“RUSİYA ELƏ BİLİRDİ Kİ, AZƏRBAYCAN HEÇ VAXT ŞUŞANI ALA BİLMƏZ...”

Ümid Partiyasının sədri, keçmiş millət vəkili İqbal Ağazadə “AzPolitika”-ya müsahibəsində Rusiyanın Xankəndində konsulluğunun açılmasına dair bəyanatları, Moskvanın Cənubi Qafqaz siyasəti, eləcə də regionda və dünyada gedən digər proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibənin birinci hissəsini təqdim edirik:

- İqbal bəy, əvvəlcə Rusiyanın Xankəndində konsulluq açmaq niyyəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Bu niyyətin elan olunması aydın səmada ildırım çaxmasına bənzədi. Çünki sülhməramlılar ölkədən gedib, Qarabağda nə erməni, nə də Rusiya vətəndaşları yoxdur, ona görə də konsulluğun açılması ilə bağlı Vyana Konvensiyasında nəzərdə tutulan əsaslar mövcud deyil. Amma Rusiya rəsmilərindən son olaraq Xarici işlər nazirinin müavini Qaluzin də dedi ki, bu barədə Azərbaycan rəsmiləri ilə müzakirələr aparırılar. Sizcə, məsələnin mahiyyəti nədən ibarətdir?

- Rusiya regiondan çıxmadığının və Qarabağın hələ də onun təsirində ola biləcəyinin mesajlarını verir. Kreml bu mesajları bu gün üçün vermir.

Vyana Konvensiyasının tələblərinə görə, konsulluq açılması üçün fərqli şərtlər lazımdır. Bu şərtlərin heç biri Xankəndinə uyğun gəlmir. Məsələn, Azərbaycanın Təbrizdə konsulluğu var. Niyə var, hər kəs bilir. Yaxud da Azərbaycanın İstanbulda konsulluğu var.

- Sankt-Peterburqda, Yekaterinburqda da var. Yəni, azərbaycanlılar yaşayan yerlərdədir konsulluqlar...

- Bəli, bu, olduqca ciddi məsələdir. Rusiyanın isə bölgəyə heç bir bağlılığı yoxdur və o cümlədən hələ orada əhali məskunlaşmayıb. Orada konsulluğun açılması bəlkə də “Türkiyənin Şuşada konsulluğu açılacaq” bəyanatına və Azərbaycanın buna münasibətinə cavab idi ki, “mən də regionda varam”.

Prosesin ciddi olacağını və ya gələcəkdə bunun gerçəkləşəcəyini güman etmirəm. Azərbaycan tərəfi bu məsələdə susur və doğru edir. Susmaq bugünkü reallıqlar çərçivəsində ən doğru qərardır. Çünki münasibətləri gərginləşdirməyin heç bir mənası yoxdur.

- Biz ancaq rəsmi bəyanatları görürük, onlar da bəzən çox gecikir, bəzən də heç olmur. Rəsmi bəyanat var ki, artıq Xankəndindəki düşərgə bağlanıb. Amma bunun ardınca Qriqori Karasin və Qaluzin  konsulluq məsələsini ortaya atmaqla qeyri-müəyyənlik yaratmağa çalışırlar. Sizcə, Rusiyanın ümid etdiyi geosiyasi proseslərin fonunda qarşıda hansı hadisələri görə bilərik?

- Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanın taktikası doğrudur. Həm daha dərin məlumatların verilməməsi, həm də bəzi şeylərə sərt yanaşma...

- Niyə?

- Çünki Rusiyanın taleyi hələ bəlli deyil və Moskva bu gün faktiki olaraq postsovet ölkələrinə qarşı çox sərt münasibətdədir. Çox təəssüflər olsun ki, politoloq adına, ekspert adına belə şərhlər verirlər ki, Rusiyanın Cənubi Qafqaz siyasəti dəyişib, qərara alıb ki, Azərbaycanla xoş münasibətdə olsun, Türkiyə - Azərbaycan münasibətləri çərçivəsində yeni mərhələ qurulsun və s. Bu fikirlər yanlışdır. Putin də, onun çevrəsi də, Rusiyanın səlahiyyətli nümayəndələri də postsovet ölkələrinin hamısını özlərinin əraziləri hesab edirlər və bu ölkələrin müstəqilliyini demək olar ki, qəbul etmirlər. Rusiyanın dini və milli nöqteyi-nəzərdə ən böyük qardaşlığı, bağlılığı Ukrayna və Belarus xalqları ilədir. Rusiya bu gün bu xalqların müstəqilliyini həzm edə bilmirsə, məntiqlə Azərbaycanın və ya digərinin müstəqilliyini niyə həzm etsin və yaxud da onları öz torpağı hesab etməsin? Rusiyanın bugünkü dönəmdə aqressiv siyasət yürütmək imkanlarını nəzərə alaraq, Azərbaycan tərəfi həm informasiya, həm təhlil nöqteyi-nəzərdən bir az xəsislik etməlidir. Bu da rəsmi qurumlara aiddir. Hökumət bu istiqamətdə ölçülü-biçili addımlar atmalıdır. Çünki Rusiyanın edə biləcəklərinin sərhədləri bəlli deyil.

