.

İfaçıların librettoları eyni olduğundan, deyilənlər də fərqlənməyib.

Ümid edirik gələn dəfə sifarişçilər daha ağıllı davranarlar və primitiv icraçıların belə rüsvayçı şəkildə özlərini ifşa etmələrinin qarşısını alarlar.

Əks təqdirdə Əli Kərimli də, Gültəkin Hacıyeva da, Cəmil Həsənli də  - müxtəlif degenerat "müstəqil bloqer və siyasi fəal"ları hələ yada salmırıq - müstəqil və adekvat düşüncə sahibləri olmadıqlarından, şou təkrarlanacaq.

Elçin Alıoğlu
Milli.Az






Fikirlər