“ƏLİYEV HƏTTA PUTİNİN DƏ DÜŞÜNMƏDİYİ ADDIMLARI ATDI...” – “Rusiya sülhməramlıları ona görə çıxdı ki...”
"Əvvəlki prezidentlərin hər biri bəlli bir yerdə dayandı, İlham Əliyev isə dayanmadı” Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə “AzPolitika”-ya müsahibəsinin ikinci hissəsində Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan sülh müzakirələrinin perspektivləri, qarşıdan gələn seçkilər, iqtidar-müxalifət münasibətləri ilə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik: (Müsahibənin əvvəli bu linkdə: https://azpolitika.info/?p=758282) - İqbal bəy, 10 noyabr razılaşmasından sonra Azərbaycanın suverenliyinin təmin edilməsi və baş verən digər proseslər həm də Paşinyanın hakimiyyətdə qalmasının nəticəsi kimi qəbul edilə bilərmi? - Elə deməzdim. Azərbaycanda müxtəlif vaxtlarda - Kamran Bağırovun, Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin, Heydər Əliyevin hakimiyyətdə olduqları dönəmlərdə Qarabağı işğaldan azad etmək şansları olub... - Rusiya ilə razılaşa bilməyiblər? - Fərq etməz, razılaşıblar və ya razılaşmayıblar, fürsətdən istifadə ediblər, ya etməyiblər. Hamısının dövründə şans olub. İlham Əliyev sadəcə olaraq bu şansları doğru dəyərləndirməyi bacardı. - Həm də geosiyasi şərtlərlərin təsiri var... - O dövrün geosiyasi şərtləri bəlkə bundan da yumşaq idi. 1991-ci ilin sonunda, mərhum Ayaz Mütəllibovun prezidentliyi dövründə Qarabağın komendantı general Vladislav Safonov idi. Həmin vaxt onlarla Qarabağı boşaltmağın qarşılığında nə qədər pul istədikləri, Azərbaycan vətəndaşlığı, o cümlədən deputat mandatı alacaqları ilə bağlı danışıqlar getdi. Azərbaycan tərəfi bir gecədə bunu təmin edə bilmədi. Belə şanslar Əbülfəz Elçibəyin də vaxtında olub. 15 avqust 1992-ci ildə Ermənistan parlamentinin 56 deputatı Azərbaycana sıfırdan başlamaq, müharibəni dayandırmaq, işğal olunmuş torpaqları boşaltmaq, sülh müqaviləsi imzalamaqla bağlı müraciət edib. 1994-cü ildə də imkanlar olub. Amma hər kəs bəlli bir yerdə dayanıb. İlham Əliyev isə dayanmadı. Hətta Putinin də düşünmədiyi addımları atdı. Bu gün “Qarabağ bizim deyil” deyən Paşinyan iki il əvvəl tamam fərqli fikirlər səsləndirirdi. Bu, Azərbaycanın yaratdığı reallıqlar idi. Şuşanın işğaldan azad olunmasından sonra keçirilən mətbuat konfransında Putininin sifətindəki mimika bugünkü kimi yadımdadı. O, çox dəhşətli bir təəccüb içərisində idi. “Azərbaycan Türkiyədən başqa kimsənin yanında deyil” - Hadisələrin növbəti mərhələsində İrəvanda daxili etirazların davam etdiyi şəraitdə Azərbaycanla Ermənistan arasında sülhə inanırsınız? Ermənistanda bunu həyata keçirməyə siyasi iradə varmı? - Ermənistanda siyasi iradə var. Ermənistan 3 şeyi çox ciddi şəkildə analiz edərək başa düşür və qəbul edir. Birincisi, Paşinyan hökuməti qəbul edir ki, Qarabağ məsələsi artıq keçmişdə qalıb. İkincisi, anlayır ki, mövcud Ermənistan sərhədləri çərçivəsində Ermənistan dövlətinin maraqlarını qorumaq üçün mütləq sülh lazımdır. Başa düşür ki, sülhə Cənubi Qafqazda bir dönəm yox, bütün dönəmlərdə mane olan yeganə faktor Rusiyadır. Buna görə də Ermənistan Rusiyanın bölgədən çıxmasında