- Regionda Türkiyə faktorunu və müharibədən dolayı Rusiyanın imkanlarının məhdudlaşdığını nəzərə alsaq, həmin aqressiv təsirlər indiki dövrdə nə dərəcədə realdır?

- Çox realdır. Yeni müharibənin baş verməməsi və ya Rusiyanın Cənubi Qafqazda aqressiv addımlar atmaması üçün tək Türkiyə faktoru yetərli deyil. Necə ki, Ukraynaya müdaxilənin qarşısını almaqda tək ABŞ və Avropa Birliyi faktoru yetərli olmadı. Ukraynada müharibə başladısa, torpaqları zəbt olunursa, işğal davam edirsə, gündə hər iki tərəfdən minlərlə insan ölürsə, şəhərlər dağılırsa, dinc əhali köçürsə, deməli, tək Türkiyə Azərbaycanın təhlükəsizliyi üçün yetərli olmaya bilər. O cümlədən, Ermənistan və digərləri üçün də bu faktor yetərli deyil. Çünki Rusiya bu gün dünyanı nüvə silahı ilə təhdid edir. Rusiya Azərbaycan kimi kiçik və yaxud da Türkiyə kimi NATO-nun bir üzvü olan ölkəni yox, bütövlükdə dünyanı, bütöv Avropanı təhdid edir. Hətta animasiya filmləri də göstərirlər ki, nüvə zərbəsindən sonra ABŞ-nin, Böyük Britaniyanın ayrı-ayrı şəhərləri neçə dəqiqə ərzində məhv olacaq.

- Amma bu əzələ nümayişində bir az da blef var...

- Əslində bu, bir az da qorxu nəticəsində risklərin artdığının göstəricisidir. Bütün risklər nə zaman artır? O zaman artır ki, insan təhlükə hiss edir. Bu gün Rusiya təhlükə hiss etdikcə, təhlükənin riski artdıqca, təbii ki, Putinin də, Rusiyanın da edə biləcəkləri çox şeylər ortada ola bilər. Ən azı, biz yaxın zamanlarda Ukrayna ərazisində tətbiq olunacaq Qərb, NATO silahlarının nəticələrini görmüş olacağıq. Çünki artıq hədələmələr başlayıb ki, ballistik raketlər Avropanın şəhərlərinə düşə bilər. Demirəm ki, Rusiya nüvə silahı tətbiq edəcək, amma taktiki nüvə silahının istifadəsi Rusiya üçün son variantlardan biridir. Buna görə də təkcə güclü Türkiyənin olması Azərbaycanın təhlükəsizliyi üçün təminat deyil. Çünki bu istiqamətdə çox böyük boşluqlar var. Bilirsiniz ki, Türkiyə ilə Rusiya bir neçə mərhələdə üz-üzə gəliblər. Suriyada, Liviyada, rus diplomatın öldürülməsi məsələsində, Qara dəniz böhranında və s. Bunun çoxu tərəflərin heç birinin güzəştə getməməsi, əksinə, mövqelərində sabit qalması və yaxud da bir-birinin maraqlarının qorunması baxımından həll olunan məsələlərdir. Heç birində qarşıdurma müstəvisinə keçməyiblər. Məsələn, Suriyada nə Türkiyə geri çəkilmədi, nə də Rusiya. Amma bir-birilərinin maraqlarını da təhdid etmədilər. Əlbəttə, burada Türkiyənin dövlət kimi də maraqları var. Bu maraqlar çərçivəsində Azərbaycan naminə bir qədər irəli gedilə bilər.

Qeyd etdiyim kimi, Rusiya öz siyasətinin aqressiv dönəminə daxil olub. Rusiya o dərəcədə aqressivdir ki, gecənin birində Ermənistanda da, Gürcüstanda da hər hansı proseslər baş verə bilər.

- Ermənistan Rusiyadan 70-80 faiz iqtisadi asılılığı olan bir ölkədir. Sərhədlərini də, hava məkanını da Rusiya qoruyur, orada hərbi bazası da var. Amma biz Paşinyan hökumətinin öz müttəfiqinin aqressiyasını nəzərə almadan ardıcıl anti-Rusiya xəttindən çıxış etdiyini görürük...

