Azərbaycana qarşı növbəti TƏZYİQ DALĞASINDA Kreml və SOROS izi
Aİ ilə Azərbaycanın yaxınlaşmasını istəməyən qüvvələr hərəkətə keçdi; 37 təşkilatın Brüsselə göndərdiyi məktubun arxasındakı gizli məqamlar Noyabrın 24-də Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərini sammiti öncəsi “Sərhədsiz Reportyorlar” Təşkilatı və daha 37 beynəlxalq hüquq müdafiə təşkilatı adından Avropa İttifaqına Azərbaycanla bağlı məktub göndərilib. Məktub müəllifləri Avropa İttifaqının liderlərini noyabrın 24-də Brüsseldə keçiriləcək sammitə qatılacaq Azərbaycan prezidenti İlham Əliyevə “ölkəsində insan haqlarına basqıları dayandırmaq üçün” təzyiq göstərməyə çağırıblar. Məktubda siyasi məhbusların, ələlxüsus müstəqil jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına, media azadlıqlarına hörmət edilməsinə və Xədicə İsmayıl kimi araşdırmaçı jurnalistlərə tətbiq olunan səyahət qadağalarının ləğv olunmasına çağırışlar yer alıb. Məktub müəllifləri həmçinin qeyd ediblər ki, Azərbaycan hökumətinin son illərdə atdığı addımlar Avropa ilə əməkdaşlıq ruhuna tamamilə zidd olub. Məktubda Azərbaycanda insan haqları, demokratiya və medianın durumu ancaq qara rəngdə verilib. Məktub başdan-ayağa Azərbaycan hökumətinə təzyiq edilməsinə çağırış üzərində köklənib.
Qeyd edək ki, Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının 6 qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa İttifaqı və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər. 2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir. Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Noyabrın sonunda prezident İlham Əliyevin Avropa İttifaqının baş qərargahının yerləşdiyi Brüsselə səfər edəcəyi açıqlanıb. Səfər zamanı əməkdaşlıq sazişi ilə bağlı önəmli yeniliklərin ola biləcəyi güman edilir. Ancaq Azərbaycanın bəzi rəsmiləri də deyib ki, sazişin bu il imzalanacağı gözlənilmir.
Ekspertlər isə hesab edir ki, Aİ ilə yaxınlaşma yüksələn xətlə getdiyi, Azərbaycan prezidentinin Brüsselə səfəri öncəsi sözügedən məktubun Avropa İttifaqına ünvanlanması Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını istəməyən qüvvələrin olduğunun bir daha sübut edir. Azərbaycana düşmən olan qüvvələr ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin gərginləşməsi üçün çalışırlar. Onların məqsədi heç də demokratiyanın və insan haqlarının qayğısına qalmaq deyil. Avropa İttifaqı üzrə siyasi ekspert Yeganə Hacıyeva da bu fikirdədir ki, Azərbaycanın Avropa ilə münasibətlərini gərginləşdirmək əsas məqsəddir: “Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı bu kimi çağırışlar daha öncələr də səslənmişdir. Bu kimi çağırışların hansı ərəfələrdə olmasına kiçik bir diqqət yetirsək əslində bu fəaliyyətin arxasında nələrin həyata keçirilməsi aydın olur. Məsələn, Azərbaycanın Avropa İttifaqı ilə "Yeni Qonşuluq Siyasəti" Proqramına daxil olması ərəfəsi, Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının qəbul olunması zamanı, Azərbaycan ilə Avropa İttifaqı arasında “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanması zamanı, Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi imzalanması zamanı bu cür müraciətlər, məktublar meydana gəlir.
İkinci qeyd etmək istədiyim məqam isə çağırışların təşəbbüsçüləri və həm müəllifləri haqqındadır. Bunun üçün məhz Avropa İttifaqı özünün formalaşdırdığı, özünün maliyyələşdirdiyi, Avropa İttifaqı ərazisində strateji və kəşfiyyat məsələləri üzrə ixtisaslaşmış qurumların hesabatlarına diqqət yetirək. Konkret olaraq məhz Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) kimi tanınan nüfuzlu bir Mərkəzin, Avropa İttifaqının siyasi qurumları və onların əməkdaşlıq etdikləri QHT şəbəkələri haqqında mütəmadi çap etdiyi hesabatları nümunə göstərə bilərəm. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) Avropa Şurası Parlament Assambleyasında Soros Fondunun maliyyələşdirdiyi və Avropa İttifaqının da müəyyən siyasi və iqtisadi məsələlərdə təzyiq vasitəsi kimi istifadə etdiyi, QHT-lərdən ibarət gizli şəbəkənin mövcudluğunu ifşa edən məruzənin ikinci hissəsinə və orada adı keçən QHT şəbəkəsinə diqqət yetirmək kifayətdir. Məhz noyabrın 24-də Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin sammiti öncəsi Azərbaycana təzyiq çağırışları etmiş 37 beynəlxalq hüquq müdafiə təşkilatlarının mütləq əksəriyyətinin adının bu hesabatda keçməsinin şahidi olacağıq". Ekspert açıqladı ki, həmin hesabata görə Avropa İttifaqı və Avropa Şurasındakı maliyyələşdirdiyi deputat və məmurların mövqeyi sayəsində, Soros Fondunun maliyyələşdirdiyi “Human Rights Watch”, Avropa Stabillik Təşəbbüsü (ESI), “Amnesty İnternational”, “İnsan Haqları Evi”, “Açıq dialoq” və sair kimi tanınmış QHT-lərin ölkəmizə qarşı fəaliyyətinin arxasında birmənalı Azərbaycanın Avropa İttifaqına yaxınlaşmasını istəməyən qüvvələrin sifarişi, münasibətlərin gərginləşməsinə xidmət edən fəaliyyəti dayanır. Bundan başqa, daha öncə də sübut olunub ki, Avropa təsisatlarında Azərbaycana qarşı bəyanatlar, qanun layihələri hazırlayan şəxslər həm də Kremlə gizli şəkildə bağlı olan sosialistlərdir. Kreml heç bir halda Azərbaycanın Aİ ilə yaxınlaşmasını istəmir. Yaxınlaşma baş verən ərəfədə Moskva öz əlaltıları vasitəsi ilə Azərbaycana qarşı Avropadan təxribatlar törədir və münasibətləri pozmağa çalışır.