maraqlıdır. Üçüncüsü, Ermənistan Azərbaycan, Türkiyə və digər qonşularla sıfır problemin olmasını əsas vəzifə kimi qarşısına qoyub. Bilir ki, sülh müqaviləsi imzalamasa, Zəngəzur dəhlizi məsələsi onun üçün problem olacaq. Zəngəzur dəhlizi Azərbaycanın məsələsi deyil, heç Rusiyanın da məsələsi deyil. Hazırda Rusiyaya qarşı müharibə aparan böyük güclər növbəti mərhələdə hədəf kimi Çini götürəcəklər. Rusiyada Qərbyönümlü hakimiyyət formalaşandan sonra Çin bazarının dünya iqtisadiyyatına, maliyyə bazarına təsir imkanlarının azaldılması və ya nəzarətdə olması uğrunda ciddi mübarizə başlayacaq . Çindən üç yol çıxır - biri ənəvi Rusiya yoludur. Rusiyada qərbyönümlü hakimiyyət yaranarsa, yol bunların nəzarətində olacaq. İkinci yol Qırmızı dənizdən keçən yoldur ki, həmin bölgənin kimin nəzarətində olduğunu görürsünüz. Üçüncü yol Orta Dəhlizdir. Bu orta dəhliz Türküstandan, yəni Qazaxıstandan keçir, Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, oradan da Türkiyə və Avropaya gedir. Bu üç yol nəzarətdə olmalıdır. Ümumiyyətlə, dünyada gedən lokal və yaxud da böyük müharibələri qələbə ilə başa çatdırmağın birinci şərti logistik imkanları nəzarətə götürməkdir. Hətta müharibədə belə cığırları, yolları kəsmirsənsə, kömək, yardım imkanları açıq olursa, orada qələbədən söhbət gedə bilməz. Bu Orta Dəhliz açılmalıdır. Əsas faktor sülh müqaviləsinin imzalanmasıdır ki, hazırda bu mərhələ davam edir. Öhdəliklər əsasında çərçivə sazişi olacaq və ikinci mərhələdə kommunikasiyaların açılması məsələsi gündəmə gələcək. Kommunikasiyaların açılmasının iki şərti var: Sülh müqaviləsi çərçivəsində açılacaqsa, Zəngəzur dəhlizinin mühafizəsi Ermənistanın üzərində olacaq. Zəngəzur dəhlizi əlahiddə məsələ kimi müzakirəyə çıxarılacaqsa, Rusiya 10 noyabr sazişini ortaya qoyacaq və indi də qoyur. Amma Ermənistan çalışır ki, bu, olmasın. Bu günlərdə artıq Rusiya qoşunları, Federal Sərhəd Xidmətinin əməkdaşları Sünik vilayətindəki bir neçə ərazini tərk etdi. Ermənistan çalışır ki, sülh müqaviləsi imzalansın və kommunikasiyalar sülh müqaviləsi çərçivəsində açılsın - Qazaxdan, İcevandan, Bertdən, Tovuzdan, Göyçə ətrafından, Kəlbəcərdən, Daşkəsəndən, Gədəbəydən, Laçından, Gorusdan, o cümlədən də Mehri, Qubadlı, Zəngilan istiqamətindən. - Rusiyanın buna reaksiyası necə oalcaq? - Kommunikasiyaların açılması sülh müqaviləsi çərçivəsində olacaqsa, Rusiyanın müqavimət göstərmək imkanları zəif olacaq. Rusiya Azərbaycandan niyə çıxdı? Əsas şərt bu idi ki, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında gərginlik davam etdikcə xarici qoşunların Ermənistan ərazisinə gəlmək imkanları artır. Rusiya buna görə də gərginliyin mütləq dərəcədə azalmasında maraqlı göründü və ona görə qoşunlarını konfliktli zonadan geri çəkdi. İndi Rusiya başa düşür ki, sülh müqaviləsi çərçivəsinə mane olmağa çalışsa, həm Ermənistan daxilində, həm də xaricdə olan qüvvələri öz üzərinə çəkmiş olacaq və bu, Gümrüdəki 102-ci hərbi bazanın taleyini zərbə altında qoyacaq. Hərbi bazanın 2045-ci ilədək Ermənistanda saxlanması ilə bağlı müqavilə var və Rusiya istəyir ki, ən azı bu vaxta qədər qoşunlar orada