- Bu gün Rusiyanın Ermənistandan daha çox asılılığı var. Çox təəssüf ki, bunu da ekspertlər, jurnalistlər nəzərə almırlar. Rusiya neftinin ikinci ən böyük çıxış məkanı Hindistandır. Hətta bu gün 7-8 milyard barrel neftin Hindistan sərhədlərində olduğu və bundan əvvəl də bu qədər neftin satıldığı barədə informasiyalar var. Bu pulların yüzdə yüzü Ermənistan üzərindən ya silah şəklində, ya da pul şəklində Rusiyaya qayıdır.

- Bunlar təsdiqlənmiş məlumatlardır? 

- Bunu prosesləri izləyən hər bir siyasətçi bilə bilər. Hindistan Ermənistana silah satır. Bu silahlara verilən pulların miqdarı büdcədə nəzərdə tutulmayan böyük vəsaitlər idi. Hindistanla Rusiya arasındakı müqavilənin icrası bir qayda olaraq rupi üzərindən olub. Bu, harada gerçəkləşirdi? Rusiya rupini gətirdi və neynədi? Demək, rupi gəlmir. Beynəlxalq hesabatların birində Ukraynaya qarşı işlədilən silahlarda nə qədər Hindistan istehsallı vasitələrin, yedəklərin olduğu barədə məlumatlar var.

- Bəs Qərb niyə buna göz yumur?

- Qərbin burada ikili yanaşması var. Qərb Ermənistanın əsas xəttinin Rusiyadan ayrıla biləcək imkanları nəzərə alaraq, bəzi məqamlarda onun bu yolla dirçəldilməsi və bu istiqamətdə qazanacağının maksimumunu əldə etməsi üçün şərait yaradır. İkincisi, Rusiya ilə bütün yollar qapadılmayıb. Gəlin etiraf edək ki, bu gün təkcə elə Çindən Avropaya Rusiya - Belarus dəmiryolu vasitəsilə gedən malların həcmi 35 faiz azalıb. Amma digər ölkələr yenə də həmin yollarla mal aparırlar. Rusiya bütövlükdə blokadaya alınmayıb, bütövlükdə iqtisadi sanksiyalara məruz qalmır. Rusiyanın bəlli açıq sahələri var. Rusiya Avropanın ümumi xammal ehtiyatlarının 65 faizini öz ərazisindən təmin edirdi, indi bu göstərici 42 faizdir. Yəni, çox az, cəmi 23 faiz miqdarında azalmalar var. Bu gün Ukrayna ərazisindən keçən qaz kəməri ilə Avropaya mavi yanacaq ötürülmürmü?

- Ötürülür, amma həcmi azalıb.

- Bəli. Yəni, bu azalmalar var, lakin bütövlükdə Rusiya bu məsələlərdən kənarlaşdırılmayıb. Ona görə də Ermənistan üzərindən daşımalar bu istiqamətdə açıq saxlanır və onun iqtisadiyyatında, maliyyə bazarında pulun bölüşdürülmə məsələlərinə baxanda çox aydın görürsən ki, bu pullar silahlarla əvəzləşdirilib.

- Rusiyapərəst qüvvələr Paşinyanı devirməyə çalışır. Açıq-aydın görünür ki, Rusiyanın ənənəvi müttəfiqləri - kilsə, hazırkı müxalifət, diasporun bir hissəsi bu işə cəlb olunub. Bu prosesdən nə gözləyirsiniz?

- Əvvəla onu qeyd edim ki, Rusiya Paşinyan üzərində 1992-ci ilin Yeltsin ssenarisini gerçəkləşdirməyə çalışır və 2020-ci ildəki hadisələri əslində bu ssenari üzərində düşünmüşdülər. Yeltsin-Ter-Petrosyan ssenarisini, Putin-Paşinyan ssenarisinə çevirməyə çalışdılar. Yeri gəlmişkən, bu ssenaridən birinci dəfə Qorbaçov istifadə etmişdi. 1991-ci ilin 17 martında SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirildi. Bilirsiniz ki, bu referendumun keçirilməsi ilə bağlı yerli məclislər qərar verməli idi. Ermənistan parlamenti SSRİ-nin saxlanılma referendumuna “yox” dedi və onu boykot etdi. Azərbaycan tərəfi isə referendumda iştirak etdi. Təxminən 93 faiz səs çoxluğu ilə Azərbaycan SSRİ-nin saxlanılmasına səs verdi. Bunun əvəzində Qorbaçov Azərbaycana yönəlik bir addım atdı. Azərbaycanın o dövrdəki xüsusi təyinatlı polis dəstəsi olan “OMON”a Dağlıq Qarabağ ərazisində antiterror tədbirləri keçirməyə icazə verdi. Aprel ayında bu antiterror tədbirləri başladı, bizim məşhur Çaykənd, Buzluq, Mənəş, Erkəc kəndləri, o cümlədən Xocalı aeroportunun götürülməsi və uçuşlara nəzarət, Milli Qəhrəman Əlif Hacıyevin ora komandir təyin olunması baş verdi. Çox təəssüf ki, o dövrdə - 21 May 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi beynəlxalq ictimaiyyətə müraciət edən bir bəyanat qəbul etdi.

