AŞPA sülh müqaviləsinə qarşı çıxır: Bakıya "cəza" tələbi sərt cavab alacaq

AŞPA-da Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qərarı, əslində, Cənubi Qafqazda sülhə və stabilliyə qarşı yönəlmiş çirkin oyunların tərkib hissəsidir. Nədir bu oyunlar?

AŞPA-nın dünən işə başlamış qış sessiyası zamanı Azərbaycanın bu qurum yanında daimi nümayəndəliyinin rəhbəri Səməd Seyidov vitse-prezident seçilib.

Assambleyada vitse-prezidentlər hər il sessiyanın ilk günü seçilirlər və onların sayı hazırda doqquzdur. Vitse-prezidentlər növbəti sessiyaya qədər vəzifələrində qalırlar.

Və elə dünən AŞPA-da Azərbaycanın nümayəndə heyətinin hüquqları ilə səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlmiş prosedur başlayıb.

Prosedurun təşəbbüskarı AŞPA-dakı sosial-demokratlar qrupunun rəhbəri, Almaniyanın təşkilatdakı nümayəndəliyinin lideri Frank Şvabbedir. O, ölkəmizi "müxalifəti təqib etmək"də və "Qarabağda insan hüquqlarını kütləvi şəkildə pozmaq"da suçlayıb.

Daha konkret olsaq, Şvabenin "ittihamları" belə olub:

1. Qarabağdan "erməni sakinlər zorakılıqla çıxarılıb"

2. 2023-cü ildə AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri azı 3 dəfə baş tutmayıb

3. Azərbaycan fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməyib.

Onun bu təklifi Assambleyanın azı 30 üzvü tərəfindən dəstəklənib.

Qaydalara görə, Monitorinq Komitəsi öz rəyini təqdim etdikdən sonra Assambleya 3 seçimdən birinə səs verəcək: nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməsi, təsdiqlənməməsi və ya nümayəndə heyəti üzvlərinin bəzi iştirak və ya təmsilçilik hüquqlarından məhrum edilərək, onların etimadnaməsinin təsdiqlənməsi.

Azərbaycan nümayəndə heyəti qərar qəbul olunanadək digər Assambleya üzvləri ilə eyni hüququ daşıyırlar, amma bu məsələdə səs verə bilməzlər.

AŞPA qaydalarına uyğun olaraq, qərardan şikayəti zaldakı deputatlar arasından ən azı 30 nəfər dəstəkləməli idi. Bu, baş verib. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib.

Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb.

"Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq", - o bildirib.

AŞPA-nın prezident komitəsi səviyyəsində qəbul edilmiş "cəza" qərarı sadəcə, qarabağlı ermənilərin "pozulan hüquqları" ilə bağlı deyil.

AŞPA-da Ermənistanı aşkar şəkildə dəstəkləyən qrupu narazı salan məqam Laçın yolunda ekoloji fəalların etiraz aksiyası və sonrakı dövrdə qurumun "müşahidəçi"lərinin həmin əraziyə buraxılmaması, habelə Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə AŞPA-nın müşahidəçilər missiyasının dəvət edilməməsidir.

Xatırladaq ki, 2014-cü ildən sonra analoji proseduru AŞPA-da Rusiyaya qarşı tətbiq etmişdilər. Sonrakı proseslər Avropa Şurası ilə Rusiya arasındakı münasibətlərdə çox dərin böhrana, 2022-ci ildə Rusiyanın AŞPA-nı tərk etməsinə səbəb oldu.

7 il əvvəl, 2017-ci ildə də AŞPA-da ölkəmizə qarşı aqressiv, qərəzli, subyektiv və genişmiqyaslı hücumlar olmuşdu.

Məqsəd Azərbaycanın bu strukturdan kənarlaşdırılması idi.

Reallıq budur ki, Azərbaycanın hazırda Avropada heç bir siyasi, geosiyasi və s. təsir imkanları olmayan Avropa Şurasına, habelə Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) ehtiyacı yoxdur.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları Səməd Seyidov, Sevil Mikayılova, Nigar Arpadarai, Rafael Hüseynov, Kamal Cəfərov və Könül Nurullayeva daxildir. Əvəzedici deputatlar isə Sevinc Fətullayeva, Erkin Qədirli, Tural Gəncəliyev və Pərvin Kərimzadədir.

Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməzsə və ya səsvermə hüququ süni səbəblərlə, uydurulmuş ittihamlar əsasında məhdudlaşdırılarsa, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması qaçılmaz və məqsədəuyğun addım olacaq.

Bundan başqa, Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması variantı da gündəmə gələ bilər.

Səbəblər trivaldır və üzdədir: AŞPA-ya üzv olandan bəri Azərbaycanın nümayəndə heyəti bu strukturda - əfsuslar olsun ki - fasiləsiz olaraq əsassız suçlamalarla, təqiblərlə və uydurma "təkid"lərlə qarşılaşır. AŞPA-dakı bir qrup deputat sanki Avropa Şurası ilə Azərbaycan arasında münasibətləri daim gərgin vəziyyətdə saxlamaq, imkan yaranarsa, ümumiyyətlə, əlaqələrin kəsilməsinə nail olmaq üçün bütün imkanlarını səfərbər ediblər.