qalsın. Hələlik dünya düzənində Rusiyanın və digərlərinin mövqeyi və yeri tam şəkildə aydın deyil. Bu gün postsovet ölkələri uğrunda böyük müharibə gedir, o cümlədən də dediyim Orta Dəhliz uğrunda. - Gürcüstandakı daxili qarşıdurma da bunun tərkib hissəsidirmi? - Təbii. Gürcüstanda oktyabr ayının 26-da baş tutacaq seçkidə müxalifətin qalib gəlmə imkanları böyükdür. Çox təəssüflər olsun ki, müxalifət bir məsələdə taktiki səhvə yol verdi. Enerjisini bu qanun çərçivəsində xərclədi. Bəlkə də 26 oktyabra o enerji, emosiya ilə getmək imkanlarını bir az azaltdı. Bəlkə də səhv edirəm, artırdı. Lakin əsas məsələ budur ki, bütün proseslər 26 oktyabrda keçiriləcək seçkidə hansı koalisiyanın və yaxud da kimin qalib gələcəyinə bağlı məsələdir. Rusiya da bunu hesablayır. Oradakı mövcud hakimiyyət devirilərsə, avropayönümlü müxalifət proseslərin içərisinə daxil olarsa, Rusiyanın Cənubi Qafqaza yolu bağlanır. Artıq Ermənistana təsir etmək imkanları sıfıra bərabər olacaq. Bəzən deyirlər ki, Azərbaycan Rusiyanın yanındadır. Azərbaycan Türkiyədən başqa kimsənin yanında deyil. - Qərbyönümlü qüvvələr Qafqazda indiki balansı poza bilərmi? - Heç bir balans pozulmayacaq. Niyə? Əvvəla onu qeyd edim ki, bir neçə ay bundan əvvəl ABŞ-də nazir Hakan Fidanla Entoni Blinken arasında strateji müttəfiqlik haqqında müqavilə imazlandı. Həmin müqavilənin bir bəndində qeyd olunurdu ki, Cənubi Qafqazda sülhün və barışın təminatçısı kimi hər iki tərəf öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. - Türkiyə rəhbərliyi də çox tez-tez bu müqaviləni gündəmə gətirir... - Bəli, özü də ən yüksək səviyyədə. Bu isə o deməkdir ki, ümumi Cənubi Qafqaz siyasətində Türkiyə harda olacaqsa, Azərbaycan da orada olacaq. Türkiyə bu gün hardadır? Qərblə bir yerdədir. Bu gün dünyada iki koalisiya var. Birinci koalisiyada ABŞ, Böyük Britaniya, Türkiyə, İsrail, Yaponiya, Cənubi Koreya və bunların müttəfiqləri yer alır. Azərbaycan Türkiyə ilə müttəfiqdir. İkinci koalisiyada isə Avropa Birliyi və Fransa var. - Azərbaycan həm də öz maraqlarına uyğun müstəqil oyununu oynamaq istəyir... - Öz oyununu oynamaq istəmir. Azərbaycan çox bacarıqla özünü heç kimdən asılı olmayan kimi göstərib, prosesləri öz bildiyi çərçivədə tənzimləyir. Hazırda doğru olan da budur. Əgər Cənubi Qafqazda Rusiyanın regiondan çıxmaq faktoru olsa, kim qazanmış olacaq? Turan Birliyi və Türkiyə, o cümlədən də sabah böyük dünya savaşında Çinlə üz-üzə dayana biləcək Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniya. Vaxtilə Böyük Britaniyanı Avropa Birliyindən çıxmağa məcbur edən ölkə elə ABŞ olub. Bəzən Azərbaycanın Yeni Kaledoniyada baş verən hadisələrə müdaxiləsi, Ada dövlətlərinə dəstək fondunun yaradılması və s. məsələlərə ironiya ilə yanaşırlar və deyirlər ki, Azərbaycan niyə öz işi ilə məşğul olmur. Baxın, 11 aprel 2023-cü ildə Makron Çinə səfər edir. Çində Tayvanla bağlı bəyanat səsləndirir ki, “biz bu məsələdə Çinin yanında olacağıq”. Qayıdan zaman isə təyyarədə deyir ki, “Fransanın öncəliyi Avropa Birliyini üçüncü güc mərkəzinə çevirməkdir”. ABŞ isə üçüncü bir güc məkəzi istəmir. ABŞ Avropanı qarşısında