- Nə bəyanat idi?

- Bəyantda deyilirdi: “Dağlıq Qarabağdan ziddiyyətli xəbərlər gəlir. Dinc əhali arasında ölən və yaralananlar var. Bu halı qətiyyətlə pisləyirik və bunun durdurulmasını istəyirik”. Ardınca da qeyd olunurdu ki, “biz bilirik ki, bu antiterror tədbirlərinin həyata keçirilməsi heç də Azərbaycanın hüquqlarının müdafiəsi üçün deyil, Ermənistanda demokrat Ter- Petrosyanı kommunistlərlə əvəz etmək üçündür”.

Səhv etmirəmsə, III İnternasionalın qurultayında bir qrup azərbaycanlı siyasətçisi tərəfindən bu bəyanat təqdim olundu və İnternasional da Qorbaçova müraciət etdi. Bir iyunda hücumlar dayandı. İkinci prosesə gəlincə, Mütəllibov hakimiyyətə qayıda bilmədikdən sonra Azərbaycanda 7 iyunda prezident seçkiləri keçirildi. 12 iyun 1992-ci ildə Azərbaycan əks-hücum əməliyyatı ilə torpaqlarını işğaldan azad etməyə başladı və 6 iyul 1992-ci ildə Ağdərəni işğaldan azad etdi. Bu zaman demokrat Ter-Petrosyan üzünü Qərbə tutmuşdu. Belə vəziyyətdə 13 iyul 1992-ci ildə Ter-Petrosyan Moskvaya səfər etdi və Rusiya ilə Gümrüdə rus qoşunlarının yerləşdirilməsi ilə bağlı razılıq bəyanatı imzaladı. 21 avqust 1992-ci ildə rus qoşunları Gümrüdəki hərbi bazasını təşkil etdi və Azərbaycan torpaqlarının işğalı başladı. Beləliklə, rus siyasətinin Cənubi Qafqazda yeni dönəminə start verildi.

2018-ci ilin may ayında Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Rusiya tərəfindən eyni ssenarilər oynanılmağa başlandı. Paşinyan Rusiyadan uzaqlaşmağa çalışdı, Azərbaycan sərhədindəki təxribatlardan, 2020-ci ilin 12-14 iyununda Tovuz hadisələri, mərhum generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir qrup hərbçimiz şəhid edildikdən sonra xalqın meydana çıxması və 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatlarının başlaması baş verdi. Çox ümid edirdilər ki, Paşinyan bir yerdə dayanıb biət edəcək. Oktyabrın 20-sində, 27-sində Mirzoyanla Lavrov arasında baş tutmuş görüşlərdə də Paşinyan mövqeyindən geri durmadı. Burada Rusiya sadəcə olaraq Azərbayanın hərbi gücünü, cəsarətini, imkanlarını düzgün ölçə bilmədi. Rusiya elə bilirdi ki, Azərbaycan heç vaxt Şuşanı ala, irəli gedə bilməz.

- Türkiyənin dəstəyinin səviyyəsini də proqnozlaşdıra bimədi?

- Türkiyənin dəstəyini proqnozlaşdırmışdı, sadəcə, Azərbaycan tərəfinin bu dərəcə israrlı və hazır olduğunu bilmirdi. Kəşfiyyat məlumatları olduqca zəif idi. Azərbaycanın Şuşanı alması prosesi bir gecənin içində dəyişdi və Gümrüdəki hərbi baza hərəkətə keçdi. Saziş imzalanmamışdan əvvəl rus qoşunları Azərbaycan sərhədinə doğru irəliləyirdi. Burada 1991-ci il Qorbaçov, 1992-ci il Yeltsin variantlarının heç biri işləmədi. Paşinyan geri durmadı. Rusiyanın inadına 2021-ci ilin iyununda növbədənkənar seçki keçirildi və o, qalib gəldi...

(Davamı olacaq)

 

 






Fikirlər