Ölkəmizə qarşı xüsusi aqressiv və qərəzli münasibətləri ilə seçilənlər Fransa ilə Almaniyadan olan parlamentarlardır. Onlar suveren və müstəqil ölkə olan Azərbaycanın nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək, azərbaycanlı deputatları sadəcə müşahidə imkanları ilə məhdudlaşmağa vadar etmək istəyirlər.

İnsan haqları, demokratiya, açıq cəmiyyət və s. ifadələrdən köhnəlmiş klişelər qismində istifadə edən Fransa-Almaniya alyansının deputatlarının ölkəmizə qarşı irəli sürdükləri ittihamların tam əksəriyyəti, ümumiyyətlə, müzakirə və ya mübahisə predmeti belə sayıla bilməz.

"100 mindən artıq qarabağlı erməninin Azərbaycandan zorla çıxarılması" nə deməkdir? Axı Azərbaycanı könüllü tərk edərək, Ermənistana yollanmış qarabağlı ermənilər arasında kimsə (!) indiyədək onlara zor tətbiq olunduğunu, ev-eşiklərini məhz zorakılığa məruz qalaraq, tərk etdiklərini deməyiblər. Belədirsə, Fransa və Almaniyadan olan AŞPA mənsubları nəyə, kimə və niyə əsaslanaraq danışırlar - bəlli deyil.

Baş verənlərin bir adı var - Azərbaycandan qisas almaq. Bəli, məhz budur, çünki Azərbaycan ərazilərinin 20 faizinin 30 illik erməni işğalına məhz ordumuzun son qoyması, Xankəndidəki separatçı rejimin sonunun çatdırılması AŞPA-dakı erməni aşiqlərini əndişəyə salıb.

Bir qədər ştamp təsiri bağışlayan ifadələr təsiri bağışlasa da, belədir.

AŞPA-dakı deputatlara insan haqları və vətəndaş hüquqları, ərazi bütünlüyü və sərhəd toxunulmazlığı prinsipləri bu qədər dəyərlidirsə, erməni işğalının davam etdiyi 30 il ərzində həmin şəxslər niyə susdular, bir dəfə olsun belə, işğalçı Ermənistanın bəşəriyyətə və beynəlxalq hüquqa qarşı yönəlmiş cinayətlərindən bəhs etmədilər?

Azərbaycanın AŞPA-ya üzv olmasının əsas səbəbi ölkəmizin erməni cinayətlərinin qarşısını almaq üçün bu təşkilatdan dəstək almaq istəyi idi. Amma ümidlərimiz puç oldu, AŞPA-nın heç bir real siyasi qüvvəyə və nüfuza malik olmadığını gördük. Həddən artıq arxaik, bürokratikləşmiş, bir qrup dövlətin konyuktur maraqlarına xidmət edən AŞPA insan hüquqlarını yox, Avropanın inkişaf etmiş dövlətlərinin maraqlarını müdafiə edirdi və indi də etməkdədir.

AŞPA yenə də Azərbaycana qarşı marazmatik mövqe tutarsa, bu qurumu tərk etməliyik. Habelə, Avropa İnsan Haqları Məhkəməsində fəaliyyətimizi dayandıraraq, ölkəmizi sözügedən təşkilatın yurisdiksiyasından çıxara bilərik.

AŞPA-nı olduğundan artıq dəyərləndirməyək. Hazırda bu qurum Avropa Parlamentinə seçilə bilməyən avropalı deputatların yığışdığı strukturdur.

Bütün bunlarla yanaşı, AŞPA-da üzvlük Azərbaycanın xarici siyasətinin Avropa müstəvisinin ən önəmli istiqamətlərindən biridir.

Situasiyanı ciddi edən məqam isə Azərbaycana qarşı sanksiyaların qarabağlı ermənilərə görə nəzərdə tutulmasıdır. Yəni bizi etmədiyimiz əmələ görə "cəza"landırmaq istəyirlər və hadisələr Azərbaycanla Ermənistan arasında ikitərəfli, birbaşa danışıqlar fonunda baş verir.

Bakı İrəvanla ikitərəfli müzakirələrə başlayan kimi Fransa, Almaniya, Avropa Parlamenti və Avropa İttifaqı ölkəmizə qarşı təzyiqlərə, təxribatlara başlamışdılar.

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin davranışını izləməliyik. Əgər Nikol Paşinyanın Strasburqa yolladığı deputatlar Azərbaycana qarşı sanksiyaların lehinə səs verərsə, Bakı və İrəvan arasındakı danışıqlarda çox ciddi problemlər yaranacaq.

AŞPA-dakı erməni deputatlar səsvermədə bitərəf qalsalar, danışıqların uğurla davam etməsi ilə bağlı şanslar artacaq.

İstənilən halda Qərb gün keçdikcə Azərbaycanı özündən uzaqlaşdırmağa davam edir...






Fikirlər