yox, yanında görmək istəyir. İndi özünüz nəticə çıxarın, Azərbaycan kimin yanındadır? - Amma biz Azərbaycanla Qərb arasında gərginliyin olduğunu da görürük. Bu gərginlik nə ilə nəticələnəcək? - Hesab edirəm ki, tərəflər bir-birinə güzəştə gedəcək. - Bizim güzəştimiz nə ola bilər? - Bizim güzəştimiz keçiriləcək seçkilərdə bir qədər fərqli mövqe nümayiş etdirmək, COP-29 öncəsi böyük amnistiyalar və ya əfv sərəncamı, Ermənistanla sülh müqaviləsi, Paşinyanın COP29-a dəvəti ola bilər. Avropa Birliyi isə öz növbəsində Azərbaycanı AŞPA-ya qəbul edə, sanksiyaları gündəmdən çıxara, bizimlə fərqli münasibətlər qura bilər. “Bir insan Harvard universitetini bitirib, gəlib burada rüşvət alırsa...” - Belə çıxır ki, seçkiyə ümidiniz böyükdür. - Mən ümidimi heç vaxt belə şeylərə bağlamıram. Sadəcə, gedən proseslərə ümidim var. Prezident də 2024-cü ilin yanvarında jurnalistlərə müsahibəsində bildirdi ki, “heç kim qələbəni istismar etməməlidir, yeni bir dövr başlamalıdır”. Prezident seçkiləri təyin olunan gün mənə prezidentlə bağlı sual vermişdilər. Demişdim ki, bu gün İlham Əliyevə rəqib olmaq çox çətindir və bir az da mümkünsüzdür. Bilirsinizmi, bizim insanın demokratiyaya, azad sözə, seçkiyə, yaşam tərzinə münasibəti fərqlidir. İnsanımız Qarabağa bağlı olduğu qədər sadalananlara bağlı olmayıb. Bizim insan torpağa daha çox bağlıdır. Demokartiya əvvəlki önəmini çoxdan itirib. İndi demokratiya Qərbdə düşüncə, yaşam tərzi, vərdişlərdir. Bizim düşüncəmizdə, vərdişlərimizdə, yaşam tərzimizdə problemlər var. - Problemin olmasının əsas səbəbi də demokratik inkişafın ləngiməsidir… - Belə deyək, hakimiyyətin sistemli, ardıcıl bir istqamətdə insanları demokratiyaya hazırlamaq istəməməsidir. Digər tərəfdən, indi yetişən, xaricdə təhsil alan, savadlı nəsil özü ilə bərabər yeni ənənələr gətirə bilmədi. Bir insan Harvard universitetini bitirib, gəlib burada rüşvət alırsa, söz azadığına, insan haqlarına münasibəti ənənəvidirsə, onun durumu Bakı Dövlət Universitetində oxuyan tələbədən daha pisdir. - Rüşvət almayanlar da ölkədən gedir… - Bir az bu şeylərə dəyişiklik etməliyik. Prezidetin həmin mesajında bunu gördüm. Bəlli bir yerə qədər gedilə bilər. - Bəlli yer haradır? - Söhbət parlamentdə 3, 5, 7 söz deyənin olmasından daha çox, hansı təşkilatın, fikir, söz, mətbuat azadlığının olmasından gedir. - Parlament siyasi sistemdə öz mahiyyətini bərpa edə biər? - Elə bərpadan söhbət gedir. Yoxsa, orda olanlar da danışa bilər, problemləri qaldıra bilər. Qaldırırmı? Yox! - Bu, birbaşa seçki institutuna münasibətlə bağlıdır. Təəssüf ki, seçki institutlarının formalaşdırdığı dövlət-hakimiyyət institutları mötəbər deyil… - Hakimiyyət bu yükü öz üzərindən atmalıdır. Normal hakimiyyətlər belə edir. Yükü verir seçkili orqanlara. Bu gün hakimiyyət güclüdür. İlham Əliyevin şəxsi nüfuzu yuxarıdır. Nə etməlidir? Bələdiyyələrin səlahiyyət dairəsi artmalıdır. Yerli insanları narahat edən problemlər bələdiyyələrə verilməlidir. Bizdə bu problemləri hökumət öz üzərinə çəkir. Bu, ziyanlı tendensiyadır, nəticələrini də görmüşük. Məsələn, Ermənistanda Ter-Petrosyan, Serj Sarqsyan, Robert