"Türkiyə Avropa İttifaqına daxil olmaq üçün ya dinini dəyişməlidir, ya da..." — DEPUTAT
"Türkiyə bütün şərtlərə əməl etsə də, Aİ-yə üzv ola bilməyəcək" Bu sözləri Almaniya baş nazirinin köməkçisi və Sosial-Demokratlar Partiyasının lideri Sigmar Qabriel deyib. Sigmar Qabrielin sözlərinə görə, Türkiyə Avropa İttifaqı tərəfindən irəli sürülən bütün şərtlərə əməl etsə belə, yaxın 10-20 ilə ərzində İttifaqa üzv ola bilməyəcək, ancaq müzakirələr davam etdirilməlidir. Baş nazirin köməkçisi qeyd edib ki, Türkiyə edam cəzasını bərpa edərsə, bu, insan haqlarına zidd bir qərar olacaq və müzakirələri davam etdirmənin mənası qalmayacaq, Türkiyənin Avropa İttifaqına daxil olmaq şansı yoxdur. Almaniya baş nazrinin köməkçisinin səsləndirdiyi fikirlərə millət vəkili Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Ölkə.Az-da münasibət bildirib: "1990-cı ildən bu yana Azərbaycanda Türkiyə Avropa İttifaqının üzvü olacaq və bunun ardınca da Azərbaycanda İttifaqa üzv olacaq deyənlər var idi. Onların bir çoxusu hələ də parlamentimizdə otururlar. Onlara deyirdim ki, Azərbaycan kənara qalsın, Türkiyə heç bir zaman Avropa İttifaqının üzvü olmayacaq. Bizdə bir çox savadsız insanlar var, parlamntimizdə otururlar, NATO ilə Əməkdaşlıq şurasına gedirlər, ancaq bir şeyi qanmırlar ki, Avropa İttifaqı Roma Papasının istəyi ilə xristian dövlətlərinin birliyi kimi yaranıb. Xristian dövlətlərinin birliyində Türkiyənin adı yoxdur. Türkiyə Avropa İttifaqına daxil olmaq üçün ya dinini dəyişməlidir, ya da oraya heç vaxt daxil ola bilməyəcək. Dəfələrlə bir çox avropalı siyasətçilər ilə, xüsusən də, alman siyasətiçilərlə söhbət etmişəm. Onlar həmişə belə deyirdilər, indiki ağlımız olsa idi, heç bir zaman sosialist düşərgəsindən olan dövlətlərin heç də hamısını Avropa İttifaqına qəbul etməzdik. Biz onları NATO-ya üzv etməli idik, ancaq Avropa İttifaqına yox. Deyəndə ki, Türkiyəni Avropa İttifaqına qəbul etməyəcəklər, məni söyürdülər. İndi aldılar cavablarını. Hər hansısa bir siyasi proqnoz verəndə analiz edib vermək lazımdır. Bizim bəzi deputatlar deyirdi ki, NATO-ya daxil olacağıq. Bizim axı oturuşmuş ordumuz yox idi, necə NATO-ya qoşulacaqdıq? Ukrayna və Gürcüstanda Saakaşvili deyəndəki NATO-ya, Avropa İttifaqına daxil olacağıq, bu məndə istehzalı gülüş doğrururdu. İndi prosesləri özünüz görürsünüz".