Koçaryan və digərləri - bunlar kimlərdir? Bunlar “Böyük Ermənistan” arzusunu gerçəkləşdirən, Azərbaycan torpqalarını işğal edən, Qarabağı Ermənistana birləşdirən, 30 il imperiya quran adamlar idi. Bu gün bu adamların ictimai rəydəki nüfuzları yerlə birdir. Prezdient bunları görür və bilir ki, qələbəni istismar etmək olmaz. Olarsa, məğlubiyyətə çevrilə bilər. - Sizcə, yeni parlament seçkiləri nə vaxt keçiriləcək? - Mən sentyabr ayından gec olacağını düşünmürəm. - Parlamentin palitrası dəyişə bilərmi? - Parlamentin palitrasında dəyişim mövcud siyasi qüvvələrin böyük əkəsriyyətinin orada az-çox təmsilçisinin olmasından asılıdır. - Məsələn, Müsavat Partiyasının təmsilçisi olacaqmı? - Gözləyirəm. - İsa Qəmbər ola bilərmi? - Fərdiləşdirə bilmərəm. Çünki İsa Qəmbərin imkanlarını bilmirəm. Lakin hökumətin Müsavata münasibəti olduqca müsbətdir. Bizdən də müsbətdir. - Bəs digər partiyalar? Məsələn, Xalq Cəbhəsi? - Xalq Cəbhəsinə partiya olaraq münasibət o qədər də müsbət deyil. - Bəs hökumət öz kontingenti ilə bağlı nə qərar verəcək? Keçən seçkidə xeyli sayda gənc deputat seçildi, amma onların fəaliyyyətini heç kim görmədi… - Biz bilmirik, onların bu fəaliyyəti hökumtə belə lazım idi, yoxsa, yox. Bu, hökumətə ünvanlanmalı olan sualdır. Mən bilmirəm onların üzərinə hansı məsuliyyət qoyulmuşdu. Əminəm ki, onlara desəydilər ki, hər gün orada danışmaq laızmdır, onlar danışacaqdılar. Orada proses “sən danış”, “sən danışma” şəklində gedir. Komanda var və hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bəzən deyirlər ki, yaşlılar gedəcək, gənclər gələcək. Buna inanmıram. Çünki siyasət və parlament yaş prizmasından daha çox təcrübə, proseslərə, ictimai rəydə insanlara təsir imkanlarına dayanır. Təsəvvür edin, ən yaşlı hakimyyət nümayəndəsi ilə xaricdə təhsil almış, ingilis dilini bilən bir gənci hansısa kəndə göndərirlər. Sizcə, kənd sakinləri, yəni, seçicilər kimin təsiri altında olacaq? Bu, ritorik sualdır. Hakimiyyət də bunu bilir. - Biraz da sanki siyasi düşmənçilik məsələsi var… - Fərdi düşmənçilik deyərdim. Məsələn, böyük öndər Məhəmməd Əmin Rəsulzadə partiyalar tərəfindən mənimsənildi deyə, hakimiyyət ona sahiblikdən geri çəkilib. Əgər müxalifət Rəsulzadəyə sahib çıxmamış olsaydı, hakimiyyət çıxacaqdı. Rəsulzadə kimin istəyib-istəməməsindən asılı olmayaraq hər kəsin qəlbindədir. Hakimiyyət Heydər Əliyevə sahib çıxır. Əmin edirəm ki, hakimiyyətin bu siyasəti olmasa belə, cəmiyyətin əksər hissəsi onu qəbul edir. Burada yanaşma bəzən qüsur doğurur. Bu qüsur isə yavaş - yavaş əks qütbləşmə yaradır. Bu istiqamətdə yeni siyasət lazımdır. Məsələn, Cümhuriyyət qurucusuna anıt qəbir düzəltmək, bir abidə yaratmaq olardı. Biz nədənsə, ancaq tariximizi silməklə məşğuluq. Bu cəmiyyətdə tarixi şəxsiyyətlərlə bağlı heç vaxt yekdil bir münasibət olmayıb. Götürək elə Şah İsmayıl Xətaini. Bir qrup üçün qəhrəmandır, bir qrup üçün şiədir, bəziləri türk düşməni adlandırır, hətta kürd deyənlər belə var. Koroğluya da, Nəbiyə də, Həcərə də, Rəzulszadəyə də, Elçibəyə də, Heydər Əliyevə də münasibət düzgün olmalıdır. Bu yanlışlıqları aradan qaldırmaq lazımdır.